Haysayağı “qısaqapanma”

post-img

Deyirlər COVID-19-dan sonra insanların əksəriyyəti hafizəsində problem yaşamaqdadır. Huşsuzluğun əlaməti kimi, iki-üç gün əvvəl getdiyi yeri, yediyi yeməyi xatırlaya bilməmələri göstərilir. Amma 10, 20, 30 il əvvəl baş verənlər onların yaddaşında olduğu kimi qalıb, təfərrüatına qədər danışa bilirlər.

Mümkün deyil ki, Ermənistan Respublika Partiyası idarə heyətinin üzvü Artak Zakaryan məlum bəyanatı yayarkən tam anlaqlı vəziyyətdə olsun. Ən azı, yaddaşının pozulmasından əziyyət çəkdiyi göz qabağındadır. Əgər belə olmasaydı, məzmunu hətta ermənilərin özlərini belə heyrətə gətirəcək bəyanat verməzdi: “Almaniya İsraillə diplomatik əlaqələri müharibənin bitməsindən iyirmi il sonra və Holokost təzminat ödənişlərinin başlanmasından on iki il sonra – 1965-ci ildə qurub. Hətta bu soyqırımı tanındıqdan və təzminat ödənildikdən illər keçsə də, siyasi və mənəvi baxımdan bu fakt hər iki tərəf üçün həssas məsələ olaraq qaldı. İsrail cəmiyyətinin əhəmiyyətli bir hissəsi Almaniya dövləti ilə istənilən münasibətə qəti şəkildə qarşı çıxdı. Almaniyanın mühafizəkar dairələri də buna müqavimət göstərdilər”. Əslində, biz bu bəyanatın müəllifinin huşsuzluğundan deyil, ağlına rəxnə yetməsindən, bədəninin yuxarı orqanında vacib detalları düşürüb itirməsindən danışmalıyıq.

...Görəsən, ermənilərin Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə Bakının İrəvandan üzr istəməsini, təzminat ödəməsini iddia edən Zakaryan II Dünya müharibədindən sonra Almaniya – İsrail münasibətləri ilə Ermənistan – Azərbaycan sülh prosesi ətrafında mövcud vəziyyət arasında paralellər aparanda tarixi hadisələrin identikliyi fikrini daşnak epidemiyasına yoluxmuş beyninin hansı hüceyrəsindən qoparıb? Bunu deyərkən o, doğrudanmı torpaqları işğal edənin, dinc əhaliyə divan tutanın, yurdumuzu xarabazara çevirənin, “DQMV” ətrafındakı 7 rayonumuzda maddi-mədəni hər şeyi söküb xaricə satanın, daşı daş üstə qoymayanın onun soydaşları deyil, azərbaycanlılar olduğunu düşünür? Əgər belədirsə, onda söhbət ağıldan deyil, onun gətirdiyi bəladan gedə bilər.

Axı ortada gözə girən həqiqət, danılması mümkün olmayan reallıq var. Kim kimdən üzr istəməli, hansı tərəf qarşı tərəfə təzminat ödəməlidir? Bu sualların cavabı bütün dünyaya, o cümlədən ağlı yerində olan haylara da məlumdur. Azərbaycan bədənindəki “dqr” adlı çibanı kəsib atdıqdan, beynəlxalq hüquqa tam uyğun şəkildə halal torpaqlarında suverenliyini bərpa etdikdən sonra da Qarabağda yaşayan erməni əhaliyə qalıb yaşaması üçün şərait təklif etdi, onlara şans verdi. Onların hansı seçimi etdiklərinə isə bütün dünya şahid oldu.

...Bəli, müdriklər belə məqamı nəzərdə tutub deyiblər: “meymun baxar güzgüyə, adını qoyar özgəyə”. Həm də xoruzun quyruğu göründü. Bu bəyanat Respublika Partiyasının Paşinyan iqtidarına qarşı seçkiqabağı dezinformasiya və gözdənsalma kampaniyası, elektoratın mövqeyi və rəyi ilə manipulyasiya taktikasıdır. Bəyanatdakı tezis məhz bu məkrli niyyətdən xəbər verir: “Mülki Müqavilə partiyası və onun tərəfdarları istisna olmaqla, Ermənistanda insanların sülhün real perspektivinə inanması üçün Azərbaycan irəliyə doğru bir addım atmalı və ya vahid etimad təməli yaratmalıdır. Hələ münasibətlərin tam şəkildə normallaşmasını bir tərəfə qoyuruq”.

...İndi isə bəyanatın ən zil yerinə gələk: “Azərbaycanın daxili və xarici siyasətinə diqqət etsəniz, aydın olar ki, o, sülhə yox, yeni müharibəyə hazırlaşır”. Zakaryanın sızlaya-sızlaya bəyan etdiyi “Yerablurun yaralarının hələ sağalmadığı”, “Artsaxdan olan məcburi köçkünlərin hələ də daimi yaşayış yeri tapmadığı”, “hakimiyyətin erməni xalqının psixoloji durumuna məhəl qoymadığı” kimi tezislər tarixi, siyasi və mənəvi aspektdən şərhə yaramadığı bir tərəfə, partokratik dələduzluğun məhsuludur. Paşinyan komandasını “Azərbaycanda artan ermənifobiya mühiti fonunda Ermənistanda xarici maraqların uzunmüddətli canişini rolunu öz üzərinə götürməyə çalışmaqda” suçlayan Kazaryanın boz hüceyrələrində, doğrudan da, “qısaqapanmanın” baş verdiyinə şübhə yeri qalmır. Beləsinə cavab verməyin nə qədər çətin olduğunu yəqin oxucular da duydular.

İ.HƏSƏNQALA
XQ

Siyasət