Türkiyənin tanınmış “KeTeBe” nəşriyyatında Xalq yazıçısı Anarın “Bir fırsat bulsam” (“Macal”) adlı nəsr kitabı işıq üzü görüb.
Kitabda yazıçının “Macal”, “Otel otağı”, “Dantenin yubileyi” adlı irihəcmli əsərləri, eləcə də son vaxtlarda bu povestlərin davamı kimi qələmə aldığı, qəhrəmanlarının sonrakı taleyini oxucularına təqdim etdiyi “Kəbirlinskinin son etirafı” və “Balaca Fuadın son xahişi” hekayələri yer alıb.
Türk oxucularına yeni və daha orijinal tərcümədə təqdim olunan kitabdakı mətnləri türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar çevirib. Yazıçı “böyük problemlər, kiçik sevinclər” vasitəsilə insanı və həyatı anlamaq üçün səyahətə çıxır və adi insanların qeyri-adi hekayələrini izləyib bəşəriyyətin ümumi problemlərini zərif şəkildə ifadə etməyə çalışır. Anar onların tənhalığı, var olmaq üçün axtarışlarını və məhv edilmiş dünyalarını təsvir edərkən bu qarmaqarışıq həyata bənzərsiz bir baxış təqdim edir. Azərbaycan cəmiyyətinin XX əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan yazıçı Sovet və xüsusilə də Stalin dövründəki hadisələri mətnlərində əks etdirir. Anar Azərbaycan–Türkiyə münasibətlərinə həssaslıqla yanaşır, yaratdığı dərin tarixi arxa plana əlavə olaraq, mənəvi dəyərlərin itirilməsinə diqqət çəkir, insan ruhunun qaranlıq tərəflərinin xəritəsini yaradır.
Yazıçı ilə qarşılıqlı müqaviləsi olan və əsərlərinin ardıcıl çapını nəzərdə tutan “Ketebe” bu ilin sonuna kimi yazıçının böyük türk şairi Nazim Hikmət haqqında “Kərəm kimi” romanının nəşrini nəzərdə tutur.
***
Rusdilli tatar yazıçısı, məşhur romanlar müəllifi, “Böyük kitab” və “Yasnaya Polyana” mükafatları laureatı Gözəl Yaxinanın “Züleyxa gözlərini açır” romanını oxuculara “Qanun” nəşriyyatı təqdim edib.
Onun qələmindən süzülən “Övladlarım”, “Səmərqənd eşelonu” kimi əsərlər, sadəcə roman deyil – yaddaşımızı silkələyən, insanın iç dünyasına güzgü tutan ədəbi abidələrdir.
Ötən əsrin 30-cu illərində ucqar bir tatar kəndində baş verənlər sürgün həyatı yaşayan qızın taleyi haqqında olan bu əsər bizə öyrədir ki, sükut da danışa bilər, göz yaşı da tarix yaza bilər. Güzəl Yaxina öz romanında bir qadının faciəsindəki və ruhunun oyanışındakı bütün xırdalıqları zərif xətlərlə qabardaraq ustalıqla təqdim edir. Onun qəhrəmanları oxucunun içində yaşayır — iz qoyaraq, düşündürərək, dəyişdirərək. Nəhayət, mübarizə ruhu qalib gəlir. Görəsən, bu gecikmiş qələbə nəyəsə yarayacaqmı?.. Oxuyanlar biləcək.
***
Şair Zaur Ustacın şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “40 gün – 40 şeir” kitabı eyni adlı layihə üzrə qələmə alınanların məcmusudur.
Topludakı şeirlərdən canını torpaq uğrunda qurban verən döyüşçülərimizin parlaq obrazı canlanır, igidlərimizin sözlə çəkilmiş portretləri boy göstərir. Bütün nümunələr oxucunu həm kövrəldir, həm də qürurlandırır. Kitabda 44 günlük savaşda qalib olmağımıza yol açan Xalq–Ali Baş Komandan–Ordu birliyi də poetik dillə təqdim edilib. Bu sırada general Polad Həşimova, qəhrəman zabitimiz İlqar Mirzəyevə həsr edilən təsirli şeirlər də yer alıb.
“Zabitlər” şeiri şərəfli peşənin özəlliklərini göstərir:
Şaxtada sınar şaxı,
Gündə çıxar cızdağı.
Palçıqlı çəkmələri
Daşıyır Yurd torpağı.
Kitabda belə duyğulu misralar çoxdur:
Sıra ilə gəlirik, yer ver, girək qoynuna...
Çox dilək diləmişdim - Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha...
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa...
Vətənpərvər şair Zaur Ustacın Vətən duyğulu şeirləri sadə və yaddaqalan olduğu qədər də gözəldir.
Ə.ƏLİYEV
XQ