Dramaturgiya yeni mövzular sorağında

post-img

Çağdaş dövr özünün virtual mənzərəsi ilə diqqət çəkir. Kiber texnologiyalar həyatın əksər sahələrini əhatə edir. Azərbaycanda da süni intellektdən, yeni elektron idarəetmədən, “ağıllı” texnologiyalardan geniş istifadə olunur. Bu modernləşmənin mədəni sferaya da nüfuz etməsi hələlik işartı halında olsa da, görünür. Bəs teatr sahəsində yeniləşmə ab-havası necədir? Perspektivdə nələrə diqqət yetirilməlidir? Bu suallarla Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirliyə müraciət etdik. Onun fikirlərini oxuculara təqdim edirik.

– Bütün sahələr, o cümlədən də teatr dəyişən dünyanın ritmini tutmalıdır. Yeni yanaşmalar qaçılmazdır. İnişil Heydər ­Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Teatr və Kino forumlarını xatırlayaq. Hər iki tədbirdə bu sahələrin vəziyyəti, həllini gözləyən problemlər və inkişaf perspektivləri işgüzar müzakirəyə çıxarıldı. Ölkənin bütün teatr və kino xadimlərinin qatıldığı forumlar mədəni həyatımızda çoxdan görmədiyimiz bir canlanmaya səbəb oldu. Teatra və kinoya yaxından bələd olan bir dramaturq kimi deyim ki, hər iki forum məndə çox zəngin təəssürat yaratdı. Mədəniyyət Nazirliyinin yeni, həm də gənc komandasının çağdaş teatrımızın və kinomuzun indiki vəziyyətini, həllini gözləyən problemlərini və gələcəyi haqqında fikirlərini məhz illərlə bu mühüm mədəniyyət sahələrində çalışan insanların dilindən eşitmək, teatr və kinomuzun real vəziyyətini öyrənmək istəyi təqdirəlayiq idi.

Artıq sözügedən forumların müəyyən praktik nəticələri müşahidə olunur. Teatrlarımızda yaradıcı bir canlanma, özünü yaxşı tərəfdən göstərmək istəyi, hətta teatrlar arasında, yaxşı mənada, bir rəqabət də formalaşır. Ölkənin əsas teatrlarında gənc istedadlara şəraitin yaradılması, bu işdə bəzi rayon teatrlarının da artıq müəyyən müsbət nəticələr əldə etməsi göz qabağındadır. Kino ilə də bağlı qızğın axtarışlar gedir. Nazirliyin kino məmurları müvafiq yaradıcı və təhsil qurumları ilə işgüzar görüşlər keçirir, perspektiv inkişaf tendensiyalarını müəyyənləşdirirlər. Müasir Azərbaycan dramaturgiyası və onun problemləri, Azərbaycan ədəbiyyatında teatr və kino platforması konturları dolğunlaşdırılır.

Teatr, şübhəsizdir ki, dramaturgiyadan başlayır. Yüksək keyfiyyətli tamaşa hazırlamaq üçün ilkin şərt yaxşı pyesin olmasıdır. Bu gün bütün dünyada, hətta güclü kino sənayesi olan ölkələrdə belə ssenari problemi mövcuddur. Teatr dramaturgiyasına gəldikdə isə, yeni bir ifadə də yaranıb: “Yeni, yeni dram”. Nədir bu “Yeni, yeni dram”, onun platforması nədən ibarətdir? Cavab çox sadədir, istək də, məram da elə ifadənin özündədir. Köhnədən, onu tam inkar etmədən, uzaqlaşmaq, yeni dramaturgiya yaratmaq. Bu yeniliyi Rusiyada tapanlardan biri kinodramaturq, rejissor, aktyor Yuri Bıkovdur. O, nə müəllif filmi çəkir, nə də art-haus. Onun filmlərində bədii həqiqət də yox səviyyəsindədir. Bəs elə bir rejissor, dramaturq özəllikləri olmayan bəsit məzmunlu filmlər niyə belə uğur qazanır, milyonlarla tamaşaçı onun filmlərini niyə bəyənir? Baxmayaraq ki, bu filmlərdə cinayət, bir qayda olaraq, cəzasız qalır, bir qayda olaraq antaqonist protaqonistə qalib gəlir, bir sözlə, ədəbiyyatın, sənətin əsas ali məqsədi işləmir, qəsdən unudulur. Rejissorun “Axmaq” (“Durak”) adlı filmində oğrular, quldurlar, qatillər, bir sözlə, cəmiyyətin əsl düşmənləri – cinayətkarlar qalib çıxırlar. Həyat həqiqətinin bədii həqiqətə qalib gəldiyi, əslində, bədii cəhətdən də zəif olan bu filmin tamaşaçı uğuru nəylə bağlıdır? Əlbəttə, postsovet ölkələrinin hamısına az və ya çox dəxli olan reallıqla, həyat həqiqəti ilə. Çoxsaylı nüfuzlu kino mükafatlarına layiq görülmüş məşhur rejissor Andrey Zvyaginsevin “Yelena” filmində də cinayət cəzasız qalır. Həqiqət yalan qarşısında aciz görünür. Bax, bu tendensiyanın bizim kinoda da müəyyən ­təzahürləri görünür. Əlixan Rəcəbovun, Taleh Yüzbəyovun, qismən Emil Quliyevin filmlərində həyat həqiqəti bədii həqiqəti üstələyir. Onlar da həm rejissor, həm ssenarist, həm də aktyor kimi çıxış edirlər və böyük tamaşaçı sevgisi qazanırlar. Niyə klassik hesab etdiyimiz ustadların filmləri nə prokatda, nə də yutubda bu uğuru əldə edə bilmir? Fikrimcə, bu barədə düşünməyə dəyər. Bu, kütlə zövqüdür deyib təsəlli tapmaq düzgün yol deyil. Həmin filmlər haqqında izləyicilərin rəy və şərhlərini oxumaq bəs edir ki, tamaşaçıların, kifayət qədər, yüksək səviyyəsinin şahidi olasan. Bu filmlərin müqayisəli analizi kinoşünaslarımızın üzərinə düşür.

Teatr dramaturgiyasında da belə bir meyil, zəif də olsa, var. Bu cür yanaşma daha çox axır vaxtlar intensiv şəkildə yaranan özəl teatrların tamaşalarında özünü göstərir. Bir daha məlum olur ki, doğrudan da, Yeni, lap yeni dramaturgiyaya ehtiyac var.

Rəyimi bilmək üçün gənc həmkarlarımın mənə göndərdiyi pyesləri məmnuniyyətlə oxuyuram, o pyeslərdə yenilik görməyəndə məndə, türklər demiş, xəyal qırıqlığı yaranır. Cavabım çox vaxt eyni olur. Mənim və ya mənsub olduğum nəslin nümayəndələri kimi yazmayın, biz bu yolu keçmişik, hələ keçməkdə də davam edirik. Gənclərdən yeni nəfəs, yeni material, yeni keyfiyyət gözləyirik. 

Eyni zamanda, yeni nəsil dramaturqların meydana gəlməsi şəxsən məni sevindirir. Nisbətən gənc dediyim, 50-ni tamam eləməmiş, amma artıq yetkin bir dramaturq kimi teatrda və kinoda özünü təsdiq etmiş İlqar Fəhminin adını məmnuniyyətlə çəkirəm. Daha gənc həmkarlarımı da yada salmaq istəyirəm: İsmayıl İman, Pərvin Nurəliyeva, Təranə Vahid, Ülviyyə Heydər, Cavid Zeynallı, Pərviz Seyidli, Nihad Qulamzadə, Orxan Bahadırsoy, Könül Məmmədova, Failə Nəbi, Elvin Nuri... Bu müəlliflərin hamısının yaradıcılığı ilə tanışam, əksəriyyətinin əsərləri artıq səhnə və ekran həyatı qazanıb, uğurları da var. Sevindirici haldır ki, Cavid Zeynallının “Şükriyyə” pyesi Bəhram Osmanovun quruluşunda ölkənin baş teatrında – Akademik Milli Dram Teatrında böyük uğurla tamaşaya qoyuldu.

İstərdim, teatrlarımız, elə kinomuz da onların əsərlərinə diqqətlə, inamla yanaşsınlar. Həm də müasir ədəbi proseslə, tək dramaturqlarla deyil, nasirlərlə də maraqlansınlar. Axı teatrda səhnələşdirmə kimi bir anlayış da var: ən yaxşı nəsr əsərlərinin səhnələşdirilməsi. Təcrübə göstərir ki, xeyli uğurlu tamaşalar və filmlər çox vaxt səhnə və ya ekran üçün nəzərdə tutulmamış əsərlərin səhnələşdirilməsindan və ya ekranlaşdırılmasından alınır. L.Tolstoyun məşhur “Anna Karenina” romanı 30 dəfədən çox ekranlaşdırılıb. Bu sarıdan Azərbaycan teatrının da, kinosunun da kifayət qədər zəngin təcrübəsi var. Səməd Vurğunun “Komsomol” poemasının həm səhnələşdirilməsi, həm də “Yeddi oğul istərəm” adı ilə ekranlaşdırılması böyük uğur idi. “Altmışıncılar” dediyimiz ədəbi nəslin ən yaxşı nəsr əsərləri həm teatrlarımızda, həm də kinomuzda uğurla istifadə olunub. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ölkənin bütün teatrlarında səhnələşdirilib, bir neçə dəfə də ekranlaşdırılıb. Əlbəttə, bu məsələdə gənc müəlliflərin özlərinin də təşəbbüskarlığına ehtiyac var. Təəssüf ki, dramaturgiya ilə məşğul olmayan yazıçılarımızı teatr salonlarında nadir hallarda görərsən.

Bütün dediklərimizlə bərabər, orijinal bir inkişaf istiqamətini, tam yeni olan bir dramaturgiyanı gözləyirsən, müsbət nəticə hələ təzahür formasındadır. Təəssüf, gənclərin yazdığı pyeslərin əksəriyyəti ənənəvi dramaturgiyanın zəif təkrarıdır.

Çox istərdim bizdə hələ pərvəriş tapmamış sənədli dram janrında pyeslər yazılsın. Tariximizin, xüsusilə, Cümhuriyyət dövrünün elə hadisələri, elə gizlinləri olub ki, onların sənədli dram kimi səhnəyə gətirilməsi əsl teatr hadisəsinə çevrilə bilər. Elə müasir dövrümüzü də səhnədə sənədli şəkildə görmək pis olmaz. Əslində, buna təşəbbüs də olub. Tərlan Rəsulovun "dOM" teatrında müasir dövrümüzdə baş vermiş dramatik bir məktəb əhvalatı əsasında İsmayıl İmanın yazdığı “İclas” və “Proses” pyeslərindən hazırladığı immersiv tamaşada sənədli teatrın təzahürləri qabarıq şəkildə görünür. Əlbəttə, bu yerdə teatr həyatımızda parlaq hadisəyə çevrilmiş Mehriban Ələkbərzadənin “Kod adı – V.X.A.” müəllif tamaşasının adını məmnuniyyətlə çəkirəm. Bu möhtəşəm tamaşanın dramaturji mətni, demək olar ki, əsl dokumental dram janrındadır. Böyük tamaşaçı marağı, müxtəlif səviyyələrdə yazılmış resenziyalar, rəylər göstərdi ki, bizim üçün yeni olan bu dramaturji janr Azərbaycan səhnəsində yaşamaq hüququ qazana bilər. Hətta seyrçi bu hövsələsizlik zamanında 4 saat davam edən tamaşaya böyük maraqla baxa da bilər. Təbii ki, bu yerdə biz tarixi mövzuda yazılmış pyeslə sənədli dram janrını qarışdırmamalıyıq.

Təəssüf ki, dramaturgiya ilə intensiv şəkildə məşğul olan gənclərin sayı çox deyil, teatrla ədəbiyyat arasında olan bu çətin ədəbi növə həvəs göstərmək, ona yiyələnmək üçün tək yazıçı istedadı azdır, çox şərtlər var. 

İndi isə fikirlərimi konkret təkliflərimlə bitirirəm: 1. Yaxşı olardı ki, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət Nazirliyinin müvafiq qurumu yaxın əməkdaşlıq şəraitində işləsinlər. Yeni adlar, yeni əsərlər haqqında nazirlik daim məlumatlı olsun. 2. İstərdim, özəl teatrlar xarici müəlliflərin əsərlərindən daha çox gənc dramaturqlarımızın yaradıcılığına diqqət yetirsinlər, onların əsərləri ilə tanış olsunlar, teatrın, səhnənin, dramaturgiyanın dilini öyrənməkdə onlara kömək etsinlər. Həqiqətən, dram da, dramaturq da teatrla sıx əlaqədə, təmasda yaranır. Yaxşıdır ki, Teatr Xadimləri İttifaqında bir neçə yaradıcılıq emalatxanaları ilə bərabər, dramaturgiya emalatxanası da fəaliyyət göstərir. Adlarını çəkdiyim gənc dramaturqların bir çoxu məhz həmin emalatxananın məzunlarıdır. 3. Özəl teatrların ayaqda qalmaları üçün onlara dövlət səviyyəsində maliyyə dəstəyi göstərilsə, yaxşı olar. Çünki müasir teatrın inkişafı, sənət yenilikləri entuziazm hesabına işləyən o teatrlarda daha tez yarana bilər, nəinki ənənəvi repertuar teatrlarında. Dövlətimiz kütləvi informasiya vasitələrinə, özəl televiziyalara, yaradıcılıq ittifaqlarına, siyasi partiyalara maliyyə dəstəyi ayırır, bu çox gözəl, o siyahıya özəl teatrların ən yaxşılarını da əlavə etmək müsbət nəticələnə bilər. Tək təşəbbüslə uzağa getmək çətindir.

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

 



Mədəniyyət