Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyəti Nazirliyin tabeliyində DOST Agentliyinin təşkil etdiyi “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə iki ölkə arasında münasibətlərin daim inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldiyini, sosial sahədə də uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Bu ilin sentyabr ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Birgə Daimi Komissiyanın Ankara şəhərində keçirilmiş 12-ci iclasının iki qurum arasında əlaqələrin daha da genişlənməsinə şərait yaratdığı bildirilib. Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları, DOST konsepsiyası, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri qeyd edilib.
Ahmet Aydın ikitərəfli əməkdaşlığın daim inkişaf etməkdə olmasından məmnunluğunu ifadə edib, əlaqələrin genişlənməsi üçün səylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq, “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün” adlı beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
M.Kamal
XQ


