Yanlış tezislərin əsiri

post-img

Marukyan siyasi maraqlarla tarixi faktları təhrif edir

“Maarifçi Ermənistan” partiyasının lideri, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan ölkənin baş naziri Nikol Paşinyanın martın 13-də canlı yayımda səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edək ki, Paşinyan həmin videonu “facebook” da “Sülh və müharibə” başlığı ilə paylaşmışdı. O qeyd etmişdi ki, Ermənistanda siyasi qüvvələr 2 qrupa bölünür: ölkəni müharibəyə aparmaq istəyənlər və sülhə nail olmaq istəyən “Mülki müqavilə” partiyası.

Marukyan isə öz aləmində Paşinyana cavab verməyə çalışıb. Partiya sədri yaydığı videoda bildirib: “Ermənistan rəhbəri Müstəqillik bəyannaməsini münaqişə bəyannaməsi adlandırmaqla, əslində, mahiyyət etibarilə Ermənistan Respublikasının dövlətçiliyi əleyhinə ifadə vermiş olur, yəni guya, münaqişəni onun ölkəsi təhrik edib. Halbuki bu, Azərbaycanın tezisidir. Reallıq isə ondan ibarətdir ki, münaqişəni Ermənistan Respublikası təhrik etməyib. Azərbaycan sovet ərazilərində yaşayan ermənilərə qarşı yönəlmiş siyasət yürüdüb”.

O vurğulayıb ki, Müstəqillik bəyannaməsinin Ermənistan Konstitusiyasından çıxarılması, faktiki olaraq, Paşinyan tərəfindən dövlətin “doğum haqqında şəhadətnaməsi”nin əsas qanundan silinməsi deməkdir. Marukyan xatırladıb ki, Konstitusiya Məhkəməsi Müstəqillik bəyannaməsində hər hansı qonşu ölkəyə ərazi iddialarının olmadığını təsbit edib və bu səbəbdən onun Konstitusiyadan çıxarılmasına ehtiyac yoxdur: “Lakin Paşinyan, mahiyyətcə, Konstitusiya Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Paşinyan xalqı şantaj edir. Bildirir ki, kim onun arxasınca getmirsə, müharibə istəyir. Bu şantaj vasitəsilə o, Ermənistan Respublikasının müstəqilliyinin sütunlarını dağıdır. Paşinyan ölkəni dağıdıcı prosesə sürükləyir”.

***

Qeyd etmək yerinə düşər ki, E.Marukyan Ermənistan parlamentinin ardıcıl 3 çağırış (beşinci, altıncı və yeddinci) deputatı, yeddinci çağırış parlamentdə “Maarifçi Ermənistan” fraksiyasının rəhbəri olub. O, qanunverici orqana 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar seçkilərdə qələbə qazana bilməmişdi. Başqa sözlə desək, erməni seçicilər ona mandat verməmişdilər. Bundan sonra – 2022-ci ilin martında N.Paşinyan onu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri təyin etmişdi. Həmin müddət ərzində Marukyan Azərbaycanla sülh sazişi üzərində işləyən əsas şəxslərdən biri idi. Ancaq o, 2024-cü il fevralın 29-da Paşinyanla fikir ayrılıqlarına görə vəzifəsindən istefa verdiyini açıqlamışdı. İstefasını “Facebook” profilində “son vaxtlar bir sıra fundamental xarici siyasət məsələləri üzrə baxışlarımızdakı fərqlər mənim xarici siyasət cəbhəsində fəaliyyətimi davam etdirməyimi mümkünsüz edir”, – yazaraq açıqlamışdı. Məlumdur ki, sonrdan Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin hazırlanması istiqamətində ciddi irəliləyiş əldə edildi və sənəd 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflandı. Bunu deməkdə məqsədimiz odur ki, E.Marukyan ölkəmizə qarşı revanşist yanaşması ilə seçilən siyasətçidir. Belələri isə iki dövlətin və xalqın sülhə yaxınlaşmaq yolunda hər zaman ciddi maneə olublar.

Bu gün onun səsləndirdiyi fikirlər də ilk baxışdan siyasi diskussiya təsiri bağışlaya bilər, amma bu çıxış mahiyyət etibarilə tarixi faktların təhrifinə və məsuliyyətin məqsədli şəkildə yayındırılmasına söykənir. Onun “münaqişəni Ermənistan təhrik etməyib” iddiası nə arxiv sənədləri, nə də hadisələrin xronologiyası ilə bir araya sığmır. Qarabağ münaqişəsinin başlanğıc mərhələsinə nəzər saldıqda aydın görünür ki, proseslər məhz Ermənistanın siyasi və ideoloji mərkəzlərindən idarə olunan separatçı hərəkatın fəallaşdırılması ilə alovlanıb. 1988-ci ilin fevralından etibarən Xankəndi və İrəvanda təşkil edilən mitinqlər, “miatsum” şüarları və Azərbaycanın ərazi bütövlüyünə açıq çağırışlar münaqişənin sistemli şəkildə qızışdırıldığını göstərirdi. Bu, spontan proses yox, konkret məqsədə hesablanmış xətt idi.

Marukyanın Azərbaycanın, guya, sovet dövründə ermənilərə qarşı siyasət yürütməsi ilə bağlı iddiası da eyni dərəcədə əsassızdır. SSRİ çərçivəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində xüsusi statusa malik idi və erməni əhali həm mədəni, həm də inzibati sahədə geniş imkanlara sahib idi. Əksinə, həmin dövrdə azərbaycanlı əhaliyə qarşı Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurdlarından qovuldu. Marukyan nədənsə bu faktları “görmür”.

Ən əsas məqam isə ondan ibarətdir ki, Ermənistanın sonrakı mərhələdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməsi, şəhər və kəndlərin dağıdılması, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi münaqişənin kim tərəfindən genişləndirildiyini açıq şəkildə ortaya qoyur. Bu faktlar BMT-nin 4 məlum qətnaməsində də öz əksini tapıb. Belə olan halda, Marukyanın məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdi nə hüquqi, nə də tarixi baxımdan dayanıqlı deyil. Bu yanaşma, sadəcə, yaxınlaşan seçkilər ərəfəsində daxili auditoriyaya hesablanmış mövqe kimi görünür və reallığı dəyişdirmək gücündə deyil.

Onun Paşinyana yönələn ittihamlarına gəldikdə isə, deməliyik ki, bu fikirlərin də arxasında ciddi məntiqi boşluqlar və məqsədli siyasi təhrif dayanır. Müstəqillik bəyannaməsini “dövlətin doğum haqqında şəhadətnaməsi” kimi təqdim etməsi ilk baxışdan cəlbedici görünür, lakin bu yanaşma reallığı sadələşdirərək ictimai rəyi yanlış istiqamətə yönəltmək cəhdidir. Çünki dövlətçilik təkcə simvolik sənədlərlə ölçülmür. Onun əsas göstəricisi beynəlxalq hüquqa uyğun davranış, qonşuların ərazi bütövlüyünə hörmət və real siyasətdə məsuliyyətli qərarlardır. Paşinyan da hazırda məhz belə xətt yürütməyə çalışır. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından daha rasional görünür. Çünki davamlı qarşıdurma siyasəti Ermənistanı illərlə təcrid vəziyyətində saxlayıb və ciddi itkilərə səbəb olub. Reallıqları nəzərə almadan verilən qərarlar isə ölkəni yeni risklərlə üz-üzə qoya bilər. Paşinyanın atdığı addımlar məhz bu riskləri minimuma endirmək və daha praqmatik xətt formalaşdırmaq məqsədi daşıyır.

Daha problemli məqam isə onun Paşinyanı şantajda ittiham etməsidir. Bu ittiham yenə də daxili auditoriyanı emosional şəkildə istismar etməyə yönəlmiş ucuz siyasi gedişdən başqa bir şey deyil. Əslində isə Marukyan özü cəmiyyətdə qorxu və qarşıdurma mühiti yaratmağa çalışır. Belə şəxslər hesab edirlər ki, ya onların dedikləri kimi düşünməlisən, ya da “dövlətçiliyin məhvinə razılaşan” tərəf kimi təqdim olunmalısan. Bu isə istənilən cəmiyyətdə siyasi qütbləşməni dərinləşdirən yanaşmadır. Onun “müstəqilliyin sütunlarının dağıdılması” barədə iddiası da reallıqdan uzaqdır. Əksinə, son illərdə Ermənistanın üzləşdiyi problemlər məhz illərlə yığılan yanlış siyasətin, əsassız iddiaların və regionda davamlı qarşıdurma xəttinin nəticəsidir. Bu gün həmin yanaşmaların yenidən nəzərdən keçirilməsi cəhdini “dağıdıcı proses” kimi təqdim etmək isə ya siyasi korluqdur, ya da köhnə səhvləri davam etdirmək istəyi. Bütün bunların fonunda Marukyanın mövqeyi daha çox daxili siyasi dividend qazanmağa hesablanmış çıxış təsiri bağışlayır. O, mürəkkəb və həssas bir məsələni sadə şüarlara endirərək cəmiyyətə yanlış seçim təqdim edir. Halbuki Ermənistanın qarşısında duran əsas məsələ emosional çağırışlar deyil, reallıqlara əsaslanan, məsuliyyətli və uzunmüddətli dövlət siyasətinin formalaşdırılmasıdır.

Səxavət HƏMİD
XQ

Siyasət