Fransa XİN-də yeni kommunikasiya strategiyası: “Mikrobloqer” tələbələrlə təbliğat oyunu

post-img

Fransanın Xarici İşlər Nazirliyi (XİN) özünün kommunikasiya siyasətində qeyri-adi və bir qədər mübahisəli istiqamətə üz tutub. Məşhur Intelligence Online informasiya portalının araşdırmasına əsasən, Fransa diplomatiyasının "PR şöbəsi" artıq bir neçə müddətdir ki, özünü tanıtmaq üçün mikroinfluencer adlanan az sayda izləyicisi olan sosial şəbəkə istifadəçilərindən istifadə edir.

Mənbələrin məlumatına görə,  XİN binasında qəbul edilən yeni strategiyaya əsasən, beynəlxalq münasibətlərə maraq göstərən tələbələr və gənclər bu fəaliyyətə tamamilə könüllü və ödənişsiz şəkildə cəlb olunurlar.

Layihəyə cəlb olunan mikroinfluenserlər – adətən bir neçə min izləyicisi olan aktiv sosial media istifadəçiləridir. Onlar Fransa diplomatiyasının rəsmi mövqelərini cəmiyyətə "yumşaq dillə" təqdim etmək məqsədilə xüsusi seçilir. Maraqlıdır ki, bu gənclərə dəqiq nə yazmaq və paylaşmaq lazım olduğu diktə edilmir. Onlara Fransa XİN-in "daxili sənədləri" kimi təqdim olunan, lakin, əslində, ictimaiyyətə uyğunlaşdırılmış və redaktə olunmuş materiallar ötürülür.

Məqalədə qeyd olunur ki, bu sənədlərin əsl statusu şübhə altındadır. Gənc istifadəçilərə, hətta bəzən hələ qəbul olunmamış qərarların – məsələn, Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiya paketi haqqında məlumatların əvvəlcədən ötürülməsi faktı diqqət çəkir. Rəsmi izah isə budur: "Bloqerlərin beynəlxalq kontekstə daha yaxşı bələd olması üçün bu edilir".

Bununla belə, bu “gizli PR” kampaniyasının etikası sual doğurur. Gənc mikrobloqerlər bəzən materialların mahiyyətini dərk etmir, onların necə və hansı kontekstdə paylaşılmalı olduğunu anlamırlar. Beləliklə, Fransa diplomatiyası cəmiyyətə təsir mexanizmini bir növ yarımşəffaf informasiya kanalı vasitəsilə həyata keçirir.

Fransa Xarici İşlər Nazirliyinin bu təcrübəsi rəsmi diplomatiyanın klassik metodlardan uzaqlaşaraq, sosial mediada təsir yaratmaq üçün daha çevik və qeyri-rəsmi alətlərə üstünlük verməsini göstərir. Gənc auditoriyaya yönəlmiş bu cür üsullar bir tərəfdən informasiya manipulyasiyası riskini artırsa da, digər tərəfdən “yumşaq güc” strategiyalarının gələcəkdə daha da diversifikasiya olunacağı ehtimalını gücləndirir. 

S.ELAY

XQ

Dünya