Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən onlayn formatda “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda vebinar keçirilib.
Qurumdan XQ-ə verilən məlumata görə, vebinar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli “İnformasiya Təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında” Qərarının icrası çərçivəsində təşkil olunub. Tədbirin məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə praktik yanaşmaların təqdim edilməsi olub.
Vebinar zamanı informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması qaydası, təhdidlər və həllər kataloqu, həmçinin Rəqəmsal Risk Reyestri platforması barədə təqdimatlar keçirilib.
Tədbirdə 100-ə yaxın dövlət qurumundan ümumilikdə 110 nümayəndə iştirak edib. Vebinar çərçivəsində informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması ilə bağlı praktiki yanaşmalar təqdim olunub.
Qeyd olunub ki, dövlət informasiya resurslarının qorunması və kibertəhlükəsizlik mühitinin gücləndirilməsi məqsədilə informasiya təhlükəsizliyi risklərinin vahid yanaşma əsasında idarə olunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları arasında koordinasiyanın və metodoloji yanaşmanın gücləndirilməsi prioritet məsələlərdən biridir.
Qeyd edək ki, cari ilin 27 fevral tarixində XRİTDX tərəfindən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda geniş tədbir keçirilmişdir. Keçirilmiş vebinar həmin tədbirin davamı olaraq təşkil olunub və bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.




