“Miatsumsuz Ermənistan” və çağdaş ali təhsil ocağı məğlub ölkədə parlament seçkiləri

post-img

Yaxud “3 saylı inqilab”ın gələcək naminə keçmişlə mübarizə formulu

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə özünün “Facebook” sosial şəbəkəsindəki canlı yayımı zamanı bir çox mətləblərə toxundu. Onun üzərində dayandığı ən başlıca məqam “Miatsum”suz Ermənistan”dır. Deməli, müstəqillik illərində ilk dəfə olaraq Ermənistandakı bir siyasi qurum seçkiyə qarşısına Qarabağ avantürasını hədəf qoymadan qatılacaq. Şübhəsiz, bu, yenilikdir.

Əlbəttə, yenilik Nikol və komandasının bu il iyunun 7-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində uğur qazanacağı təqdirdə gerçəkləşəcək. Bir çox siyasi ekspertlər isə prosesin ölkədaxili əhəmiyyəti, habelə, Cənubi Qafqaza təsiri haqqında çoxsaylı fikir və mülahizələr səsləndirməkdədirlər və bu mənada, Rusiyanın siyasi şərhçilərinin düşüncələri maraqlıdır.

Maraq təkcə onda deyil ki, Şimal qonşumuzun politoloq və ekspertləri, bir qayda olaraq, Paşinyan hakimiyyətini qınayırlar. Onların ölkələrinin Cənubi Qafqazdakı mövcudluq parametrinin sıradan çıxmasından təşvişə düşdükləri durum da var. Axı bu parametr erməni amilinə əsaslanırdı. Başlıca məqam rus analitiklərin reallığı vurğulamaları və gətirdikləri arqumentlərin kifayət qədər tutarlı olmasıdır. Arqument isə sırf identikliyə söykənir. Söhbət Qafqazdakı erməni varlığının milli kimlik anlamından gedir.

* * *

Fikrimizi əsaslandırmaq üçün tarixə nəzər yetirək və qısaca ermənilərin regiona köçürülmələrinin məqsəd və məramlarından söz açaq. Məlumdur ki, köçürülmə 1830-cu ildən başlandı və proses Rus-İran müharibəsinin nəticələrini təsdiqləyən 1828-ci ilin Türkmənçay müqaviləsinə əsaslandı. Nəzərə alaq ki, müqavilədə ermənilərin Cənubi Qafqaza yerləşdirilmələrinə dair ayrıca müddəa var idi...

Daha sonra Qafqazda erməni vilayəti yarandı. Tarix, həmçinin, 1918-ci ildə Ermənistan Respublikasının qərarlaşmasına da şahidlik etdi. O respublika ki, zərurətdən yox, imperialist güclərin maraq və mənafelərinin diktəsindən irəli gəldi. Həmin güclər türk-müsəlman dünyasını bir-birindən ayırmaq məqsədi güdürdülər və yekunda istəklərinə çatdılar.

Erməni varlığı üçün məfkurə “toxumaq”, ideoloji müqəddəslik formalaşdırmaq, saxta mübarizlik aşılamaq, miflər, türklərə qarşı kin və qəzəb uydurmaq da planın təkib hissəsi idi. Yəni elə şərait yaradıldı ki, haylar qonşuları ilə konflikt şəraitində yaşasınlar. Nəticə etibarilə, daimi münaqişə formulu və ərazi iddiası məntiqi ermənilər üçün alın yazısına çevrildi. Hay millətçilərinin əyinlərinə biçilmiş təbliğat məhz bu “həyat kredosu” üzərində quruldu.

Bəli, rus və Qərb imperializmi, kilsə başda olmaqla, erməni varlığının əyninə biçilmiş saxta ideoloji düsturlardan qaynaqlanmış qonşulara qarşı ərazi iddiası xəstəliyinə və həmin xəstəliyin ayrı-ayrı “şıltaqlıq elementlərinə” ona görə “yaşıl işıq” yandırdı ki, bu varlıq hər iki qütbün qlobal maraq və mənafelərinin təminatında tutarlı alətə çevrilsin. Barəsində söz açdığımız Ermənistan dövləti də 1918-ci ildə məhz belə bir “ampluadan” irəli gələrək formalaşdı.

* * *

SSRİ-nin süqutundan sonra hay millətçiliyi tarixi erməni məsələsi baxımından varislik xəttini qorudu. Faktiki olaraq, həm Qərb, həm də Rusiya müasir Ermənistan Respublikası üçün Qarabağ identikliyi üzərində ortaq məxrəcə gəldi. Birinci diplomatik susqunluğu, ikinci əməli dəstəklə. Nəticədə, Rusiya Ermənistana Azərbaycan torpaqlarının işğalında kömək göstərdi, Qərb isə ədalətsizliyə və haqsızlığa göz yumdu.

Ermənistanın Azərbaycan torpaqlarının işğalı 30 ilə yaxın davam etdi və ötən müddətdə gedən danışıqların nəticəsizliyi, BMT-nin və digər qurumların qətnamə və bəyanatlarına məhəl qoyulmaması Qərbin və Rusiyanın haylara müştərək dəstəyinin göstəricisi idi. Ölkəmiz isə Qarabağ davasından geri durmadı, təcavüzlə barışmayaraq, həm iqtisadi və hərbi baxımdan gücləndi, həm də fəal diplomatik xətt yürütdü.

Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə işğala son qoydu, Silahlı Qüvvələrimizin lokal xarakterli antiterror tədbirləri ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Bununla da Qarabağ avantürasına son qoyuldu. Amma məsələ yalnız avantüraya son qoymaq mahiyyəti daşımadı. Ümumən, erməni varlığı üçün müəyyənləşdirilmiş “missiya” sona çatdı. Təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev çıxışlarında 200 illik erməni planına son qoyulduğunu vurğulayıb.

Hesab edirik ki, bu, adi məsələ deyil. O zaman ortaya sual çıxır: bünövrəsi avantüra və nifaqla, böyük oyunlar üçün alətə çevrilməklə qoyulmuş Ermənistan Respublikası lazımdırmı, yaxud kimə lazımdır? Ölkənin baş naziri Nikol Paşinyan bu suala cavab verir və bildirir ki, Ermənistan mövcudluğunu hay varlığının azad, sülh və əmin-amanlıq şəraitində ömür sürməsi, xoşbəxt və firavan yaşaması naminə davam etdirməlidir.

* * *

Deməli, Nikolun sinəsinə ölkənin xəritəsinin əks olunduğu döş nişanını taxıb dünyanı gəzməsi elə-belədən deyil. Baş nazir ermənilərin avantürist niyyətlər və ərazi iddiası üçün alətə çevrilməyəcəklərinin mesajını verir. Məsələ onda deyil ki, Paşinyan səmimidir. Səmimi olsaydı, 2019-cu ildə Xankəndinin mərkəzi meydanında “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməz, 2021-ci ilin parlament seçkilərinin kampaniya dövründə 44 günlük müharibə zamanı itirilmişlərin bərpası şüarını irəli sürməz, ümumən, 2020-2025-ci illərdə hər cür oyunbazlığa getməzdi.

Məsələ ondadır ki, baş nazirin başqa çarəsi yoxdur. Axı o, reallıqları görür. Görür ki, “erməni kartı”nın istifadə müddəti bitib. Ona görə 1830-ci ildən indiyədək qazanılmış ərazilərin əldən çıxmamasına çalışır. Nikolun “Milli Müqavilə” Partiyasının iyun seçkilərinə fokuslanıb “Miatsum” iddiasını kənara qoyması məhz bununla bağlıdır. Paşinyan rəhbərlik etdiyi qurumun avantüradan uzaq yeganə siyasi təşkilat olduğunu car çəkir, uca səslə bildirir ki, köhnə dövrə qayıtmaq, keçmişin iddialarını gündəmə gətirmək Ermənistan üçün fəlakətdir. Həqiqətən, Nikol erməniləri yeni müharibə və iflas təhlükəsi ilə qorxutmasın, nə etsin?

N.Paşinyan qarşıdan gələn parlament seçkilərindəki mübarizənin müharibə və sülh tərəfdarları arasında gedəcəyini bildirməkdə də tam haqlıdır. Sadə ermənilər 44 günlük müharibədə gördüklərini görüblər. Onlar savaşın acılarına qatlaşdıqlarından, eyni durumun təkrarlanmasını istəmirlər. “Əmması” budur ki, hələlik avantüradan uzaq sabit erməni toplumu yoxdur. Xəstəlik hay cəmiyyətinin canından çıxmayıb. Ona görə xəstə təfəkkürlü revanşist və şovinistlərdən ibarət daxili kəsim qalır. O kəsim ki, xarici dəstəyə malikdir. Onu da deyək ki, məhz xarici dəstək Paşinyan və komandasının seçkidəki ən başlıca çətinliyidir.

* * *

Beləliklə, Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə fokuslanan xarici qüvvələr “Miatsum” avantürasını Ermənistan üçün identik varlıq simvolu olaraq təbliğ edir və Paşinyanı, guya, illərin sınağından çıxmış düstura zidd davranan, yerdən çıxma şəxs kimi dəyərləndirirlər. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun nəzdindəki Avroatlantik Mərkəzin əməkdaşı, politoloq Sergey Markedenov deyir ki, Ermənistan rəhbərliyi təkcə Qarabağ üzərində Azərbaycanın suverenliyini qəbul etmir, eyni zamanda, həmin bölgənin ermənilərinin əhəmiyyətli hissəsi üçün həm sağalmayan travma, həm də həyata keçməmiş milli arzu mahiyyətini heçə sayır: “Baş nazir Nikol Paşinyan və ətrafı belə bir mesaj verir: “Miatsum” erməni milli maraqlarına uyğun deyil, zərərlidir (hətta müxtəlif düşmən “hibrid” qüvvələr tərəfindən kənardan gətirilmiş ideyadır) və ondan tam imtina sülhə aparan optimal yoldur”.

S.Markedonov hayların Qarabağ nisgilini millik kimlik məsələsi kimi xarakterizə edərkən, İrəvandakı Erməni soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyanın Ermənistanda səfərdə olan ABŞ Vitse-prezidenti Ceyms Devid Vensə qondarma “Artsax”la bağlı kitab hədiyyə etməsi üzərində dayanıb. Politoloqun fikirlərindən gəlinən nəticə budur ki, sözügedən hadisə, bir növ, hay yaddaşının üsyanıdır. Yeri gəlmişkən, muzeyin direktoru protokoldan kənar təsir bağışlayan (ola bilər ki, planlaşdırılmış hadisədir – red.) hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılıb. “Ölkənin baş naziri Qarabağ hərəkatının olmadığını bəyan edirsə, xarici qonağa Qarabağ məsələsi haqqında kitab hədiyyə etməyin mənası nədir?”, - deyərək məsələyə münasibət bildirən Paşinyan isə bu fikrinə görə daxildəki müxalif kəsimlə yanaşı, Rusiya ermənipərəstlərinin də qınaq, hətta təhqir obyektidir.

* * *

Təkcə S.Markedonov yox, həmçinin Rusiyanın siyasi-intellektual düşərgəsinin ayrı-ayrı təmsilçilərinin müştərək fikri belədir ki, Bakı–İrəvan sülh prosesi tərəflər arasındakı kompromisdən çox, onlardan birinin gücünün nəticəsidir. Şübhəsiz, tərəflərdən biri dedikdə, vurğu Azərbaycanın üzərinə qoyulur. O, Azərbaycan ki, beynəlxalq hüquqa əsaslanmış ədaləti hərbi gücü hesabına bərpa edib. Görəsən, bu nə zamandan hay varlığının əzilməsi, onun milli kimliyinin zədələnməsidir? Halbuki Rusiyada belə təbliğat aparanlar çoxdur.

İki Qarabağ müharibəsi Ermənistan adlanan ərazidə getməyib. Ancaq Markedonov kimi erməni kimliyinə identiklik uyduranlar üçün həqiqətin heç bir önəmi yoxdur. Onlar Azərbaycanın öz gücünü haqlı məram naminə istifadə etdiyinin fərqində deyillər. Belələrinin ortaya qoyduqları baxış budur ki, Paşinyanın Qarabağ avantürasından uzaq siyasət xətti milli məsələni kənara qoymaqdır. Belələrinin Ermənistanda hərəkətə gətirdiyi revanşist və şovinistlər isə daha sərt ritorikaya üstünlük verərək, Nikolu “satqın” və “xain” adlandırırlar. Politoloq Markedonov isə digər həmkarları kimi, subliminal formad təxribatla məşğuldur: “Beləliklə, erməni seçiciləri yalnız partiyalara və siyasi birliklərə səs verməyəcəklər, həm də identitar koordinatlar sistemində mövqe müəyyən edəcəklər; faktiki olaraq hüquqi şəkildə formalaşdırılmamış suallara cavab verəcəklər: “Biz haradan gəlmişik? Biz kimik? Hara gedirik?”

Suallara baxın, ermənilər haradan gəliblər və hara gedirlər? Heç şübhəsiz, vurğu uzaq 1830-cu illərə qoyulur. Çox güman, Markedonov ermənilərin nə üçün gəldiklərini qeyd etməyi “unudub”. Onların hara getdiklərinə gəlincə, əslində, Paşinyan bu barədə söz açır və əvvəldə məsələyə toxunduq. Söhbət sülhə, əmin-amanlığa, inkişafa istiqamətlənmiş yoldan gedir. Markedonovlar, ümumən, rus düşüncə sistemi isə yada keçmişi salaraq, ermənilərin missiyasına köklənir. O missiya ki, onlara heç nədən dövlətçilik qazandırmışdı. Yəni faktiki olaraq, verilən mesaj budur: Ermənistan milli identiklikdən, daha doğrusu, avantüradan, qonşularla nifaqdan əl çəkirsə, erməni dövləti kimə və nəyə lazımdır? Bir azdan hayların gəldikləri yerə qayıtmalı olduqlarına dair bəyanat versələr, qəti təəccüblənmərik. Axı onların ermənilərin rahat, münaqişəsiz bir düzəndə yaşamaları ilə bağlı nə planları var, nə də təsəvvürləri. Çünki hayları insan yox, zombi kimi görürlər. Cənubi Qafqazın zombisi kimi.

Əlbəttə, belə təfəkkür sahiblərinin nəzərlərində Paşinyanın “xəyanətkarlığının” anlamı çox böyükdür. Çünki Nikol 200 illik planın məhvə düçar olmasında müqəssir sayılır. Rusiyadakı bəzi dairələrin Ermənistanın Rusiyaya münasibətdə nankor davrandığını bildirmələrinin kökündə də məhz bu baxış dayanır. Bir daha aydın olur ki, Paşinyanı satqın kimi qələmə verən Ermənistandakı revanşist və şovinist kəsimin ideya mənbəyi haradan qaynaqlanır.

* * *

Sonda yenidən “Miatsumsuz Ermənistan” formulu üzərinə qayıdaq. Politoloq S.Markedonov Ermənistanın baş nazirinin sonuncu “Facebook” çıxışı zamanı səsləndirdiyi fikirlərdən daha bir məqamı xatırladıb və bildirib ki, “Paşinyanın sözlərinə görə, “2018-ci il seçkiləri ilə biz daxili siyasi inqilab etdik, 2021-ci il seçkilərində xalq bizi sosial-psixoloji inqilab və düşüncə inqilabı istiqamətinə yönəltdi. 7 iyun 2026-cı il seçkilərində isə biz tarixi-siyasi inqilaba nail olacağıq”. Tarixdə “əgər” sözü yoxdur. Lakin 2020–2023-cü illərdə hadisələr başqa cür inkişaf etsəydi, yəqin ki, biz tamam başqa bir Paşinyanı və Qarabağla bağlı tam fərqli ssenariləri görərdik. Amma özünü inqilabçı kimi təqdim edən erməni baş naziri işlərini adətən dəqiq, ardıcıl və radikal şəkildə görməyə öyrəşib. 2026-cı ilin martında o, qarşıdan gələn seçkilərdə “3 saylı inqilab” elan edib”.

Markedonov haqlıdır, o anlamda ki, Paşinyanın dediklərini, müəyyən mənada, “3 saylı inqilab” olaraq dəyərləndirmək mümkündür. Amma daha dəqiq təsvir budur: Nikol hazırda 2018-ci il inqilabının nəticələrini qorumağa çalışır. Əgər Paşinyan 8 il əvvəl inqilabın “Miatsum” saxtalığı ilə davam trayektoriyasını görürdüsə, daha doğrusu, görməyə çalışmışdısa, hazırda onun bu baxışından əsər-əlamət yoxdur. Baş nazirin ən böyük səhvi isə durumu zamanında qiymətləndirməməsidir. Ona görə markedonovlar və digərləri 8 il əvvəlin eyforik dövrünü yada salırlar. Axı Nikolun Qarabağı ermənilər üçün milli kimlik simvoluna çevirən sərsəmləmərinin üzərindən böyük zaman keçməyib. Hər kəs “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını da, “yeni ərazilər uğrunda yeni müharibə” şüarını da yaxşı xatırlayır. Deməli, Paşinyanın qarşıdan gələn parlament seçkilərindəki ən böyük rəqibi, heç kəs və heç bir qüvvə yox, onun öz keçmişidir.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət