Azərbaycan 10-dan çox ölkəyə neft göndərir

post-img

2 ayda 3,6 milyon ton xam yanacaq nəql edilib

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan dünyanın 10-dan çox ölkəsinə, ümumilikdə, 1 milyard 704 milyon 408,42 min ABŞ dolları dəyərində 3 milyon 600 min 307,38 ton neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin hesabatına əsasən, cari ilin ilk 2 ayında İtaliyaya 1 milyard 142 milyon 38 min ABŞ dolları dəyərində 2 milyon 427 min 850 ton neft ixrac olunub. Bununla da, İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə də birinci olub. Ölkəmizin neft ixracında ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 140 milyon 706,79 min dollar dəyərində 286 min 280,92 ton neft ixrac edilib. Siyahıda ilk üçlüyü isə Portuqaliya tamamlayıb. Belə ki, yanvar-fevral aylarında Priney ölkəsinə 112 milyon 357,89 min dollar dəyərində 223 min 549,41 ton neft göndərilib.

Bununla yanaşı, Çexiya, Almaniya, Xorvatiya, Bolqarıstan, Tunis, Türkiyə, İndoneziya və digər ölkələr də Azərbaycan neftinin əsas idxalçıları sırasında yer alıblar. Gömrük Komitəsinin hesabatında qeyd olunan göstəricilərdə yanvar-fevral aylarında gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına 3 boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan. Hazırda Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb. Bundan əlavə, neft dəmir yolu vasitəsilə Gürcüstanın Batumi və Kulevi terminallarına da ixrac edilir.

Cari ilin yanvar-fevral aylarında ölkəmizdən xaricə 75 milyon 416 min dollar dəyərində 103 min 614,61 ton neft məhsulları ixrac edilib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çox, həcmi isə 7,1 faiz az olub.

Yeri gəlmişkən, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod hazırda ölkəmizin neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda müəssisədə bir sıra yenidənqurma və modernləşdirmə işləri aparılır.

XQ

İqtisadiyyat