Milli Kitabxanada dünya şöhrətli Azərbaycanlı cərrah, Türk dünyasının görkəmli alimi, naşir və ictimai xadim Cavad Heyətin anadan olmasının 100 illik yubileyi münasibətilə “Cavad Heyət – 100” adlı kitab sərgisi açılıb.
Sərgidə elm və mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Cavad Heyətin əsərləri, keçdiyi şərəfli ömür yolu, çoxşaxəli fəaliyyəti və elmi yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuat materialları və “Varlıq” jurnalının müxtəlif buraxılışları nümayiş olunur.
Qeyd edək ki, məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib. 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnən doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə "Birinci Dərəcəli Əmək Ordeni" ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirib.
Cavad Heyət dostu Prof. Dr. H.Nitqi ilə birlikdə elmi türkologiyanın əsasını qoyub. Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb.
Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir. O, həmçinin “Varlıq” dərgisinin təsisçisidir.
Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.
XQ