Fırıldaqçıları necə tanıyaq, onlardan necə qorunaq?
Son illər Azərbaycanda rəqəmsal texnologiyaların sürətli inkişafı, onlayn bankçılıq xidmətlərinin genişlənməsi və sosial media platformalarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi yeni imkanlarla yanaşı, bir sıra hallarda neqativ nəticələrlə diqqət çəkən problemlər də yaradıb. Bu çətinliklər sırasında sosial şəbəkələrdə geniş yayılan saxta kredit təklifləri və maliyyə fırıldaqları daha çox narahatlıq doğurub.
Xüsusilə “ilkin ödənişsiz”, “illik cəmi 11 faizlə”, “girovsuz və zaminsiz”, “yalnız şəxsiyyət vəsiqəsi ilə 50 min manata qədər kredit” kimi cazibədar şüarlarla təqdim olunan reklamlar getdikcə çox sayda istifadəçini hədəfə alır. İlk baxışdan real və əlçatan görünən bu təkliflər, əslində, peşəkar şəkildə qurulmuş dələduzluq sxemlərinin tərkib hissəsidir. Bu cür elanların uğur qazanmasının əsas səbəbi isə onların insanların psixologiyasının zəif nöqtələrinə təsir etməsidir. Maliyyə çətinliyi yaşayan, təcili pula ehtiyacı olan və ya banklardan kredit ala bilməyən vətəndaş bu cür “asan həll yollarına” daha tez inanır.
Dələduzlar məhz bu həssas auditoriyanı hədəf seçərək, onların etimadını qazanmaq üçün tanınmış bankların adlarından, loqolarından və vizual üslubundan istifadə edirlər. Nəticədə, istifadəçilərdə yanlış təhlükəsizlik hissi formalaşır.
Bankçılıq eksperti Fuad Məmmədov bildirir ki, hər hansı bir maliyyə qurumu kredit verərkən, ilk növbədə, vətəndaşın xidmət müddəti (ən azı altı ay), yaşayış və ya qeydiyyat yeri, yaş və işlədiyi şirkətin reytinqi kimi amilləri nəzərə alır. Kreditlər ödənişləri gecikmiş və ya adı “qara siyahı”da olan müştərilərə verilmir. Belə hallarda banklar tərəfindən, məsələn, lombardlar vasitəsilə qızılla təmin edilən kreditlər təklif olunur. Bundan əlavə, F.Məmmədov vətəndaşlara etibarlı məlumat əldə etmək üçün yalnız bankların, eləcə də kredit təşkilatlarının rəsmi sosial media səhifələrinə daxil olmağı, habelə qaynar xətlərdən, rəsmi veb saytlardan və elektron poçt ünvanlarından yararlanmağın zəruriliyini vurğulayır.
Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) də bu günlərdə tanınmış bankların domen adlarını təqlid edən çoxsaylı fişinq (saxta) saytların mövcudluğu barədə xəbərdarlığı diqqətə çatdırıb. DİN-in sözçüsü Lumu İsrafilli polisin bu cür saytları idarə edən şəxsləri müəyyənləşdirdiyini və qanuni tədbirlər gördüyünü, eyni zamanda, vətəndaşlara bank kartı məlumatlarını, PIN və SMS kodlarını, CVV-lərini, parollarını və digər məxfi məlumatları üçüncü tərəflərə açıqlamamağın zəruriliyini xatırladıb.
Real təqlidçiliyi də var imiş…
Ekspertlərin fikrincə, bankların yuxarıda sadalanan meyarları nəzərə almadan yüksək məbləğdə krediti təminatsız və yoxlama aparmadan, xüsusilə də “qara siyahı”da olan, yəni kredit öhdəliklərini pozmuş şəxslərə verməsi heç cür mümkün deyil. Amma buna baxmayaraq, saxta kredit reklamları ilə yalan məlumatlar yaymaqla həssas təbəqənin aldadılması və bunun sürətlə kibercinayətkarlıq alətinə çevrilməsinə şərait yaradılması ciddi narahatlıq doğurur.
DİN-in dəfələrlə bildirdiyi kimi, son dövrlərdə tanınmış bankların rəsmi saytlarını təqlid edən saxta platformaların sayının getdikcə genişlənməsi də bunun bariz ifadəsidir. Bu saytlar görünüş cəhətdən orijinal resurslara maksimum bənzədilir və həmin şəbəkələr vasitəsilə istifadəçilərdən bank kartı nömrəsi, PIN, CVV/CVC və SMS təsdiq kodları, eləcə də şəxsi kabinet parolları kimi məlumatlar əldə edilir. Bundan sonra isə vətəndaşların bank hesabları tam nəzarətə götürülür və vəsaitlər qanunsuz şəkildə çıxarılır.
Problemin miqyası göstərir ki, təkcə hüquqi tədbirlərin həyata keçirilməsi ilə sözügedən çətinliklərin aradan qaldırılması kifayət etmir, vətəndaşların rəqəmsal və maliyyə savadlılığının artırılması da prioritet istiqamət olaraq vacibdir. Çünki texnologiyalar inkişaf etdikcə, dələduzluq üsulları daha da mürəkkəbləşir. Bankçılıq eksperti Aslan Əmiraslanov bu məsələdə rəsmi mənbələrə üstünlük verilməsi, kreditlə bağlı məlumatları təkcə bankların rəsmi saytlarından və təsdiqlənmiş sosial media hesablarından əldə edilməsini məsləhət bilir. O, eyni zamanda, sosial şəbəkələrdə və ya SMS-lə göndərilən naməlum, şübhəli linklərə inanılmaması, heç bir halda kart məlumatlarını, SMS kodlarını, eləcə də parolların üçüncü şəxslərə verilməməsi, domen adlarının yoxlanılması kimi əsas təhlükəsizlik qaydalarını diqqətdə saxlamağı da tövsiyə edir.
Sosial şəbəkələrin məsuliyyəti
Mövzunun digər önəmli tərəfi isə sosial media platformalarının məsuliyyətidir. Bu platformalar reklamların yayılmasına nəzarət mexanizmlərini gücləndirməli, saxta maliyyə təkliflərini vaxtında bloklamalıdır. Çünki hazırda bir çox hallarda dələduzlar ödənişli reklam vasitəsilə geniş auditoriyaya çıxış əldə edir və bu da onların fəaliyyətinin təhlükəliyini şərtləndirir.
Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində mövcud olan hüquqi bazadan müvafiq qurumlar səmərəli şəkildə yararlanır. Bununla belə, yeni dövrün çağırışları daha çevik və koordinasiyalı yanaşma tələb edir. Bu baxımdan bank sektorunda təhlükəsizlik protokollarının gücləndirilməsi, dövlət qurumları ilə maliyyə institutları arasında məlumat mübadiləsinin genişləndirilməsi, maarifləndirici kampaniyaların artırılması və təhsil müəssisələrində rəqəmsal savadlılıq dərslərinin təşviq edilməsi də mühüm önəm daşıyır.
Bütün bunlara əsaslanıb qeyd edə bilərik ki, sosial mediada yayılan “asan kredit” vədləri müasir dövrün ən geniş yayılmış maliyyə fırıldaqlarından birinə çevrilib. Ekspertlər tərəfindən bu məsələ təkcə iqtisadi deyil, həm də sosial və təhlükəsizlik problemi kimi qiymətləndirilir. Reallıq isə ondan ibarətdir ki, heç bir legitim maliyyə qurumu ciddi yoxlama aparmadan, təminatsız və yüksək məbləğdə kredit təqdim etmir. Əksinə, bu cür vədlər əksər hallarda vətəndaşların maliyyə məlumatlarını ələ keçirməyə yönəlmiş saxtakarlıq sxemidir. Mövcud çətinliklər fonunda ən səmərəli müdafiə mexanizmi vətəndaşların məlumatlılığı, diqqətliliyi və rəqəmsal davranış mədəniyyətidir. Dövlət qurumlarının, bank sektorunun və cəmiyyətin birgə səyləri nəticəsində bu təhlükənin təsirlərini minimuma endirmək mümkündür.
Süni intellekt və təhlükəsizlik
Bank eksperti Qasım Muxtarovun sözlərinə görə, respublikamızda bu cür halların yayılmasını şərtləndirən bir sıra amillər mövcuddur. Bu, ilk növbədə, sosial media istifadəsinin geniş yayılması, rəqəmsal savadlılığın hələ də istənilən səviyyədə olmaması, tez və asan kreditə olan yüksək tələbatın yaranması, bəzi vətəndaşların bank prosedurları barədə kifayət qədər məlumatın çatışmaması kimi məsələlər dələduzlar üçün münbit şərait yaradır və onların fəaliyyətini asanlaşdırır.
Maraqlı məqamlardan biri də odur ki, maliyyə inklüzivliyinin artması, yəni daha çox insanın bank xidmətlərinə çıxış əldə etməsi də müəyyən çətinliklər yaradır. Bank xidmətlərindən yeni istifadə etməyə başlayan şəxs bu cür fırıldaqlara daha tez inanır. Bu baxımdan maarifləndirmə tədbirləri ilə müşayiət olunan layihələrin gerçəkləşdirilməsinə ciddi zərurət yaranır.
Əlbəttə, bu məsələdə texnologiyanın rolu – süni intellekt və təhlükəsizlik amili də mühüm rol oynayır. Belə ki, müasir dövrdə banklar və texnologiya şirkətləri dələduzluğa qarşı mübarizədə süni intellektdən geniş istifadə edir. Süni intellekt xüsusi tətbiqlərə təbii dil emalı, nitqin tanınması kimi əsaslı sistemlər daxil etməklə şübhəli bank əməliyyatlarını real vaxtda müəyyənləşdirir. Bu yolla qeyri-adi məkanlardan edilən girişlər bloklanır, qısa müddətdə ardıcıl əməliyyatlar dərhal dayandırılır və riskli əməliyyatlar üçün əlavə təsdiq tələb olunur.
Lakin dələduzlar da texnologiyadan istifadə etdiklərindən bu, davamlı “yarış” xarakteri daşıyır. Kütləvi informasiya vasitələrinin rolu isə bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan media yalnız faktları çatdırmaqla kifayətlənməməli, həm də maarifləndirici funksiyanı gücləndirməlidir. Kiberdələduzluqla bağlı təhlili yazılar, ekspert rəyləri və real hadisələrin işıqlandırılması ilə vətəndaşların daha diqqətli olmasına çalışılmalıdır.
Qasım Muxtarov yuxarıda vurğulananlarla yanaşı, vətəndaşların təhlükəsizliyini gerçəkləşdirmək məqsədilə bank kartları üçün gündəlik limitlərin müəyyənləşdirilməsi, mobil bank tətbiqlərində bildirişlərin aktivləşdirilməsi, şübhəli hallarda dərhal bank və hüquq-mühafizə orqanlarına müraciət ünvanlanması və sosial şəbəkələrdə şəxsi məlumatların paylaşımının məhdudlaşdırılması kimi hallara qarşı ciddi mübarizə aparılmasını da tövsiyə edir.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Rəqəmsallaşmanın sürətlənməsi ilə maliyyə xidmətlərinin əlçatanlığı artsa da, bu proses paralel olaraq kibercinayətkarlığın yeni formalarını da stimullaşdırıb. Azərbaycanda son dövrlər geniş yayılan saxta kredit reklamları, əslində, qlobal tendensiyanın məhdud təzahürüdür. Dünyanın bir çox ölkəsində oxşar sxemlər illərdir ki, mövcuddur və getdikcə daha mürəkkəb xarakter alır.
Beynəlxalq kibertəhlükəsizlik təşkilatlarının hesabatlarına görə, son illər kiberdələduzların saxta e-poçt, mesaj və ya veb-saytlar vasitəsilə istifadəçilərin bank kartı, eləcə də şəxsi məlumatlarını, şifrələrini oğurlamaq hallarının sayı kəskin artıb. Xüsusilə maliyyə sektoru bu hücumların əsas hədəfinə çevrilib. Aparılan araşdırmalar da göstərir ki, bu cür halların, təxminən, 35-40 faizi bank və maliyyə xidmətlərinə yönəlib. Sosial media vasitəsilə yayılan dələduzluq reklamlarının payı isə ildən-ilə çoxalıb.
Qeyd edim ki, hazırda istifadəçilərin böyük hissəsi saxta saytları real platformalardan ayırd etməkdə çətinliklə üzləşib. Məsələn, respublikamızda olduğu kimi, ABŞ və Avropa ölkələrində də “ani kredit fırıldağı” adı ilə tanınan sxemlər minlərlə insanın maliyyə itkiləri ilə nəticələnib. Avropanın bank sektorunda bu cür kibercinayətkarlığa qarşı mübarizədə parolların, biometrik məlumatlar (barmaq izi) və ya kodlar vasitəsilə, eləcə də real vaxt monitorinq sistemlərinin geniş tətbiq ilə üstünlük verilib. Bununla yanaşı, vətəndaşlara mütəmadi xəbərdarlıqların göndərilməsi də diqqətdə saxlanılıb.
ABŞ-da maliyyə dələduzluğu ilə mübarizədə banklar və texnologiya şirkətləri arasında sıx əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Sosial media platformalarında saxta reklamları dərhal aşkar edən süni intellekt sistemlərinə geniş meydan verilib. Qardaş Türkiyədə isə bank sektorunda SMS təsdiq sistemləri və mobil tətbiqlər üzərindən əlavə təhlükəsizlik qatları yaradılıb. Bu təcrübələr göstərir ki, problemin həllinə hüquq-mühafizə tədbirləri ilə yanaşı, həm də texnoloji və maarifləndirici yanaşmaların kombinasiyası ilə müəyyən dərəcədə nail olunub.
Sonda bildirmək istərdim ki, rəqəmsal dövrdə maliyyə təhlükəsizliyi prioritet istiqamətlərdən biridir. Bu baxımdan sosial mediada yayılan saxta kredit təklifləri təkcə fərdi maliyyə itkilərinə səbəb olmur, həm də ümumi iqtisadi etimadı zədələyir. Belə hal isə bank sektorunun dayanıqlığına və rəqəmsal transformasiya proseslərinə mənfi təsir göstərir.
Vaqif BAYRAMOV
XQ


