Mayın 23-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində böyük bəstəkarın 140 illik yubileyi münasibətilə Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin müəllimi İsmayıl Cəfərovun 28 May – Respublika Gününə həsr olunmuş sinif konsert keçirildi. Tədbir milli musiqi irsimizin əvəzsiz siması Üzeyir Hacıbəylinin yaradıcılığı ilə Azərbaycan tarixinin mühüm mərhələlərini birləşdirərək, onun milli mədəniyyətimizdəki misilsiz rolunu yenidən diqqətə çatdırdı.
Konsertin açılışını muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov və məktəbin direktoru Tofiq Salmanov etdilər. Sərdar Fərəcov böyük bəstəkarın 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışaraq, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində tutduğu yeri xüsusi vurğuladı. O, həmçinin İsmayıl Cəfərovun peşəkarlığını yüksək qiymətləndirərək, ona və şagirdlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tofiq Salmanov da İsmayıl müəllimin əməyi və yaradıcılığı haqqında fikirlərini bölüşərək, müəllim və şagird kollektivi üçün uğurlar dilədi.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə yanaşı, Tofiq Bakıxanovun “Elegiya”, Karl Bohmun “Daimi hərəkət”, Qlyukun "Şən rəqs", Vladimir Kosmanın “Oyuncaq” filmindən musiqi, Tofiq Quliyevin "Vals", İohann Sebastian Baxın a moll konsertinin birinci hissəsi və Çarlz Gardelin məşhur “Por una cabeza” əsərləri ifa olundu. İsmayıl müəllimin rəhbərlik etdiyi "Dominant" kvarteti isə xüsusilə diqqət çəkərək Üzeyir Hacıbəylinin “Arazbarı” və Gardelin “Por una cabeza” əsərlərini ustalıqla təqdim etdi.
Konsertdən sonra iştirakçılar muzeydə təşkil olunan ekskursiyada böyük bəstəkarın həyat və yaradıcılığına aid eksponatlarla tanış oldular. Günün sonunda isə xatirə şəkilləri çəkilərək bu əlamətdar günün xatirəsi əbədiləşdirildi.
Bu tədbir Azərbaycan musiqi mədəniyyətinin inkişafında Üzeyir Hacıbəylinin rolunu bir daha ön plana çıxararaq, onun əsərlərinin gələcək nəsillər üçün əvəzolunmaz bir sərvət olduğunu təsdiqlədi.
XQ