Azərbaycanın regional rolu önəmlidir və Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa sadiqdir. Bu fikirlər ölkəmizə səfər etmiş Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya məxsusdur və şübhəsiz ki, mövcud reallığa əsaslanır. Azərbaycan qlobal arenada balanslaşdırılmış, dürüst siyasət strategiyası ilə vacib tərəfdaşlıq nüfuzu qazanıb və Avropanın enerji xəritəsində özünəməxsus yer tutur. Prezident İlham Əliyev ilə Antonio Costa arasında keçirilən görüş mühüm məqamlarla yadda qaldı. Bu sözləri Milli Məclisin üzvü Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, görüş zamanı Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığının, xüsusilə enerji və ticarət sahələrində sürətlə inkişaf etdiyini, ölkəmizin Avropa üçün mühüm qaz təchizatçısına çevrildiyini və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirdi. Prezident həmçinin ölkəmizin bərpaolunan enerji layihələrini inkişaf etdirərək Avropaya enerji ixracını artırmağı, həmçinin regionda sülhün və nəqliyyat dəhlizlərinin açılmasının yeni iqtisadi imkanlar yaradacağını vurğuladı.
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın regional rolunun önəminə toxunaraq İran və Yaxın Şərqdə baş verən münaqişələrdən danışdı və İran tərəfindən Naxçıvan hava limanına edilmiş hücumu qətiyyətlə pisləyərək bildirdi ki, regional sabitlik və təhlükəsizlik beynəlxalq hüququn prinsiplərinə və BMT-nin normalarına uyğun şəkildə qorunmalıdır. Avropa İttifaqı gərginliyi azaltmaq və vətəndaşları qorumaq məqsədilə dialoq və diplomatiya vasitəsilə bütün tərəfdaşlarla işləməyə sadiqdir. Vəziyyətin daha da kəskinləşməsi yalnız Yaxın Şərqi deyil, həm də Avropanı və qlobal miqyası təhlükə altına atır. Eyni zamanda son hadisələr beynəlxalq hüquqa zidd zorakı fəaliyyətin narahatedici tendensiyasını göstərir. Ali qonaq eləcə də qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi artıq beşinci ildir davam edir və bu müharibə Avropa üçün ciddi təhlükə olaraq qalır, qlobal vəziyyətə də mühüm təsir göstərir. Belə mürəkkəb qlobal sabitsizlik fonunda Azərbaycanla əlaqələrin gücləndirilməsi heç vaxt olmadığı qədər vacibdir. Bu baxımdan Avropa İttifaqı 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə gözləyir.
Deputat yekun olaraq vurğulayıb ki, şübhəsiz bu yüksək etimad həm Azərbaycana, həm də onun beynəlxalq səviyyədə nüfuzlu liderinə göstərilən böyük hörmət və inamın bariz ifadəsidir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa önəm verməsi də təsadüfi deyil. Antonio Costanın biz Azərbaycanla birlikdə gələcəyin imkanlarını yaratmağa sadiqik fikri də bunun aydın göstəricisidir.

