Tanınmış qələm adamı, imzası oxuculara yaxşı tanış olan Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı iri həcmli kitabının 1-ci cildi çapdan çıxıb və ədəbi cameənin diqqətini çəkib.
Azərbaycan Yazıçılar Birliyi və Mətbuat Şurasının nəşrini dəstəklədiyi bu kitabda Amerika, Argentina, Çexiya, Çin, Fransa, İngiltərə, İsrail, İtaliya, Macarstan, Rusiya, Suriya, Türkiyə, Ukrayna, Yaponiya yazıçılarının hekayə, esse və söhbətlərindən seçmə nümunələr ana dilimizdə oxuculara təqdim edilib. Ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edən, 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var. Hekayələr və esselər sırasında Amerikadan Riçard Brotiqan, Kurt Vonnequt, Corc Feyfer, Argentinadan Xorxe Asis, Avstriyadan Tomas Bernhard, Çexiyadan İvan Kraus, Çindən Li Fu-yan, Xuanfu Şi, Fransadan Anatol Frans, Anna Qavalda, Mişel Turnye, İngiltərədən Cerom Klapka Cerom, Gilbert Kit Çesterton, Artur Konan Doyl, Piter Smit, İsraildən Etqar Keret, İtaliyadan Luici Pirandello, İtalo Kalvino, Canni Rodari, Alessandro Piperno, Renzo Olivanın əsərləri verilib.
Kitabı maraqla oxuyub qurtardıqdan sonra yazı-pozuya az-çox bələd olan bir oxucu kimi, əvvəl belə bir qənaətə gəldim ki, müəllif təvəzökarlıq edib, kitabın adı “Tərcümə təcrübələri” yox, tərcümə kimi ağır bir işə girişmək istəyənlər üçün “Tərcümə dərsləri” olsaydı, daha doğru sayılardı. Topludakı nümunələrdə görkəmli sənətkarların yaradıcılığı ilə bağlı dilimizə çevrilən əsərləri təkcə ədəbi yox, həm də köhnəlməyən, bu gün də öz dəyərini itirməyən bir əbədi sənət dərsləridir. Gənc yazarlar həmin ədəbi mətnləri diqqətlə oxusalar, əlbəttə, xeyli faydalanarlar. Həmin tərcümələrlə tanışlıq peşəkar, təcrübəli qələm ustaları üçün də maraqlı olar.
Ana dilimizə çevirdiyi hekayələrdə tərcüməçi həm də çox maraqlı seçim edib. Əvvəlcə oxucuda xoş ovqat yaradan nümunələr, sonra da oxuduqca mütəəssir edib kövrəldən ciddi mətnlər gəlir. Sanki xəbərdarlıq edirlər: “ Güləndə də düşünüb kədərlənməyi bacaraq!”
Kitabın “Hekayələr” bölümündə dünya ədəbiyyatı klassiklərinin, eləcə də çağdaş nəsrin görkəmli nümayəndələrinin irili-xırdalı əsərlərindən nümunələr oxucuya təqdim edilir. Tərcüməçi dilimizə çevirdiyi mətnlərin mövzu rəngarəngliyinə, müəlliflərin fərdi yaradıcılıq xüsusiyyətlərini qoruyub saxlamağa xüsusi diqqət ayırıb. Topludakı bəzi mətnlərdə yeri gələndə oxucuya gərəkli izahların, şərhlərin çatdırılması da tərcüməçinin öz işinə məsuliyyətlə, ciddi yanaşmasından soraq verir. Bu da təsadüfi deyil. Seyfəddin Hüseynli neçə illərdir ki, AYB Tərcümə Mərkəzinin dərgisi olan “Dünya ədəbiyyatını”nın baş redaktorudur və onun redaktəsi ilə indiyədək qalın həcmli bu dərginin bir-birindən maraqlı neçə-neçə sayı oxucular tərəfindən rəğbətlə qarşılanıb.
İdeomatik ifadələr, koloritli atalar sözlərimiz, zərb-məsəllər, yarandığı gündən bəri indiyəcən köhnəlməyən ifadələr... Mətnləri maraqla mütaliə edən oxucu tərcüməçinin peşəkarlığı sayəsində həm də doğma ana dilinin zənginliyinin, dadının-duzunun həzzini duyur, şahidi olur.
Bir oxucu kimi, belə dəyərli kitabın növbəti cildlərini də intizarla gözləyir və bu yolda Seyfəddin Hüseynliyə uğurlar diləyirik!
Aydın TAĞIYEV,
yazıçı-publisist