1918-ci ilin Mart soyqırımı: erməni millətçilərinin bəşəri cinayəti və xalqımızın qan yaddaşı

post-img

“Xalq qəzeti” redaksiyasında “dəyirmi masa”

XX əsrin əvvəlləri Cənubi Qafqaz üçün son dərəcə mürəkkəb və ziddiyyətli bir dövr idi. İmperiyaların süqutu, yeni siyasi qüvvələrin formalaşması və regionda milli dövlətlərin yaranması prosesləri ciddi siyasi qarşıdurmalarla müşayiət olunurdu. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı təkcə dövlətçilik ideallarını müdafiə etməklə kifayətlənməyərək, eyni zamanda, fiziki mövcudluğunu da qorumaq uğrunda ağır sınaqlarla üz-üzə qalmışdı.
Xalqımızın tarixində heç vaxt unudulmayacaq bu faciəli hadisə ilə bağlı “Xalq qəzeti” redaksiyasında “31 Mart – Azərbaycanlıların soyqırımı: Tarixin qanlı səhifəsi və milli yaddaşın dərsi” mövzusunda “dəyirmi masa”da qonaqlarımız AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Kamran İsmayılov, həmin institutun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Aygün Əzimova və Mübariz Ağalarlı idilər.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “dəyirmi masa”da bu faciənin XX əsrin əvvəllərində Azərbaycan əhalisinə qarşı həyata keçirilmiş planlı və sistemli qırğınların kulminasiya nöqtəsi olduğunu vurğuladı, həmin hadisələr nəticəsində yüzlərlə yaşayış məntəqəsinin dağıdıldığını, minlərlə günahsız insanın qətlə yetirildiyini və mülki əhaliyə qarşı amansız zorakılıqların törədildiyini bildirdi.

Əflatun Amaşov daha sonra 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində baş verən qanlı hadisələrin tarixə Azərbaycanlıların soyqırımı kimi yazıldığını, hər il martın 31-də qeyd edilən Azərbaycanlıların Soyqırımı Gününün həmin faciə qurbanlarının xatirəsinin anılması və tarixi ədalətin unudulmaması baxımından mühüm önəm daşıdığını diqqətə çatdırdı.

Kamran İSMAYILOV:

– 1918-ci ilin yazında bolşevik-daşnak alyansı tərəfindən əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər bölgələrində dinc türk-müsəlman əhaliyə qarşı törədilmiş vəhşiliklər bəşər tarixinin ən utancverici hadisələrindən biridir. Müasir beynəlxalq hüquqa görə soyqırımı milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə törədilən kütləvi qətl hadisəsi, ağır cinayətdir. Bizim şərti olaraq “Mart soyqırımları” adlandırdığımız hadisələr də mahiyyət və miqyasına görə xalqımızın məhvinə yönəldilmiş soyqırımı hadisəsi idi.

Sovet dövründə bu hadisələr haqqında həqiqətlər xalqdan gizlədilmiş, rəsmi sovet ideologiyası və tarixşünaslığı həmin qətliamları guya Müsavat partiyasının başçılığı ilə Azərbaycanın “burjua-mülkədar” qüvvələrinin Bakıda hakimiyyəti ələ keçirmək üçün gerçəkləşdirmək istədikləri “əksinqilabi çevriliş” cəhdi, “vətəndaş müharibəsi” faktı kimi qələmə vermişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra o dövrlə bağlı həqiqətləri üzə çıxarmaq və ictimaiyyətə çatdırmaq mümkün olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Təqribən son 40 il ərzində həmin hadisələrin səbəbləri və mahiyyəti haqında xeyli kitablar, əsərlər, məqalələr yazılmış, dəhşətli soyqırımı ilə bağlı əsas məsələlərə geniş aydınlıq gətirilmişdir. Bununla yanaşı, artıq üstündən 108 il keçməsinə baxmayaraq, 1918-ci ilin mart soyqırımı ilə bağlı bir çox suallar hələ də öz cavabını gözləyir.

Əslində, bu hadisələrin kökləri XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalına, çarizmin Cənubi Qafqazda öz etnik-dini dayaqlarını yaratmaq məqsədilə erməniləri kütləvi şəkildə Azərbaycanın müxtəlif bölgələrində yerləşdirməsinə gedib çıxır. Nəticədə, sonrakı dövrlərdə bütün Cənubi Qafqazın etnik mənzərəsi ermənilərin xeyrinə dəyişmiş, çar hakimiyyətinin himayədarlığından istifadə edən ermənilər regionun iqtisadi həyatının aparıcı elementinə çevrilmişdilər. Bu proseslər, xüsusilə, Bakının həm demoqrafik strukturunda, həm də neft sənayesində özünü daha qabarıq göstərmişdir.

Ümumiyyətlə, Mart qətliamları məhdud ərazidə baş vermiş lokal hadisə deyildir, onun əsas səbəbləri o dövrdə həm dünyada, həm də keçmiş Rusiya imperiyasında və Cənubi Qafqazda cərəyan edən hadisələrlə sıx bağlı idi.

Aygün ƏZİMOVA:

– Mart qətliamlarının bəzi məqamlarının tam aydınlaşdırılmaması səbəbindən tarixşünaslığın “soyqırımı niyə baş verdi” sualına cavab tarixi reallığı tamamilə əks etdirmir. Bunun başlıca səbəbi hadisələrin təhlilində faciə amilinin daha çox önə çəkilməsi ilə bağlıdır. Halbuki bu faciə 1917-1918-ci illərdə Azərbaycanda gedən gərgin siyasi mübarizənin doğurduğu acı nəticə idi.

Məlumdur ki, xalqın öz tarixini öyrənməsi zəruri bir məsələ olaraq keçmişin təhlilini aparmaqla bu gün və gələcək üçün dərslər almağa və səhvlərə yol verməməyə xidmət edir. Bu, daha çox yaşanan faciələrə diqqət çəkən bir yanaşmadır. Çünki məhz xalqların öz tarixlərindəki faciələrə münasibəti etnopsixikanın formalaşmasına, onların tarixi talelərinin müəyyənləşməsinə birbaşa təsir göstərir.

Yaşadığı ardıcıl faciələr xalqda “qurban psixologiyası”nın meydana gəlməsinə səbəb ola bilər ki, bu da milli inkişaf yolunda, bir növ, psixoloji maneədir. Bu maneəni aşa bilmədikdə etnopsixoloji səviyyədə aqressivlik artaraq millətin digər xalqlarla konstruktiv münasibətlər qurmasını da əngəlləyir. Mart soyqırımı tarixinə münasibət ilə bağlı da bu cür təhlükə mövcuddur. “Soyqırımı nə səbəbdən baş verdi” sualının tarixşünaslıqda geniş araşdırılması isə tarixi həqiqətlərin üzə çıxarılmasına imkan verir.

Mart soyqırımı tarixi ilə bağlı mühüm məqamlardan biri də budur ki, həmin dövrdə Azərbaycanda baş verən hadisələrin ümum-Qafqaz və ümum-Rusiya, hətta dünya səviyyəsində gedən proseslərlə əlaqəli olması daim diqqətdə saxlanılmalıdır. Bu baxımdan 1917-ci ildə Rusiyada baş verən Fevral inqilabının Azərbaycanda yaşanan ictimai-siyasi proseslərə təsirində diqqətçəkən cəhətlər hansılar idi? Xatırladım ki, Fevral inqilabı çarizm üsul-idarəsinə son qoyaraq Rusiyada yeni proseslərə təkan vermişdi. Çoxmillətli, Rusiyada təbii ki, bu, milli azadlıq hərəkatının başlanılmasında, xalqların öz milli müqəddəratlarını təyin etmək arzularının baş qaldırmasında özünü göstərməli idi. Azərbaycan xalqı üçün də bu, belə olmuşdu. İnqilab xəbəri burada da alqışlanmış, milli və siyasi təşkilatlanmaya start verilmişdi.

Tezliklə Azərbaycan milli hərəkatında milli demokratik, islamçı və sosialist təmayüllərin müstəqil şəkildə inkişafı başlanmışdı. Artıq 1917-ci ilin yayından etibarən milli demokratik hərəkatda Müsavat partiyası avanqarda çevrilməkdə idi. Azərbaycanlılar arasında sosialist təşkilatlar yaransa da, onların sosial bazası zəif idi.

Həmin dövrdə Azərbaycandakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Bakı şəhərində baş verənlərdən asılı idi. Şəhərin fəhlə kontingentinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, onların siyasi cəhətdən daha yetkin və fəal hissəsi qeyri-müsəlmanlardan ibarət idi. Onlar da ümum-Rusiya sosialist partiyalarının (eser, menşevik və bolşevik) yerli təşkilatlarına dəstək verirdilər. Öz aralarında ziddiyyətlərə baxmayaraq, bolşeviklər, menşeviklər və eserlər beynəlmiləlçi inqilabi ideologiyanın daşıyıcıları kimi sosialist düşərgəsində yer almışdılar. Bakıda sosialistlərin əsas siyasi mərkəzi isə Bakı Fəhlə və Əsgər Deputatları Soveti (Bakı Soveti) idi.

Mübariz AĞALARLI:

– Uzun illər çar Rusiyası və onun siyasi varisi olan bolşevik Rusiyasının işğal etdiyi türk bölgələrində türk dövlətçilik sisteminə, etnosiyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. İstər çar Rusiyası dövründə, istərsə də sovet Rusiyasının hakimiyyəti illərində türk xalqları yüz minlərlə insan itkisinə məruz qalmış, türk etnosunun mənəvi və mədəni həyatı yox olmaq təhlükəsi ilə üzləşmişdir.

Xüsusilə də XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarının da milli oyanışına səbəb olmuş, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilmişdir. Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatını yatırmaq üçün ənənəvi metodlarından məharətlə istifadə edərək riyakar imperiya xislətini bütün gücü ilə ortaya qoymuşdur. O, bir tərəfdən özünün hərbi-siyasi gücündən istifadə edərək bu hərəkatı yatırmağa təşəbbüs göstərməklə bərabər, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan etnik münaqişə vasitəsi kimi istifadə etmişdir.

XIX əsrdən etibarən Cənubi Qafqaza – Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülən, yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm “böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə cəhd etmişlər.

1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət yolu tutaraq Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törətmişlər. Türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımları sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadoluda on minlərlə dinc, silahsız türk-müsəlman əhalini, o cümlədən uşaqları, qadınları məhz türk olduğuna görə amansızlıqla qətlə yetirmişlər.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırımı törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımlarının ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırımı adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Dövrün qaynaqları bu qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.

Kamran İSMAYILOV:

– I Dünya müharibəsinin sonlarında Rusiya imperiyasının çöküşü ilə Cənubi Qafqaz, xüsusilə neftlə zəngin Bakı dünya dövlətlərinin (Böyük Britaniya, Fransa, ABŞ, Almaniya, Sovet Rusiyası və Osmanlı imperiyası) rəqabət obyektinə çevrilmişdi. Cənubi Qafqaz müxtəlif güclər üçün təkcə yanacaq bazası deyil, həm də mühüm geosiyasi önəm daşıyan region idi. Bu baxımdan Bakı və Cənubi Qafqaz uğrunda mübarizə 1918-ci ilin əvvəllərindən başlayaraq, təqribən, 1921-ci ilin əvvəllərinə, Cənubi Qafqazın tam sovetləşməsinə qədər davam etmişdir. Təsadüfi deyildir ki, regionda həm 1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Cənubi Qafqaz dövlət qurumlarının yaradılmasında, həm də 1918-ci ilin mayında 3 respublikanın (Azərbaycan, Ermənistan və Gürcüstan) təşəkkül tapmasında müxtəlif dövlətlər bu və ya digər şəkildə iştirak etmişlər.

Lakin müxtəlif məqsədlər güdmələrinə baxmayaraq, həm Qərb dövlətlərini, o cümlədən müttəfiqi olduğu Almaniyanı, həm də Sovet Rusiyasını nəyin bahasına olursa olsun Türkiyəni (Osmanlı imperiyasını) Cənubi Qafqaza, Bakı neftinə buraxmamaq kimi ümumi maraq birləşdirirdi. Nəticədə o zaman bir-biri ilə müharibə aparan ölkələrin – İngiltərə, Almaniya və sovet Rusiyasının maraqları bir növ üst-üstə düşürdü.

Özünün mövcudluğu üçün fövqəladə önəm daşıyan Bakı neftinə nəzarəti yenidən ələ keçirmək üçün bolşevik Rusiyası bütün vasitələrdən, şəhərdə fəaliyyət göstərən bolşevik və digər rusiyapərəst qüvvələrdən istifadə etməyə çalışırdı. Bakının əldən verilməsinin qarşısını almaq üçün sovet Rusiyası özünün barışmaz rəqibləri daşnaklardan tutmuş, menşeviklərə, eserlərə, hətta monarxistlərə qədər hamı ilə sövdələşməyə hazır idi. Bu baxımdan 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və eyni adlı quberniyada baş vermiş qanlı cinayətlər təkcə erməni silahlı qüvvələrinin əməli deyil, həm də bolşevik Rusiyasının regionda möhkəmlənmək üçün həyata keçirdiyi siyasətin məntiqi nəticəsi idi. Ermənilər isə onların milli maraqlarına uyğun gəldiyinə əmin olduqlarına görə bu siyasətin həyata keçirilməsində fəal iştirak etmiş, Bakıda bolşevik-daşnak alyansı təşəkkül tapmışdı.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişatından, 1917-ci ildə və 1918-ci ilin əvvəllərində Rusiyada və Cənubi Qafqazda gedən proseslərdən ruhlanan ermənilər “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün 1918-ci ilin martında bolşevizm hərəkatından məharətlə istifadə edərək Bakıda və digər bölgələrdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər. Bu hadisələr nəticəsində təkcə Bakı şəhərində 3 gün ərzində (30, 31 mart, 1 aprel 1918-ci il) müxtəlif mənbələrə görə, 10 mindən 15 minə qədər günahsız insan məhv edildi.

Mübariz AĞALARLI:

– Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və mühacir ziyalıların 31 Mart soyqırımına münasibəti və bu hadisəyə verdikləri siyasi-hüquqi qiymət daha çox diqqət çəkir. Məsələn, Cümhuriyyətin qurucusu, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadə bu faciəni birmənalı şəkildə qətliam adlandırır və qeyd edirdi ki, “iştə mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən minlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri – hürriyyət və istiqlalının qurban və şəhidləridir”.

M.Ə.Rəsulzadə 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunmuş “Unudulmaz faciə!” adlı məqaləsində bu cinayəti “Kərbala faciəsi” ilə müqayisə edərək yazırdı: “Martın 31-i bizə Azərbaycan tarixi-siyasətində unudulmaz iki günü xatırladır. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildigi “Aşura!”, “Varfolomeyski noç – 1572-ci il” kimi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi... Bizə deyə bilərlər ki, hərbi-ümumi səfəhati arasında mart hadisəyi-əliməsini dəfələrlə ötən çoxlu sayda hadisələr vaqe olmuşdur.

Bunun üçün dəxi mart günlərində Bakı sokaklarında icra olunan məzalim və qitalı Ərəbistanın qızğın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar şəhərlərində hadis olan uzaq misalları ilə müqayisə etməyə nə hacət!.. Martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha iyrənc bir hadisə vaqe olmuşdu. İctimai bir inqilab adı və pərdəsilə milli bir ədavət icra edilmişdi. Burjuaziyaya elani-hərb edilib fəhlə və kasıb qırılmışdı. Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxardıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinif hərb adı altında milli bir qətl, bir qətliam icra olunuyordu...”.

Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, mühacir aydınlarından olan Mirzə Bala Məmmədzadə “Milli Azərbaycan hərəkatı” adlı əsərində yazırdı ki, “Şaumyanın Tiflisdə inqilab təşəbbüsü nəticə verməmiş, gürcü əsgərini Seym əleyhinə qaldıra bilməmişdi. Bundan sonra Şaumyan öz qərargahını Bakıya köçürmüşdü. Burada şərait əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 20-25 minlik silahlı erməni və rus əsgəri vardı. Bundan başqa, Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus və erməni fəhlələri vardı.

Şaumyan bu qüvvələrə arxalanaraq martın 31-də qırğına başladı və üç gecə davam edən, 15 min silahsız və günahsız türkün ölümü ilə nəticələnən bu qırğın zamanı Bakı havadan, dənizdən və qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif və mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxana və s. od vurularaq yandırıldı”.

Azərbaycanın Cümhuriyyət qurucuları bu qətliamın nə qədər ağrılı-acılı olmasına rəğmən, 31 martın böyük bir qəhrəmanlıq dastanı olduğunu da qeyd edirdilər. M.B.Məmmədzadə yazırdı ki, “1918-ci ildə 31 mart faciəsini izləyən, 28 may İstiqlal elanı günü ilə 15 sentyabr zəfərlərinin böyüklüyünü anlamaq və yaşamaq üçün 31 mart faciəsi unudulmamalıdır. Milli oyanışımız, çarlığın süqutundan sonra siyasi zəfərlərimiz, müştərək milli arzumuzun “Azərbaycan istiqlalından” ibarət olduğunun hamı tərəfindən anlaşılması və İstiqlal elanı və istiqlal üçün həyata keçirilən qanlı mübarizə bizə nə kimi qurbanlar bahasına başa gəlmişdi? Bunu anlamaq üçün “31 mart” kimi sadə bir sözün ifadə etdiyi faciəvi mənanı qavramaq lazımdır”.

Aygün ƏZİMOVA:

– 1917-ci il martın 6-da təşkil olunan və bolşevik S.Şaumyanın sədr seçildiyi Bakı Sovetində sosialistlərlə yanaşı, erməni fəhlələrin dəstəyini alan millətçi “Daşnaksütyun” partiyası da təmsil olunmuşdu. Lakin çoxminlik müsəlman fəhlələri arasında Bakı Sovetinin üzvü yox idi. Sonradan Müsavat partiyası məhz sovetlərin inqilabi proseslərdə oynayacağı rolu nəzərə alaraq burada təmsil olunmaq üçün mübarizə aparmışdı. Lakin sosialistlərin ümumi mövqeyi bu idi ki, müsəlmanlar siyasi cəhətdən qeyri-yetkindirlər və bu səbəbdən də onlar inqilabi proseslərdə fəal rol oynaya bilməzlər. Məhz bu yanaşma sosialistlərlə milli qüvvələr arasında ziddiyyətlərə yol açmışdı. Hətta 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə seçkilərdə Müsavat partiyası qələbə qazansa da, sosialistlər bu nəticələri qəbul etməyərək, seçkilərin ləğvinə nail olmuşdular.

Sosialistlərin milli amilləri nəzərə almaması ziddiyyətlərin daha da gərginləşməsinə səbəb olurdu. Millətçi Daşnaksütyun partiyası Bakı Sovetində kifayət qədər möhkəm mövqe qazansa da, Müsavat partiyası “əksinqilabçı” və ya “mülkədar, bəy partiyası” adlandırılaraq sosialistlər, xüsusən bolşeviklər tərəfindən hədəfə alınırdı. Müsavat partiyasının Azərbaycanın muxtariyyətinə nail olmaq üçün başladığı siyasi mübarizə isə onları ciddi şəkildə narahat edirdi.

Ümumiyyətlə, Fevral inqilabından sonra Rusiyanın ucqarlarında və eləcə də Bakıda milli və beynəlmiləl ideologiya arasında mübarizə güclənməkdə idi. Mərkəzdən fərqli olaraq ucqarlarda bu mübarizəyə bütün sferalarda milli amillər ciddi təsir etmişdi.

1917-ci il Rusiyada Oktyabr çevrilişindən sonra isə Cənubi Qafqazda və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşməsi siyasi mübarizəni də kəskinləşdirmişdi. Bütün Rusiyanı bürüyən iqtisadi-siyasi böhran bu bölgədə milli ziddiyyətlər səbəbindən daha da artmışdı. Bu zaman Rusiyada Fevral inqilabından sonra Cənubi Qafqazı idarə edən Xüsusi Zaqafqaziya Komitəsi bolşevik çevrilişini tanımayaraq devrilmiş, əvəzində regionda idarəçiliyi öz üzərinə götürən yeni qurum – Zaqafqaziya Komissarlığı yaranmışdı. Gürcü, azərbaycanlı və erməni siyasi qüvvələrinin təmsil olunduğu bu orqan da bolşevik hakimiyyətini tanımırdı. Çevrilişdən sonra bölgədə milli şuraların rolu daha da artmağa başlamış, milli muxtariyyətlərin yaradılmasına ümidlər də artmışdı.

Beləliklə, 1917-ci il noyabrın 9-12-də Zaqafqaziya Müsəlman Milli Komitəsi tərəfindən Bakıda keçirilən müsəlman milli komitələrinin konfransında Rusiya Federasiyasında yeni muxtar siyasi vahid yaratmaq məqsədilə Milli Müəssislər Məclisinin çağırılması barədə qərar verilmişdi. Erməni siyasi qüvvələri də vəziyyətdən istifadə edərək öz siyasi məqsədlərinə çatmağa, erməni muxtariyyətinə nail olmağa çalışırdılar.

Kamran İSMAYILOV:

– Bu dövrdə cərəyan edən hadisələrin gedişi ilə bağlı onu demək olar ki, 1918-ci ilin Mart soyqırımı hadisələri bolşeviklər tərəfindən planlaşdırılmış və erməni daşnaklarının fəal dəstəyi ilə həyata keçirilmişdir. Həlak olanların əksəriyyəti küçə döyüşləri zamanı deyil, öz evlərində cinayətkar erməni dəstələrinin əli ilə öldürülmüşdür.

Bakı Sovetinin silahlı birləşmələri azərbaycanlıların yaşadıqları məhəllələri ələ keçirdikdən dərhal sonra 5-10 nəfərdən ibarət bu qruplar həmin ərazilərdə guya “təmizləmə” əməliyyatlarına başlayırdılar. Bu “təmizləmə”lər isə talan, qarət və dinc azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunurdu. Erməni silahlı dəstələri dinc müsəlmanları öldürməzdən əvvəl onları müxtəlif işgəncə və təhqirlərə məruz qoyurdular. Bu haqda Fövqəladə Təhqiqat Komissiyasının materiallarında tükürpədici faktlar mövcuddur. Onları bu gün də həyəcansız oxumaq mümkün deyildir. Məsələn, Bakının məşhur Mayılov teatrı yüzlərlə dinc azərbaycanlının saxlanıldığı, sonra isə kütləvi güllələndiyi qeyri-rəsmi həbsxanaya çevrilmişdi. Qətlə yetirilmiş insanların paltarları və qiymətli əşyaları talan olunmuş, meyitlər üzərində təhqiramiz hərəkətlər edilmişdi.

Azərbaycanlılara qarşı bu vəhşiliklərin törədilməsində əsas məqsəd onların gözünü qorxutmaq, Bakı və Yelizavetpol quberniyalarının ərazilərini onlardan təmizləmək idi. Sovet Rusiyasının əsas məqsədi Cənubi Qafqazı yenidən Rusiyanın tərkibinə qatmaq idi. Hələlik isə bolşeviklər Bakı, Abşeron yarımadası və bütün Xəzəryanı ərazilər üzərində öz hakimiyyətlərini qurmaq əzmində idilər. Təsadüfi deyildir ki, o dövrdə bolşeviklərin Qafqaz siyasətinin əsas fiqurlarından olan İ.Stalin Bakı neft ərazilərinin iqtisadi baxımdan Azərbaycanın qalan hissəsi ilə əlaqəsi olmadığını iddia edirdi. Bu mövqeyi Bakı Sovetinin rəhbəri S.Şaumyan da dəstəkləyirdi. O, öz əməllərinə haqq qazandırmaq üçün Azərbaycan milli hərəkatının qalib gələcəyi təqdirdə Bakının Azərbaycanın paytaxtı elan edəcəyi ilə əsaslandırmağa çalışırdı.

Bakının Azərbaycandan ayrılması ideyası “Daşnaksütyun” partiyasının da maraqlarına uyğun idi, çünki bu, onların gələcək erməni dövləti üçün ərazi iddialarının həyata keçməsini asanlaşdırırdı. Beləliklə, bu proses, faktiki olaraq, Azərbaycanın siyasi xəritədən silinməsi cəhdi idi. Lakin Azərbaycan milli qüvvələrinin fədakarlığı nəticəsində bu planın həyata keçirilməsinin qarşısı alındı.

Mübariz AĞALARLI:

– Xalqımızın bu qətliama münasibəti barədə təkcə onu demək olar ki, 1918-ci ilin 31 Mart soyqırımı Azərbaycan türklərinin milli istiqlal mübarizəsində sarsıdıcı faciə olmaqla bərabər, həm də 28 May İstiqlalına aparan yolun siyasi və mənəvi katalizatoru rolunu oynamışdır. Bu qanlı hadisələr xalqın muxtariyyət ideyasından tam müstəqillik idealına keçidini sürətləndirən bir mayak funksiyasını yerinə yetirmişdir. Eyni zamanda, Mart qırğınları 15 sentyabr Bakının azad olunması ilə nəticələnən hərbi-siyasi hərəkatın tarixi zərurətini doğurmuşdur.

Çağdaş tariximizdə 20 Yanvar hadisələri dövlət müstəqilliyimizin bərpası üçün hansı mənəvi təməli təşkil edirdisə, 1918-ci ilin Mart hadisələri də ilk respublikamızın qurulması yolunda eyni dərəcədə həlledici mərhələ idi. Bir sözlə, 31 Mart xalqımızın əyilməz iradəsinin rəmzinə çevrilərək, bizi “İstiqlal bəyannaməsi”nə qovuşduran ilk böyük and yeridir. Azərbaycan xalqı bu faciəni heç zaman unutmamalı, onu öz qəlbinə əbədi həkk etməlidir. Eyni zamanda, millətimiz bu qətliamı sadəcə bir hüzn günü kimi deyil, ruhumuzun yenilməzliyini təsdiq edən hürriyyət, istiqlal, qəhrəmanlıq zirvəsi kimi ucaltmağı bacarmalıdır.

Aygün ƏZİMOVA:

– 1917-ci il noyabrın 9-12-də Bakıda keçirilən Zaqafqaziya Müsəlman Milli Komitəsi Rusiya Federasiyasında yeni muxtar siyasi vahid yaratmaq məqsədilə Milli Müəssislər Məclisinin çağırılması barədə qərar verdiyi və erməni siyasi qüvvələrinin də bu vəziyyətdən istifadə edərək öz siyasi məqsədlərinə çatmağa, erməni muxtariyyətinə nail olmağa çalışdıqları belə bir şəraitdə Qafqaz cəbhəsində Rusiya ilə Türkiyə arasında hərbi əməliyyatlar gedirdi. Bolşeviklər hakimiyyətə gələn kimi dünya müharibəsindən çıxdıqlarını elan etmişdilər. Məhz bu addım Qafqazın taleyinə ciddi təsir etmişdi.

Rusiyanın Almaniya ilə hərbi əməliyyatların dayandırıldığını elan etdikdən qısa müddət sonra, 1917-ci il dekabr ayının 5-də Zaqafqaziya Komissarlığı və Osmanlı hərbi komandanlığı arasında Ərzincanda atəşkəs barədə saziş imzalanmış və Qafqaz cəbhəsində də hərbi əməliyyatlar dayandırılmışdı. Bundan sonra Qafqaz cəbhəsindəki rus ordusunun tərxis olunmasına başlanılmışdı. Geri dönən əsgərlər Tiflis-Bakı dəmir yol marşurutu boyu müsəlman əhaliyə qarşı aqressiya nümayiş etdirirdilər. Rus ordusunun bölgədən çıxması burada anarxiya və özbaşınalığın da artmasına yol açırdı. İqtisadi böhran, xüsusən ərzaq qıtlığı yerlərdə qarətlərə səbəb olurdu.

Bu məqamda belə bir sual da verilə bilər. Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayansa da, burada hərbi təşkilatlanma prosesi nə səbəbdən güclənirdi və baş verənlərə xarici amillər necə təsir edirdi? Ona görə ki, bu zaman rus ordusunun bölgədən çıxması burada Mərkəz blokunun üzvləri olan Türkiyə və Almaniyanın mövqeyini gücləndirə bilərdi və bu da Rusiya kimi müttəfiqini itirən Antantanı ciddi narahat edirdi. Antanta dövlətləri Türkiyə ilə müharibənin davam etdirilməsində maraqlı idilər. Bu səbəbdən də Böyük Britaniya erməni hərbi qüvvələrinin təşkil edilməsi üçün maliyyə yardımı göstərməyə qərar vermişdi.

Bu dövrdə həm Türkiyə, həm də Britaniya kəşfiyyatı öz təsirlərini artırmaq üçün ciddi fəaliyyətə başlamışdılar. Türkiyə burada öz mövqeyini möhkəmləndirmək və gələcək strateji məqsədlərə nail olmaq üçün ittihadi-islam ideyası altında yerli müsəlmanların təşkilatlanmasını təmin etmək üçün fəaliyyətini gücləndirmişdi. Bu məqsədlə “İttihad və Tərəqqi partiyasının Qafqaz Şöbəsi” adlı bir təşkilat yaradılmış və onun rəhbəri kimi Həsən Ruşeni 1917-ci ilin dekabrında gizli yolla Bakıya göndərilmişdi. Britaniyanın Bakıdakı konsulu olan R.Makdonell isə ingilislərin bölgəyə gəlişinə münbit şərait yaratmaqla məşğul idi. Bir sözlə, bolşevik hakimiyyətini tanımayan Cənubi Qafqazın bir tərəfdən Türkiyə, digər tərəfdən Böyük Britaniya təsir dairəsinə keçmək təhlükəsi yaranmışdı.

Belə olan halda Qafqazı, ilk növbədə, neft Bakısını itirmək istəməyən Rusiya Xalq Komissarlığının qərarı ilə 1917-ci il dekabrın 16-da Bakı Sovetinin rəhbəri S.Şaumyan Qafqaz üzrə Müvəqqəti Fövqəladə Komissar təyin edilmiş və Bakı Soveti üzərinə diyarda sovet hakimiyyətini bərqərar etmək vəzifəsi qoyulmuşdu. Lakin Rusiya XKS hakimiyyətini qəbul etməyən Zaqafqaziya Komissarlığı buna razı deyildi.

Dekabrın 29-da Rusiya XKS tərəfindən “Türkiyə Ermənistanı” haqqında 13 saylı dekret elan edilmiş və onun həyata keçirilməsi də Qafqazın fövqəladə komissarı Şaumyana həvalə olunmuşdu. Bolşeviklərin bu dekreti isə onsuz da ağır olan vəziyyəti daha da mürəkkəbləşdirirdi. Dekretin verilməsində Şaumyan xüsusi xidmət göstərmişdi.

Kamran İSMAYILOV:

– 1918-ci ilin əvvəllərində Azərbaycanın yaşayış məntəqələrində vəziyyət mürəkkəb olaraq qalırdı. Bakı şəhəri, eləcə də Zəngəzur və İrəvan əraziləri istisna olmaqla Şimali Azərbaycanın əksər bölgələri Azərbaycan milli qüvvələrinin nəzarəti altında idi. Bu isə bütün Cənubi Qafqazı əl keçirməyə can atan Rusiyanın bolşevik hakimiyyətinin və onun Bakıdakı təmsilçisi roluna iddia edən Bakı Sovetinin planlarına ciddi təhlükə yaradırdı. Belə şəraitdə Bakı bolşevikləri bütün anti-Azərbaycan, xüsusən erməni-daşnak qüvvələri səfərbər edərək milli hərəkatı və onun aparıcı qüvvəsi olan Müsavat partiyasını məhv etmək üçün 1918-ci il mart ayının sonu – aprel ayının əvvəllərində kütləvi qırğınlar törətdilər. Bakı şəhərində azərbaycanlıların soyqırımını törədən bolşevik-daşnak qüvvələri öz hakimiyyətlərini Azərbaycanın bölgələrinə də yaymaq niyyəti ilə fəal hərəkətə başladılar.

Bakıdan sonra bolşevik-daşnak hücumlarının ilk ünvanı Şamaxı qəzası və Şamaxı şəhəri oldu. Onlar bu bölgəyə bütün Azərbaycanı ələ keçirmək üçün bir plasdarm kimi baxırdılar. Buna görə də qəzanın tezliklə ələ keçirilməsi üçün erməni və malakan əhalisi silahlandırılırdı.

Həmin dövrdə Şamaxı qəzasında 229 kənd var idi ki, bu yaşayış məntəqələrindən 196-da azərbaycanlılar, 21-də ermənilər, 11-də rus və malakanlar, 1-də isə yəhudilər yaşayırdılar. Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birlikdə, bütövlükdə, Şamaxı qəzasının əhalisi 161 min 552 nəfər idi ki, bunun da 72,9 faizini (117 min 706 nəfər) müsəlmanlar, 13,78 faizini (22 min 350 nəfər) ermənilər, 12 faizini (19 min 393 nəfər) ruslar, 1,32 faizini isə Qafqaz dağlıları və yəhudilər təşkil edirdi.

Şamaxı qəzasını ələ keçirmək üçün Bakı sovetinin bolşevik-daşnak rəhbərliyi bura külli miqdarda silah-sursat göndərmişdi. Bunu həmin dövrün materialları və şahid ifadələri də təsdiq edir. S.Şaumyan RSFSR XKS-ə göndərdiyi 13 aprel 1918-ci il tarixli məktubunda Şamaxıya artilleriyanın və pulemyotların onun göstərişi ilə göndərildiyini təsdiq edir. Bundan savayı, mart ayının ortalarında Bakı Soveti Şamaxıya ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə və 60 araba silah da göndərmişdi.

Şamaxı müsəlmanlarının dəhşətli soyqırımına məruz qalmalarını rus, hətta erməni millətindən olan şahidlər (N.Asriyants) öz xatirələrində etiraf etmişlər. 4 gün davam etmiş erməni talanları zamanı şəhərin abad və zəngin hissəsi olan “Piran-Şirvan” məhəlləsi tamamilə dağıdılmış, 14 məscid, o cümlədən Qafqazın ən qədim məscidi olan 800 illik Cümə məscidi yandırılmışdı. FTK-nın heç də tam olmayan hesablamalarına görə, təkcə Şamaxı şəhərində ermənilər tərəfindən 10 min insan öldürülmüş, şəhər tamamilə dağıdılmışdı. Qəzanın 110 müsəlman kəndi yandırılmış və talan edilmiş, 10 min nəfərdən artıq müsəlman qətlə yetirilmişdi.

Şamaxı qəzasını ələ keçirdikdən sonra daşnak və bolşevik dəstələri Göyçay qəzasına doğru hərəkət etmiş, burada da kütləvi vəhşiliklər həyata keçirmişlər. 1918-ci il martın sonunda isə erməni-bolşevik qüvvələri tərəfindən Bakıdan “Evelina” gəmisində Lənkərana yola düşən müsəlman alayı heyətinin tərk-silah edilməsi ilə başlanılan soyqırımı digər ərazilərdə olduğu kimi, Lənkəran-Muğan bölgəsində də həyata keçirilmiş, bu coğrafiyada yerli müsəlman əhaliyə amansız divan tutulmuşdur. Bəzi mənbələrə görə, təkcə Lənkəran şəhərində 300-ə yaxın müsəlman öldürülmüşdü. Bu hadisələrdən sonra Lənkəranda hakimiyyət antimilli qüvvələrin əlinə keçmiş, burada sovet hakimiyyəti qurulmuşdu.

Bakıdan Cavad qəzasına göndərilmiş silahlı dəstələr aprelin 24-də Salyan şəhərini ələ keçirərək burada sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Aprelin son ongünlüyündə isə qəzanın əksər kəndlərinin əhalisi daşnak-bolşevik dəstələrinin vəhşiliklərinə məruz qaldı. Şaumyanın təklifi ilə Quba qəzasını ələ keçirmək və Şimali Qafqazla əlaqələri bərpa etmək üçün bura əsasən ermənilərdən ibarət daşnak Hamazaspın başçılığı ilə 2 minlik cəza döyüş dəstələri və zirehli qatar göndərilmişdi. Qubaya silahlı müdaxilə etmiş Hamazaspın rəhbərlik etdiyi daşnak silahlı birləşmələrinin dinc əhaliyə təcavüzü nəticəsində Quba şəhəri tamamilə dağıdılmış, 2800 türk-müsəlman öldürülmüşdü. Qəzanın 168 kəndi ermənilər tərəfindən dağıdılmışdı.

Bütün bunlardan sonra bolşevik-daşnak güruhu tez bir zamanda bütün Azərbaycanda və Cənubi Qafqazda, xüsusən Gəncədə hаkimiyyəti ələ keçirmək niyyəti güdürdülər, bunun üçün qərb istiqamətində hücum planı da hazırlanmışdı. Şaumyan Leninə yazdığı 23 iyun 1918-ci il tarixli məktubda təəssüflə bildirirdi ki, biz Bakıdakı vətəndaş müharibəsindən sonra az qüvvə ilə Gəncəyə hərəkət etmiş olsaydıq, daha yaxşı olardı. Bolşeviklər regionda hakimiyyəti ələ keçirmək üçün əsas ümidlərini sovet Rusiyası ilə yanaşı, ermənilərin üsyanı ilə bağlayırdılar.

Aygün ƏZİMOVA:

– Mart soyqırımı ərəfəsində Azərbaycan milli qüvvələrinin hərbi gücü ilə bağlı bəzi məqamları da diqqətə çatdırmaq istərdim. Belə ki, atəşkəs imzalansa da, Türkiyə ilə hələ yekun sülh müqaviləsi bağlanmamışdı. Belə olduqda qərara alınmışdı ki, Qafqaz cəbhəsini tərk edən rus ordusunu burada yaradılacaq milli hərbi hissələr əvəz etsin. Bunlar gürcü, erməni, müsəlman, eləcə də rus milli hissələri olmalı idi. Bu səbəbdən də 1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığının qərarı ilə Millətlərarası Hərbi Şura yaradılmışdı.

Məlum olduğu kimi, gürcü və ermənilərin rus ordusunda çox sayda əsgərləri var idi. Azərbaycanlılar isə çar Rusiyası dövründə hərbi mükəlləfiyyət daşımaqdan azad edilməklə orduda xidmətdən məhrum olunmuşdular. Bu səbəbdən də əgər erməni və gürcü milli hərbi hissələrini təşkil etmək asanlıqla baş verdisə, azərbaycanlılar üçün bu iş böyük çətinliklər yaratmışdı. Buna rəğmən, Azərbaycan hərbi qüvvələrinin də təşkili başlanmışdı. Bu qüvvələrin əsasını I Dünya müharibəsi zamanı Qafqaz xalqlarından təşkil edilən süvari Vəhşı diviziyanın tərkibində olan Tatar süvari alayı təşkil edirdi. Noyabrın əvvəlində Gəncədə Müsəlman hərbçilərinin qurultayı keçirilmiş, Bakıda isə hərbi kadrlar hazırlamaq üçün Müsəlman praporşiklər məktəbi açılmışdı. Bir qədər sonra – dekabrın 6-da Tiflisdə Qafqaz cəbhəsi Müsəlman hərbçilərinin qurultayı çağırılaraq Ə.Əsədullayevin sədr olduğu Qafqaz Müsəlman Hərbi Şurası da yaradılmışdı.

Daha sonra isə Əliağa Şıxlinskinin komandanlığı altında Müsəlman Milli Korpusunun təşkili başlanmışdı. 1918-ci il yanvarın 9-da Zaqafqaziya dəmir yolunun Şamxor stansiyasında rus ordusu əsgərlərinin tərk-silah edilməsi nəticəsində 20 top, 70 pulemyot və 15 min tüfəng əldə edə bilmişdilər. Lakin bu hadisə bolşeviklər tərəfindən milli qüvvələrə qarşı siyasi təbliğatda qarayaxma üçün istifadə edilmişdi. Azərbaycan milli qüvvələrinin təbii haqqı olaraq, öz hərbi qüvvələrini təşkil etmək cəhdi bolşeviklər tərəfindən əks-inqilabın silahlanması kimi təqdim edilirdi. Halbuki, eyni proses daha sürətlə və kütləvi şəkildə erməni və gürcü milli şuraları tərəfindən həyata keçirilirdi.

Yeri gəlmişkən, Brest-Litovsk sülh müqaviləsinin regiondakı prosesləri dəyişməsinə gəldikdə isə deyə bilərəm ki, 1918-ci il martın 3-də sovet Rusiyası ilə Almaniya arasında adıçəkilən sənədin imzalanması Cənubi Qafqazda siyasi qüvvələr arasında münasibətlərin kəskinləşməsinə təsir etdi. Bu müqaviləyə görə, sovet Rusiyası Qars, Ərdahan və Batumdan Osmanlı dövlətinin xeyrinə imtina edir və bununla da Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığını üz-üzə qoymuş olurdu. Komissarlıq bu ərazilərin Türkiyəyə keçməsi ilə razılaşmırdı. Belə olan halda Türkiyə hərbi əməliyyatları bərpa etmiş Zaqafqaziya Seymini Osmanlı dövləti ilə danışıqlara başlamağa məcbur etmişdi.

Osmanlı dövləti Cənubi Qafqazın öz müstəqilliyinin elan olunmasını tələb edirdi. Osmanlı dövlətinin köməyinə ümid edə bilən Azərbaycan milli qüvvələri ilə Osmanlıya qarşı olan erməni və gürcülər arasında kəskin fikir ayrılığı yaranmışdı. Azərbaycanlılar Türkiyənin müttəfiqi və Qafqazın Rusiyadan ayrılmasının əsas təqsirkarları hesab olunurdular. Bir sözlə, Azərbaycan milli qüvvələrinə qarşı mübarizə bolşeviklər və erməni siyasi qüvvələrinin ümumi hədəfinə çevrilmişdi. Şübhəsiz ki, bolşevklər arasında ermənilərin kifayət qədər yer tutması hər iki təşkilat arasında münasibətə təsir etmişdi.

“Dəyirmi masa” söhbətini çapa hazırladı:
Vaqif BAYRAMOV,
Səbuhi MƏMMƏDOV (foto)
XQ













Sosial həyat