“Pour toi Armenie”dən Makronun “çörək və tamaşa”sınadək

post-img

Fransa başda olmaqla, Avropa Ermənistanı rahat buraxmalıdır, çünki...

“Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi, guya, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi”. Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Zəngilan sakinləri ilə görüşündə deyib. O zaman diqqət yetirək və görək dövlətimizin başçısı vurğunu, konkret olaraq, nəyin üzərinə qoymuşdu.

Əlbəttə ki, məsələ Fransa prezidenti Emmanuel Makron başda olmaqla, bəzi Avropa liderlərinin saxta hay təəssübkeşliyindədir. Onların ritorikaları yolverilməzdir. Ona görə ki, belələrinin dedikləri erməni xalqında son dövrlər yaranmış müsbət stereotipləri sıradan çıxarmaq potensialındadır.

Məlum olduğu kimi, hay cəmiyyətindəki ənənəvi xəstə baxışa görə, dünya erməniləri qorumağa borcludur. Bu baxış nəticəsində ermənilər, məşhur atalar sözündə deyildiyi kimi, arabanın kölgəsini öz kölgələri zənn ediblər. Ermənistanda Birinci Qarabağ müharibəsi zamanı qazanılmış uğur sonrası yaşanmış və uzun müddət davam etmiş eyforiya hissi fikrimizin sübutudur. Lakin indi başqa zamandır. Prezident İlham Əliyevin, əslində, vurğuladığı məhz budur.

Bəli, zaman başqadır, amma Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri keşik çəkir, özlərini erməni xalqının hamisi qismində aparırlar. Halbuki belə “ampluaya” ehtiyac yoxdur. Elə Prezident İlham Əliyevin vurğuladığı da budur: “Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya, onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi. Hamısı cəfəngiyyatdır”.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanı yer üzündən silmək planlarının olmadığını bildirərkən, qarşı tərəfdən hansısa təxribat əməlinin törədilməməsinin vacibliyi üzərində dayanıb. Çünki Avropanın, xüsusən Fransanın erməni təəssübkeşliyi, bir qayda olaraq, qızışdırıcı təxribat motivlərinə əsaslanıb. Yəni Paris eynilə Moskva kimi, Cənubi Qafqazda yaramaz “Qarabağ kartı” üzərində oyun oynayıb və Avropa Parlamentinin sərsəm qətnamələri fikrimizin sübutudur. Axı qurum Fransanın dirijor çubuğu ilə idarə olunur. Dirijor çubuğu ilə idarə olunanlar iddia edirlər ki, guya, Azərbaycan-Ermənistan sərhədində gərginlikdir, hər an müharibə alovlana bilər. Buna cəfəngiyyat deməyəsən, nə deyəsən?

Dövlətimizin başçısı fikirləri ilə belə məkrli oyunlara artıq meydan verilməyəcəyini bəyan edib: “Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.

Bəli, Azərbaycan daim ayıqdır və buna görə Makron kimi xarici ölkə liderlərinin fikirlərindəki ayrı-ayrı cəhətlərə həssas yanaşır. Ölkəmiz Cənubi Qafqazda böyük çətinliklər hesabına formalaşmış sülh və barış mühitini pozmaq təmayüllərinin mövcudluğundan ehtiyatlanmaqda haqlıdır. Necə deyərlər, göz gördüyündən qorxar. Amma biz qorxmur, sadəcə, Ermənistan daxilində son dövrlər yaranmış müsbət stereotiplərin sıradan çıxmasını istəmirik. Çünki sülh təəssübkeşiyik və onun region üçün çox böyük nemət olduğunun fərqindəyik.

Ermənistandakı müsbət stereotiplərə gəlincə, ölkənin Baş naziri Nikol Paşinyanın və komandası üzvlərinin apardıqları təbliğat ölkənin müstəqil dövlət imicini yaratmağa və sadə ermənilərin şüurlarına bu düşüncəni yeritməyə hesablanıb. Hər halda, indilik belə bir ovqat var. Bu düşüncə isə heç bir xarici qüvvələrə güvənməmək, onların regional siyasi alətlərinə çevrilməmək müqaviməti aşılamalıdır. Ən əsası, bu düşüncə qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamağı daha əzmlə təlqin etməlidir. Təlqin etməlidir ki, makronlar boğazdanyuxarı fikirləri ilə alqış qazanmasınlar. Çünki Emmanuel sifətlilər üçün səmimiyyət və sevgi tamamilə yad anlayışlardır...

Əlqərəz, Makronun Ermənistanda səsləndirdiyi fikirlər şübhə yaradır. O zaman görək Fransa lideri bu ölkədə olarkən nələrdən söz açmışdı. Bəri başdan bildirək ki, Makronun dediklərində müsbət məqamlar istisna deyil. Məsələn, o, Cənubi Qafqazın imperiyaların rəqabət meydanı olmasının yolverilməzliyini söylədi və vurğuladı ki, region Avropa, Asiya və Yaxın Şərq arasında körpüyə çevrilə bilər. Fransa lideri, həmçinin Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini qeyd etdi və Cənubi Qafqazda sülh, demokratiya və iqtisadi əməkdaşlıq çağırışı səsləndirdi. Çox gözəl. Məsələ ondadır ki, region klassik imperializmin, o cümlədən bu imperializmin daşıyıcısı olan fransız ritorikasının daşnak xislətli təzahür buxovundan qurtulmalıdır. Əgər Makronun bildirdiyi kimi, Ermənistan Avropaya üz tutubsa, bunun strateji seçim mahiyyəti, heç bir başqa niyyət güdmədiyi ciddi şəkildə əsaslandırılmalıdır. Əsaslandırmanı isə Makron yox, erməni iqtidarı etməlidir. Axı Fransa liderinə inam yoxdur.

Hətta öz ölkəsində belə inamı sarsılmış Yelisey sarayının hazırkı şefinin dilə gətirdiklərinin təhrik, Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilmə ehtimalı böyükdür və bu, rəsmi İrəvan üçün zərərli tendensiyadır. Zərərin “ayaq səsləri”ni Rusiya rəsmilərinin yanaşmalarında eşitdik. Halbuki “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən VIII Zirvə toplantısında erməniləri müdafiə yüklü dramatizm yaradılmaya bilərdi. Amma yaradıldı və durumun ən böyük səbəbkarı elə Makronun özüdür. Fransa prezidenti izdiham önündə Rusiyanın Ermənistanı 2020 və 2023-cü illərdə tək qoyduğunu bağırdı və Moskvanın təhlükəsizlik zəmanətlərinin etibarlı olmadığını vurğuladı. Bu, nə deməkdir? O deməkdir ki, Ermənistan üçün Fransanın timsalında Qərbin təhlükəsizlik zəmanətləri daha faydalıdır. O zaman sual olunur: Erməniləri kimdən qorumaq lazımdır? Əlbəttə, ağla ilk gələn Azərbaycandır. Prezident İlham Əliyev də məhz buna görə yuxarıda diqqətə çatdırdığımız fikirləri səsləndirdi.

Əslində, Makronun erməni təəssübkeşliyi çox primitivdir. Məsələn o, uzaq 1988-ci ili yada salır. Məlum olduğu kimi, həmin il dekabrın 7-də Ermənistan SSR-də güclü zəlzələ olmuşdu. Təbii fəlakət əsasən Spitak və Leninakan, yəni hazırkı Gümrünü və ətraf bölgələri dağıtmışdı. Zəlzələ nəticəsində on minlərlə insan həlak olmuş, yüz minlərlə insan evsiz qalmışdı. Həmin vaxt Fransadan xilasedicilər, yanğınsöndürənlər və həkim briqadaları Ermənistana göndərilmiş, humanitar yardım kampaniyaları təşkil olunmuş, fransız-erməni əsilli müğənni Şarl Aznavur beynəlxalq yardım toplamaq istiqamətində aktiv fəaliyyət göstərmişdi. Makron çıxışında məhz bunları xatırladaraq, Fransanın Ermənistanla münasibətlərini emosional və tarixi kontekstdə təqdim etməyə çalışmışdı. Yəqin elə buna görədir ki, onun Ermənistana dövlət səfəri çərçivəsində Gümrüdə keçirilmiş tədbir “Musiqi körpüsü: Ermənistan–Fransa” konserti adlandı, vurğu Aznavurun fəallığı üzərinə qoyuldu.

Amma Fransa prezidentinin zəlzələ vaxtı ölkəsinin Ermənistana dəstəyi xüsusunda dedikləri o qədər də yerinə düşmür. Çünki o dönəmdə Qarabağda separatizmin baş qaldırmasına baxmayaraq, Azərbaycandan da Ermənistana yardımlar göndərilmişdi. Hərçənd, o dövrün şahidləri bildirirlər ki, əgər güclü zəlzələ olmasaydı, Ermənistanda azərbaycanlılara daşnaklar tərəfindən hazırlanmış qırğın planları qəddarlıqla reallaşacaq, onsuz da həyata keçirilmiş kütləvi deportasiya faciələrlə yadda qalacaqdı.

Yəqin, hay millətçilərinin Qarabağ məkri səbəbindən o dövrün Azərbaycanında Şarl Aznavur kimi “Pour toi Armenie” (“Sənin üçün, Ermənistan”) adlı xeyriyyə mahnısı bəstələyən tapılmadı. Halbuki əvvəlki mərhələdə “Kür, Araz, Ararat, gözəldir bu həyat” sözlü mahnılar olmuş və həmin vaxt ermənilərin yadına Fransa düşməmişdi. Yəni azərbaycanlılarla dinc şəraitdə ömür sürən hayları qorumaq kimi bədnam vəzifə müəyyənləşməmişdi.

Digər tərəfdən, Makrona 1988-ci ilin zəlzələsini yada salmasına görə, müəyyən mənada, haqq vermək mümkündür. Axı Fransanın Ermənistana real dəstəyi məhz onda olmuşdu. Əlbəttə, sonradan Qarabağ üzrə danışıqlar platformasına çevrilmiş və hazırda canını tapşırmış ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana dəstəyindən, rəsmi Parisin Azərbaycan torpaqlarının işğalda qalmasına çalışmasından xəbərdarıq.

Bəli, hazırda Fransa liderinin “1988-ci ilin dekabrında necə sizin yanınızda idiksə, indi də yanınızdayıq” deməsində məntiq yoxdur. O səbəbdən ki, indi Ermənistan faciəli durumda deyil. Müvafiq olaraq haylar üçün fəlakət qondarmağa ehtiyac yoxdur. Hərçənd, 2020-2025-ci illərdə Parisdə və Fransanın təhriki ilə “köhnə qitə”nin bir çox yerlərində yeni saxta soyqırımı uydurmalarına cəhdlərin göstərildiyini unutmur və belə cəhdləri Qarabağ avantürasını, obrazlı şəkildə desək, süni nəfəs aparatında saxlamaq istəyi sayırıq.

Sonda onu da deyək ki, Ermənistana rahat yaşamaq imkan verilməli, onun başı avantürizmlə doldurulmamalıdır. Yəni Makron ucuz sentimentalizmini özünə saxlasa, daha faydalı olar. Çünki erməni xalqına nə sentimental yüklü boş vədlər lazımdır, nə də çörək və tamaşa. Hay cəmiyyəti müstəqillik illərində boşboğazlıqları çox görüb.

Ermənistan üçün şərt olan real inkişaf və rifahdır. Bunun yolu isə sülhdən keçir. O sülhdən ki, onun da makronların dilindən səslənməsinə ehtiyac yoxdur. Çünki ötən müddət göstərir ki, onlar səmimi deyillər, fikirlərinin arxasında bəlli məkr dayanır. Buna görə də erməni xalqı keçmişin, hətta ən yaxın keçmişin dərslərindən nəticə çıxarmalıdır. Nəticə çıxarmalı və boşboğazların dediklərini bir kənara qoyub, səmimi şəkildə yalnız sülhə köklənməlidir.

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət