Qarabağ ümummilli quruculuq cəbhəsidir

post-img

Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək tarixi qələbə qazanıb. Bundan sonra azad olunmuş ərazilərdə yeni mərhələ başlayıb. Bu mərhələ bərpa və quruculuq işləri ilə xarakterizə olunur, dayanıqlı sülh və inkişafı hədəfləyir və bir çox ölkələr üçün nümunə sayılan Böyük Qayıdış proqramı ilə səciyyələnir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən etdiyi beş Milli Prioritetdən biridir. Bu prioritetlər əsasında hazırlanan “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkənin yeni inkişaf mərhələsində əsas hədəflərə çatmasına xidmət edir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə strategiyanın icrasını təmin etmək məqsədilə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı”nın Fəaliyyət Planı təsdiqlənib. Bununla da postmünaqişə dövrünün institusional əsası formalaşdırılıb.

Böyük Qayıdış konsepsiyası Azərbaycan dövlətinin postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji prioritetlərdən biridir. Bu proses, uzun illər ərzində işğal altında qalmış ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və davamlı şəkildə qayıdışını təmin etməyə yönəlib. Azad olunmuş ərazilərdə infrastrukturun – yolların, elektrik xətlərinin, su və qaz təminatının, rabitə sistemlərinin yenidən qurulması bu prosesin əsasını təşkil edir. Paralel olaraq, müasir standartlara uyğun yaşayış məntəqələri, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir ki, bu da qayıdan əhalinin yüksək həyat şəraiti ilə təmin olunmasına xidmət edir.

Sosial aspekt baxımından Böyük Qayıdış proqramı məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin bərpası, eləcə də iqtisadi aktivliyin stimullaşdırılması ilə müşayiət olunur. Dövlət tərəfindən sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün müxtəlif güzəştlər tətbiq edilir. Bu yanaşma həmin ərazilərin uzunmüddətli iqtisadi dayanıqlılığını təmin etməyə hesablanıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam etməkdədir. Bu uğurun arxasında böyük maliyyə vəsaiti və dövlətin möhkəm iradəsi dayanır. 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 22 milyard manat maliyyə ayrılıb. Bu il həmin ərazilərin yenidən qurulmasına 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, cari il də daxil olmaqla bu məbləğ 25,5 milyard manata çatdırılacaq.

Hazırda azad edilmiş ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərir. Eyni zamanda, təhlükəsizlik məsələləri də əsas prioritetlərdəndir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi, hüquq-mühafizə və ictimai təhlükəsizlik sistemlərinin qurulması qayıdışın davamlılığını təmin edən vacib amillərdir. 2025-ci ildə 69,2 min hektar sahə təmizlənib, 2020-ci ildən etibarən isə ümumilikdə 249 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan azad olunub. 2026-cı ildə əlavə olaraq 65 min hektardan artıq sahənin təmizlənməsi planlaşdırılır.

Qeyd edək ki, intensiv olaraq Qarabağ və Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilir. Martın 17-də Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə–13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə–108 nəfər, Heyvalı kəndinə 7 ailə–34 nəfər, Çapar kəndinə 4 ailə–17 nəfər, Həsənriz kəndinə 6 ailə–29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə–36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə–131 nəfər köçürülüb.

Geri qayıdan əhalinin rifahını təmin edən əsas amillərdən biri onların yaşayış evlərinin bərpasıdır. Aydındır ki, müasir infrastruktur qurulmadan və lazımi şərait yaradılmadan keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışı mümkün deyil. Bu məqsədlə 2026-cı ildə Xocavənd şəhərində 792 evin təmir edilməsi planlaşdırılır.

Bu barədə ötən ayın sonunda Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib: "Xocavənd rayonu işğaldan azad edildikdən sonra burada yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Xocavənddə 980 fərdi ev mövcuddur. Onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək".

Qeyd edək ki, ölkəmizin sosial-iqtisadi inkişafını davam etdirmək, xarici və daxili investisiyaları artırmaq, biznes mühitini yaxşılaşdırmaq, iqtisadiyyatın texnologiya və bilik əsaslı olmasını gücləndirmək və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı davamlı etmək məqsədilə 30 may 2025-ci ildə Prezident “Azərbaycanın 2027–2030-cu illər sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın II Dövlət Proqramı”nın hazırlanması barədə sərəncam imzalayıb. Baş nazir Əli Əsədov parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib ki, “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi hökumət tərəfindən artıq Prezidentə təqdim olunub.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Azərbaycanda Böyük Qayıdış proqramı uğurla icra olunur. Artıq 75 mindən çox vətəndaşımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayır və fəaliyyət göstərir. Onların 30 mindən çoxunu keçmiş məcburi köçkünlər təşkil edir.

Bu göstərici davamlı şəkildə artır. Hər həftə Qarabağ və Şərqi Zəngəzura qayıdan, orada məskunlaşan və əmək fəaliyyətinə başlayan vətəndaşların sayında artım müşahidə olunur. Eyni zamanda, Böyük Qayıdışdan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına artıq 22 milyard manatdan çox vəsait yönəldilib.

Gözlənilir ki, cari ildə bu məbləğ ən azı 3,5 milyard manat artacaq. Bu isə o deməkdir ki, 2026-cı il də daxil olmaqla, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına yönəldilən vəsaitin həcmi təxminən 26 milyard manata çatacaq. Bu, eyni zamanda, regionda müasir infrastrukturun formalaşması deməkdir ki, bu da ölkə iqtisadiyyatı və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın qeyri-neft sektorunun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Bu proses vaxtilə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadi inkişafında rolunun artmasını şərtləndirir.

İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaxın perspektivdə Azərbaycanın ümumi iqtisadiyyatının təxminən 10 faizinin formalaşmasına töhfə verə bilər. Bu isə o deməkdir ki, regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də dövlət dəstəyi nəticəsində yaxın illərdə həmin ərazilərdə təxminən 15 milyard manatlıq yeni əlavə dəyərin yaradılması mümkündür.

Qeyd olunan əlavə dəyər əsasən qeyri-neft sektorunda formalaşacaq. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının diversifikasiyası, ümumi məhsul istehsalının artım tempinin sürətlənməsi və qeyri-neft ixracının genişlənməsi istiqamətində mühüm töhfə verəcəyi gözlənilir.

Beləliklə, yaxın mərhələdə Qarabağ və Şərqi Zəngəzurun qeyri-neft məhsullarının istehsalı və ixracı sahəsində əsas hərəkətverici qüvvələrdən birinə çevrilməsi reallığa çevrilməkdədir.

Musa BAĞIRLI
XQ





İqtisadiyyat