XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın əbədiyyətə qovuşmasından 45 il keçir. Şairin zəngin yaradıcılığı zamanın ruhunu, insanın daxili aləmini və cəmiyyətin mürəkkəb çalarlarını əks etdirməklə müasirliyini daim qoruyub saxlayır. 17 yaşında “Bu gün” adlı şeiri ilə ədəbiyyat aləminə gələn şair müasirliyi, yeniliyə açıq baxışını və üsyankar çağırışlarını ortaya qoyur.
Rəsul Rza poeziyası həyatın özü kimi zahirdə sadə, daxildə isə sonsuz dərinliklər və ziddiyyətlər daşıyan bir aləmdir. “Poeziya zəhmət və ilhamdır” anlayışı onun yaradıcılığı haqqında dolğun təsəvvür yaradır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər”.
Gənc Rəsulun Gəncə Sənaye və Ziraət Texnikumuna qəbul olunmaq üçün yazdığı ərizədə ədəbi dilin yüksək səviyyədə olması maarifçi, “Molla Nəsrəddin” jurnalının yaradıcılarından biri olmuş Ömər Faiq Nemanzadənin diqqətini cəlb edir və söz dünyasının qapıları onun üzünə açılır.
Abdulla Faruq, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimovla dostluq münasibətləri onun yaradıcılıq dünyasını daha da zənginləşdirir. “Gənc işçi” qəzeti gənc qələm sahibləri üçün ədəbi məktəb olur. Şair “Gənc işçi” haqqında yazırdı:
İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız sevincimiz,
həyəcanımız olan yer.
Rəsul Rza ilk şeirlərindən novatorluq axtarışları ilə seçilirdi. Gənc yaşlarından o, yeni mövzulara, yeni düşüncə tərzinə üz tutur, dövrün ideoloji və ictimai çağırışlarına biganə qalmırdı. 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Bolşevik yazı” şeirində isə görkəmli şairin novatorluq ənənələri bir daha sübut edilir. Görkəmli yazıçı və tənqidçi Mehdi Hüseyn bu şeirin təsir gücünü xüsusi qeyd edərək “Yaradıcılıq ixtilaflarımız” məqaləsində onun məşhur misralarını epiqraf kimi seçmişdi:
Mübarizə bu gün də var, yarın da.
Mən də onun ən ön sıralarında.
Rəsul Rzanın dünyanın digər regionlarında baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, “Madrid”, “Həbəşistan” və s. şeirləri onun bəşəri ağrılara həssaslığını əks etdirirdi.
1941-ci ilin sərt qışı şairin həyatında yeni səhifə açır. Müharibə dövrü şairin qələmində də öz əksini tapır, Səməd Vurğun, Süleyman Rüstəm kimi şairlərlə birgə onun da şeirləri dillər əzbəri olur. Onun “And” şeirində xalqın, vətənin, torpağın səsi əks-səda verirdi.
Artıq yetkin şair kimi tanınan Rəsul Rza İkinci Dünya müharibəsi illərində qələm dostları ilə birlikdə Krıma yollanır və burada hərbi müxbir kimi fəaliyyət göstərməyə başlayır. “Döyüşən Krım” qəzetində çalışan şair tez-tez ön cəbhəyə gedir, səngərdəki həyatın ağrı-acısını, əsgərlərin taleyini yaxından görür. Bu dövrdə qələmə aldığı “Bəxtiyar” şeiri şairin yeni poetik uğuru idi. Onun şeirlərinin hər misrasında vətən sevgisi, dözüm və ümid aşılanır.
Novator şairin müharibə illərinin məhrumiyyətlərini əks etdirən “Vəfa” pyesi 1943-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş, tənqidçilər tərəfindən yüksək dəyərləndirilmiş, tamaşaçıların yaddaşında silinməz iz buraxmışdır. Rəsul Rza bu dramda müharibə dövründə insanların mənəvi dünyasını Bahadır və Vəfa kimi obrazların timsalında təsvir etmişdir. Xalq şairi Səməd Vurğun deyir ki, “Rəsul Rza romantik qəlbiylə yazdığı “İntiqam” şeirində insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı”.
Rəsul Rzanın novatorluq axtarışları “Pəncərəmə düşən işıq” (1962), “Duyğular... düşüncələr” (1964), “Dözüm” (1965) kitablarında daha geniş yer tutur.
Şairin 1960-cı illərdə qələmə aldığı “Qızılgül olmayaydı” əsəri 1937-ci il repressiyasının qurbanı, qüdrətli şair Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuşdur.
“Qızılgül olmayaydı” lirik-epik üslubun təsirli nümunələrindəndir. Oxucu həmin dövrdə qorxu ilə ümidin, itki ilə xatirənin arasında qalmış insanların taleyinə yanıb. Əsərdə qızılgül obrazı rəmzi məna daşıyır. Şair, sanki, bu obraz vasitəsilə oxucuya sual verir: əgər bu qədər gözəllik məhvə məhkumdursa, onda həyatın mənası nədir?
1960-cı illərdə Rəsul Rza poeziyasında yeni, fəlsəfi lirika dövrü başlayır. Şairin yazdığı ayrı-ayrı şeirlər bir-biri ilə səsləşir. Bu mərhələnin zirvəsi sayılan “Rənglər” silsiləsi isə onun poetik təfəkkürünün parlaq ifadəsidir. Burada hər bir çalar insan ruhunun müxtəlif qatlarının poetik açılışıdır. Şair deyir ki, bu rənglərin kökü xalqın yaddaşına, folkloruna bağlıdır. Türk dünyasının böyük şairi Nazim Hikmət bu silsilə haqqında yazırdı ki, Rəsul Rza poeziyada tamamilə yeni bir yol açıb. Həqiqətən də şair poetik düşüncələri ilə sözün qüdrətini göstərir.
“Ağ rəng”i görün şair necə mənalandırıb:
Yuxulu körpənin təbəssümü.
Ümid.
Təmənnasız yaxşılıq.
“Sizdə xərçəng yoxdur”
sözlərinin deyildiyi dəqiqə.
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Ramiz Rövşən Rəsul Rzanın milli ədəbiyyatımızın inkişafındakı rolunu poeziyamızda intibahın başlanğıc nöqtəsi kimi dəyərləndirir.
Xalq şairinin yaradıcılığı bütöv bir dövrün düşüncəsini əks etdirir.
Ömrünün 71-ci baharında – 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, xatirəsi daim ehtiramla yad olunur.
Şair poetik taleyinə də biganə qalmamışdır:
Hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
Rəsul Rzanın zəngin yaradıcılığı, yenilik ruhu, milli dəyəri və müasirliyi ilə ölməzlik qazanıb.
Ləman TƏHMƏZ
XQ

