Naxçıvanda Daxili Qoşunların yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

post-img

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov iştirak edib.

Tədbirdən əvvəl Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilova Naxçıvan Daxili Qoşunlarının hərbi hissəsi barədə məlumat verib.

Səlahiyyətli nümayəndə şəxsi heyəti salamladıqdan sonra hərbi hissənin Xatirə kitabına qeydlərini yazaraq Daxili Qoşunların yaranma günü münasibətilə şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib. Görüşdə şəhidlərə və qazilərə ehtiramını bildirən səlahiyyətli nümayəndə bu kateqoriyadan olan ailələrin dövlətimizin xüsusi qayğısı ilə əhatə olunduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə şəhid ailələrinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, veteranların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. 

Səlahiyyətli nümayəndə bildirib ki, digər qoşun növləri kimi, yarandığı gündən etibarən Daxili Qoşunların şəxsi heyəti də ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirib. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən, 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və qoşunlara göstərilən etimadın ifadəsidir. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə 1992-ci il martın 12-də başlayıb. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz izlər buraxıb.

Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə Daxili Qoşunların şəxsi heyətindən 682 nəfər şəhid olub, 9 nəfər hərbi qulluqçu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Vətən müharibəsi zamanı isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 4 nəfər hərbi qulluqçu Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb.

Ceyhun Cəlilov Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezident İlham Əliyevin yüksək qiymətləndirdiyini qeyd edib. 

Vurğulanıb ki, bu ali diqqət və qayğı, hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə regionda yeni reallıqlar yaradıb və bu gün Azərbaycan sabitlik və inkişaf yolu ilə inamla irəliləyir. Bu reallıq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin güclü iradəsinin və düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsidir.

Səlahiyyətli nümayəndə ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr, qazilərə isə cansağlığı və uzun ömür arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına mühüm töhfə verir.

Qeyd olunub ki, 34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı və Vətənə sarsılmaz bağlılıq bu gün də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Nazir bildirib ki, qazanılmış əməliyyat təcrübəsi və institusional inkişaf şəxsi heyətin peşəkar potensialını daha da gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya vermək imkanlarını artırıb. Daim təkmilləşdirilən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Vurğulanıb ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqların icrasına hər zaman hazırdır. Ali Baş Komandanın əmr və göstərişlərinin bundan sonra da yüksək məsuliyyət, intizam və qətiyyətlə yerinə yetiriləcəyi bildirilib.

Qeyd olunub ki, Daxili Qoşunların şəxsi heyəti dövlətə sədaqət və xalqa xidmət prinsiplərinə sadiq qalaraq üzərinə düşən vəzifələri bundan sonra da yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirəcək.

Görüşdə iştirak edən şəhid ailələri üzvləri və qazilər şəhid adına verilən yüksək dəyərə, həyata keçirilən sosial dəstək tədbirlərinə və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələri üzvlərinə hədiyyələr təqdim olunub. Daxili Qoşunların fəaliyyətini və keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir şəhid ailələri üzvlərinin, qazilərin və şəxsi heyətin iştirakı ilə nahar süfrəsi ətrafında davam etdirilib. 

 

 





















Sosial həyat