I MƏQALƏ
Siyasi təcrübə
Ümumi halda siyasi təcrübə fərdlərin, qrupların və bütövlükdə cəmiyyətin siyasi həyatda iştirakı zamanı formalaşan biliklər, vərdişlər, duyğular və praktiki fəaliyyətlərin kompleksini ifadə edir. Siyasi təcrübədə hakimiyyət münasibətləri sferası mühüm yer tutur. Lakin daha geniş anlamda bütövlükdə cəmiyyətin həyatının siyasi aspektində əldə edilən və ümumi legitimliyi olan bilik, vərdiş, duyğu və praktiki fəaliyyət sistemi də mövcuddur. Siyasi təcrübə bu baxımdan olduqca əhəmiyyətlidir, çünki bütövlükdə ölkənin siyasi hakimiyyəti ilə sosial mühit arasında münasibətlərin vacib tərəfini ifadə edir.
Tədqiqatçılar siyasi təcrübənin bir sıra əlamətlərini vurğulayırlar: tarixilik, praktikilik, fərdi və qrup səviyyələri, funksionallıq. Tarixilik təcrübənin nəsildən-nəslə ötürülməsini ifadə edir. Praktikilik siyasi davranışa aiddir. Fərdi və qrup səviyyəsi ayrıca fərdin təcrübəsi ilə kollektiv təcrübənin münasibətlərini ifadə edir. Funksionallıq hakimiyyət alətindən istifadə edərək siyasətin subyektlərinə öz maraq və məqsədlərini reallaşdırmağa yardım edir.
Deməli, təcrübə yekunda siyasi sistemin işinə təsir edən müəyyən davranış kompleksini formalaşdırır. Buradan özlüyündə siyasi təcrübə ilə siyasi mədəniyyət arasında sıx bağlılıq aydın olur. Bəzi tədqiqatçılar hətta onları eyniləşdirirlər. Fərqli düşünənlər də vardır. Lakin bizcə, siyasi təcrübə tam olaraq siyasi mədəniyyət deyildir. Əlbəttə, hər bir mədəniyyət növündə cəmiyyətin təcrübəsi ciddi yer tutur. Mədəniyyət toplumun qazandığı təcrübənin dinamikasında yaranır. Lakin “mədəniyyət” bir anlayış olaraq “təcrübə”dən fərqli səviyyədə və məzmunda təsdiqini tapır. Bütövlükdə mədəniyyət təcrübədən daha ümumidir. Eyni zamanda, təcrübə hər bir tarixi kəsimdə mədəniyyətin formalaşmasında mühüm rol oynayır.
Bu baxımdan siyasi təcrübə siyasi mədəniyyətin atributlarından biridir. Görünür, məhz həmin səbəbdən, indi siyasilər və tədqiqatçılar siyasi təcrübə anlayışına çox ciddi fikir verirlər. Xüsusilə, dövlətlə cəmiyyətin ortaq təcrübəsi kimi bu anlayış dövlət identikliyinin mühüm göstəricisidir. Müasir dövlətlərin beynəlxalq miqyasda fəaliyyətinin məzmun və mahiyyətində vurğuladığımız anlamda siyasi təcrübə (dövlət təcrübəsi+cəmiyyət təcrübəsi) əhəmiyyətli yer tutur.
Vurğulanan fikirlərin fonunda Azərbaycanın müstəqil dövlət kimi siyasi təcrübəsinin özəllikləri ciddi elmi və politoloji anlama malikdir. 2026-cı il martın 12-də keçirilən və “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr edilmiş XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın siyasi təcrübəsinin çox maraqlı təsnifini vermişdir. Onun tam anlamı üzərində dayanmaq daha geniş konseptual yanaşma tələb edir. Biz burada bir neçə məqamlar üzərində dayanmağa çalışacağıq.
Milli səviyyədə təsisatlaşmış təcrübə
Azərbaycan Prezidenti Qlobal Bakı Forumu və ona oxşar digər forumlarda əsas yanaşmanı aşağıdakı kimi təqdim etmişdir: “Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər”. Deməli, bu kimi tədbirlər üçün müstəqil dövlətlərin milli səviyyədə institusionallaşmış siyasi təcrübələrinin təhlili əsas məsələlərdən biri kimi diqqət mərkəzində olur. Başqa halda, təcrübə paylaşımı “xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmə”yi təmin etməz. Siyasi təcrübə mübadiləsi institusional və təşkil olunmuş səviyyədə qazanılan təcrübələrin paylaşımı kimi mübadilə edilməlidir. Bu anlamda “institusionallaşmış siyasi təcrübə” nə deməkdir?
Bizcə, bu ifadə hakimiyyət və cəmiyyətin, praktiki olaraq, qarşılıqlı münasibətlər müstəvisində əldə etdikləri və dövlətin siyasi həyatının əsas məqamlarına aid olan biliklər, vərdişlər, duyğular və praktiki fəaliyyət sisteminə aiddir. Yəni burada konseptual-nəzəri yanaşma ilə praktiki fəaliyyətin sintezi vacibdir. Ancaq yetərli şərt deyildir.
İkinci şərt hakimiyyətlə cəmiyyətin ortaq siyasi təcrübəsinin dövlət idarəedilməsi zamanı institusional legitmiliyi hakimiyyətlə yanaşı, bütövlükdə, cəmiyyət tərəfindən qəbul edilməsindən ibarət olmalıdır. Yəni bu anda dövlətin institutları siyasi təcrübəni reaktuallaşdıra bilər (təkrar-təkrar aktuallaşdırar və onu praktiki sferaya tətbiq edə bilər), lakin məhz bu prosesin legitmiliyi həm də, ümumiyyətlə, cəmiyyət tərəfindən tanınmalıdır.
Deməli, müasir anlamda siyasi təcrübə iqtidarla cəmiyyətin ortaq nəzəri və praktiki təcrübəsidir. Onun konseptual-nəzəri tərəfi dövlət institutları tərəfindən hazırlanır, praktiki müstəvidə isə cəmiyyət tərəfindən legitimliyi qəbul edilir. Ancaq dövlət institutları qarşısında bu istiqamətdə vəzifələri dövlət başçısı müəyyən edir. Bununla da liderin siyasi təcrübədə aparıcı və müəyyənedici rolu legitim olaraq tanınır.
Hər bir müstəqil dövlət üçün institusional səviyyədə siyasi təcrübə onu təşkil edən komponentlər və qarşıya qoyulan məqsədlər baxımında fərqlənə bilər. Buna görə də xüsusi olaraq konkret ölkənin siyasi təcrübəsindən danışmaq mümkündür.
Azərbaycan təcrübəsi bu baxımdan Avrasiya üçün bir nümunə ola bilər! Ancaq konkret ölkənin siyasi təcrübəsi sıx surətdə bütövlükdə dünya üçün aktual olan siyasi məqamlara bağlı olmalıdır. Bu aspektdə Azərbaycanın siyasi təcrübəsinin bir sıra xüsusiyyətlərinə nəzər salaq.
Azərbaycan təcrübəsinə ümumi yanaşma
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda Azərbaycan üçün ümumi yanaşmanı dəqiq ifadə etmişdir. Dövlət başçısı çıxışı zamanı vurğulamışdır: “Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.
Burada 3 vacib məqam ifadəsini tapmışdır.
Birincisi, müstəqil dövlətin siyasi təcrübəsi üçün bütövlükdə dünya miqyasında aktual olan “təhlükəsizlik, sabitlik və müdafiə məsələləri”nin bir nömrəli prioritet olması ciddi əhəmiyyət kəsb edir.
İkincisi, həmin kontekstdə hər bir ölkə dərk etməlidir ki, özünün inkişafı baxımından “ciddi risklərlə üzləşmişdir”. Siyasi təcrübə həm bu cür vəziyyətin yaranmasını, həm də risklərin meydana gəlməsi xüsusiyyətlərini özündə ehtiva etməlidir.
Üçüncüsü, ayrı-ayrı ölkələr öz siyasi təcrübələrini təhlükəsizlik və sabitliyi əsas amillər kimi qəbul etmək əsasında səylərini vahid istiqamətdə birləşdirməlidirlər.
Burada semantik olaraq maraqlı bağlantı belədir: təhlükəsizlik, sabitlik inkişaf naminə vahid məntiqi yanaşma prizmasında dərk edilməlidir və eyni zamanda, onu dövlətlərarası münasibətlər miqyasına adekvat proyeksiya etməyi bacarmalıdır. Belə alınır ki, Azərbaycan təcrübəsində milli səviyyədə qazanılan siyasi təcrübənin mütləq daha geniş miqyasa proyeksiya olunmaq imkanı da nəzərə alınır. Bu cür transformasiya dövlətin fəaliyyət sahəsini genişləndirir və eyni zamanda, dünya siyasi təcrübəsinin formalaşmasında aktiv rol oynaması üçün zəmin hazırlayır.
Buradan Prezident İlham Əliyevin Azərbaycanın siyasi təcrübəsinin iki vacib özəlliyinə məharətli siyasi-nəzəri və konseptual keçidi vardır.
Birincisi, Azərbaycanın dünya miqyasında nadir sayıla bilən təcrübəyə malik olması.
İkincisi, milli miqyasda sülh və suverenliyin bərpasını uğurla regional təhlükəsizlik səviyyəsinə proyeksiya etmək əsasında təcrübənin qazanılması.
Dünya miqyasında nadir təcrübə
Dövlət başçısı XIII Qlobal Bakı Forumunda ayrıca vurğulamışdır: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur”.
Bu təcrübə ona görə “mənfi”dir ki, Azərbaycan xalqı və dövlətinin inkişafına deyil, ekzistensial mövcudluğunu təmin etmək üçün apardığı ağrılı mübarizəyə aiddir. Onu mənfi edən cəmiyyətin Vətən torpağının işğal altında olan bir qisminin həsrətini və əziyyətini çəkməsi ilə bağlıdır.
Doğrudan da, “milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi” həmin vəziyyətdən çıxmaq üçün faydalı olan kollektiv daxili yaşantının mənfi psixoloji fonu ilə müşaiyət olunmuşdur. Azərbaycanlılar təbiətən azadlıqsevər olduqlarından həmin müddətdə topladıqları təcrübənin ağrı-acısını mübarizə əzminə çevirə bilmişlər. Həmin təcrübənin qiymətli cəhəti bundan ibarətdir və dünya xalqları onu öyrənməlidirlər.
Uzun müddət işğal altında qal, lakin azadlıq əzmini və onun uğrunda mübarizə ruhunu itirmə! Azərbaycan bu aspektdə çox faydalı təcrübəyə malikdir. Hətta zamanca, xeyli əvvəllərə də gedə bilərik. Əsrlərlə Azərbaycan xalqı yad cəmiyyətin siyasi, mənəvi, əxlaqi, ərazi təzyiqləri ilə üz-üzə qaldı. Müstəqil olmaq istəyi amansız deportasiyalar, soyqırımlar və aşağılamalarla qarşılaşdı. Milli ləyaqəti ağır zərərlər gördü. XX əsrin son onilliyində bu vəziyyət havadarlarının böyük dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın davranışları sayəsində daha faciəvi məzmun aldı və həmin vəziyyət 30 ildən artıq davam etdi.
Lakin Azərbaycan cəmiyyəti bu mənfi təcrübəni müsbət təcrübəyə çevirmək qüdrətini dünyaya göstərdi. Azərbaycanın dövlət başçısı həmin kontekstdə, sözün həqiqi mənasında, tarixi olan o təcrübəni digər xalqların da öyrənməsi zərurətini xüsusi vurğulayır. Dövlət başçısı göstərir ki, həmin təcrübənin tarixi ədaləti, hüququ və milli ləyaqəti bərpa etmək şansı yarada biləcəyini Azərbaycan nümunəsində konkret faktlarla göstərir.
Eyni zamanda, ölkə rəhbəri məsələnin regional təhlükəsizlik kontekstini ayrıca vurğulayır. Bu məqam Azərbaycan Prezidentinin aşağıdakı maraqlı fikrində öz ifadəsini tapmışdır.
Azərbaycan Prezidenti demişdir: “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

