Hazırda Ələt Azad İqtisadi Zonasında Karqo kəndi yaradılır. Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.
Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya nəticəsində biznes üçün əlverişli imkanların formalaşdığını diqqətə çatdıran müşavir bildirib ki, bu gün xarici sərmayədarların fəal iştirakı ilə ölkəmizdə sənaye, “yaşıl enerji”, rəqəmsallaşma, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər sahələrdə birgə layihələr həyata keçirilir: “Azərbaycanda beynəlxalq ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulması üçün güclü zəmin yaradılıb”.
İnvestisiya mühitinin əlverişli olmasında, həmçinin infrastruktur və institusional təşviqlərin də mühüm rol oynadığını vurğulayan S.Yəhyavevanın sözlərinə görə, Azərbaycanda yaradılan iqtisadi zonalar, investisiya təşviqi mexanizmləri, vergi və gömrük güzəştləri investorlar üçün geniş imkanlar təqdim edir. Bu baxımdan Ələt Azad İqtisadi Zonası xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, sözügedən iqtisadi məkan yalnız xüsusi hüquqi və iqtisadi rejimə malik zona deyil, eləcə də Azərbaycanın regionda istehsal, emal, ticarət və logistika habına çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Belə ki, Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış imkanları, liman infrastrukturu və beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiya Ələt Azad İqtisadi Zonasını regional dəyər zəncirlərinin formalaşdırılması üçün cəlbedici edir. Hazırda burada karqo daşımalarını reallaşdırmaq məqsədilə hava yükdaşıma klasteri (Ələt Karqo Hava Limanı, Karqo kəndi) yaradılır. Bu infrastruktur layihələri zonanın müxtəlif nəqliyyat növlərinin inteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi üçün mühüm perspektivlər yaradır.
XQ

