“Möminə xatun” yeni ömür qazanır

post-img

Məlum olduğu kimi, may ayının 22-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu sənəd Azərbaycan tarixinə, mədəniyyətinə, mənəviyyatına dövlətin diqqət və qayğısının bariz nümunəsidir və mədəniyyət incilərimizin dünyaya yeni spektrdən tanıdılması baxımından böyük önəm daşıyır.

Möminə xatun türbəsi təkcə nadir memarlıq abidələri ilə zəngin olan Naxçıvan bölgəsinin deyil, ümumiyyətlə, İslam memarlığının XII əsrə aid olan ən möhtəşəm abidələrindəndir. Türbə qırmızı kərpicləri, firuzəyi rəngli kirəmitləri və həndəsi naxışları ilə seçilən orta əsr “Naxçıvan memarlıq məktəbi”nin möhtəşəm nümunələrindən biri kimi tanınır. Dövrün tanınmış memarı Əcəmi Naxçıvani bu abidəni yerli hökmdar Şəmsəddin Eldənizin sevimli arvadının – dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə ucaldıb.

Möminə xatun dövlət işlərində yaxından iştirak edir və bəzən Atabəyə səhih məlumatlar çatdırmaq üçün özü səfərlərə çıxırdı. Salnaməçi Sədrəddin əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” (“Səlcuq dövləti haqqında xəbərlər”) əsərində onun haqqında yazıb: “Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir”.

Elə Birinci Qarabağ müharibəsinin iştirakçısı, bərpaçı rəssam Əjdər Qafarovun böyük sayğı ilə yaratdığı və hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan rəngli portretindən də Möminə xatunun necə ciddi və qayğıkeş bir azərbaycanlı xanım olduğu görünür. Onun türbəsinin 10 tərəfindən birində yazılıb: “Biz gedərik, dünya qalandır”, “Biz ölərik – bu, yadigardır”. Tədqiqatçı O. Aslanapanın fikrincə, Möminə xatun türbəsində memar Əcəminin ustalığı, həmçinin bu türbəni sifariş edənin nüfuzu və böyüklüyü də əks olunub.

Əcəmi Naxçıvaninin yaratdığı tarixi abidənin zamanımıza qədər gəlib çıxması bu torpaqlarda yaşayan xalqın qədimliyini bir daha ortaya qoyur. Bu, eyni zamanda, Azərbaycan dövlətinin bütün tarix və mədəniyyət abidələrimizə böyük hörmətlə, diqqətlə yanaşdığının göstəricisidir. Hazırda ölkəmizdə, xüsusilə də 30 illik işğaldan azad olunan Qarabağda gedən quruculuq işləri ilə bərabər, düşmənin vandalcasına tərəfindən yerlə-yeksan etdiyi mədəniyyət abidələrimiz yenidən bərpa edilir, ikinci həyat qazanır. Qədim torpağımız olan Naxçıvanda Möminə xatun türbəsinin yenidən bərpa edilməsi üçün vəsait ayrılması həm mənəvi baxımdan çox əhəmiyyətlidir, həm də Azərbaycanın mədəniyyət incisinin dünyaya yenidən, yeni spektrdən tanıdılması baxımından xüsusi önəm daşıyır. Xatırladaq ki, 1998-ci ildə Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.

UNESCO siyahısında yer tutan bu abidə Atabəylər Memarlıq Kompleksinə daxil olan tikililər arasında arxitektur elementlərinin zənginliyi ilə seçilir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır, ilkin halında isə onun hündürlüyü 35 metr olub. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülən postament (altlıq) üstündə ucaldılıb.

Türbənin bərpası ilə bağlı Prezident sərəncamı Azərbaycan mədəniyyətinin qorunması və inkişafına əhəmiyyətli töhfə olacaq. Bütün dünyaya əsrlərdən bəri bu torpaqların əzəli sakinlərinin, əzəli sahiblərinin məhz azərbaycanlı olduqlarını bir daha nümayiş etdirəcəkdir. Bir daha dünyaya ədalət, bu ədalət prinsipinin arxasında dayanan Azərbaycanın varlığını nümayiş və isbat edəcək.

XQ

Mədəniyyət