İspaniya hökuməti ABŞ istehsalı olan F-35 Lightning II beşinci nəsil döyüş təyyarələrinin alınması planını qeyri-müəyyən müddətə təxirə salıb. Bu barədə El País qəzeti hökumət mənbələrinə istinadla məlumat yayıb. Rəsmi dairələr ABŞ silah texnologiyasından asılılığın azaldılması məqsədilə Avropa istehsalı olan alternativlərə üstünlük verilməsi variantını nəzərdən keçirirlər.
İspaniyanın 2023-cü il dövlət büdcəsində F-35 təyyarələrinin alınması üçün 6,25 milyard avro məbləğində vəsait ayrılmışdı. Lakin ABC nəşrinin məlumatına görə, rəsmi Madrid bu vəsaiti Eurofighter Typhoon kimi Avropa istehsalı olan qırıcıların alınmasına yönəltməyi planlaşdırır. Eurofighter konsorsiumu BAE Systems (Böyük Britaniya), Airbus (Avropa İttifaqı) və Leonardo (İtaliya) şirkətləri tərəfindən birgə istehsal olunur.
Baş nazir Pedro Sançes ötən il ölkənin hərbi xərclərinin ÜDM-in 2%-nə çatdırılacağını bəyan etmişdi. Bu məqsədlə İspaniya müdafiə sahəsinə əlavə olaraq 10,5 milyard avro ayıracağını açıqlamışdı. Lakin 2025-ci ilin iyununda İspaniya hökuməti NATO-nun baş katibi Mark Ruttenin 2032-ci ilə qədər hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması tələbinə mənfi cavab verib.
İspaniyanın bu qərarı ABŞ-ın kəskin reaksiyası ilə qarşılanıb. ABŞ prezidenti Donald Tramp baş nazir Pedro Sançesin mövqeyini sərt tənqid edərək, İspaniya məhsullarına qarşı əlavə gömrük rüsumları tətbiq ediləcəyi ilə hədələyib. Daha sonra Mark Rutte bildirib ki, İspaniya NATO-nun yeni hədəf göstəricilərini qəbul edib, lakin bu mövzuda dəqiq sənədli təsdiqləmə verilməyib.
Müdafiə sənayesi üzrə ekspertlərə görə, İspaniyanın bu qərarı Avropa Birliyi daxilində müdafiə sahəsində daha müstəqil və vahid texnologiya siyasətinin formalaşması tendensiyasına uyğundur. Eurofighter proqramı həm siyasi inteqrasiya, həm də iqtisadi səmərəlilik baxımından F-35-lə müqayisədə region üçün daha strateji seçim hesab olunur.
Madridin F-35 layihəsindən uzaqlaşması təkcə texnoloji deyil, geosiyasi və iqtisadi motivasiyalara söykənir. Bu qərar yaxın illərdə Avropa müdafiə sənayesinin inkişaf istiqamətlərinə və NATO daxilində yük bölgüsünə təsir edə bilər.
S.ELAY
XQ