15 iyun – Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan Milli Qurtuluş Günü münasibətilə Yasamal rayonunda Heydər Əliyev Mərkəzində əlamətdar tədbir keçirilib. Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə baş tutan tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qurtuluşumuzun Suverenlik yolu” devizi altında gerçəkləşib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, akademik Misir Mərdanov bu günün əhəmiyyətindən bəhs edib. O bildirib ki, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı anarxiya və vətəndaş qarşıdurmasından xilas edərək dövlətçiliyimizin əsaslarını formalaşdırdı. Bu gün müstəqil Azərbaycanın güclü və sabit dövlətə çevrilməsi məhz o siyasi iradənin nəticəsidir. Misir Mərdanov eyni zamanda ulu öndərin Azərbaycan təhsilinin tərəqqisinə hədəflənən böyük xidmətlərindən danışıb.
Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan müstəqil, güclü bir dövlətdir. Bütün istiqamətlərdə qaliblər sırasında yer alan Azərbaycanın tarixi qələbələrinin əsası keçən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Deputat vurğulayıb ki, Milli Qurtuluş fəlsəfəsi bu mənada, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyinin qazanılmasını özündə ehtiva edir.
Tədbirdə Şəki şəhərindən qonaq olan, Şəki şəhər İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələr üzrə şöbə müdiri Xəyalə Töhrablı çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən danışıb.
Akademik Misir Mərdanov, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva Ulu öndərdən xatirələrin işığında söz açıblar.
Tədbir çərçivəsində təşkil olunmuş kitab sərgisi iştirakçılarda böyük maraq doğurub. Sərgidə “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Heydər Əliyev - dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq”, “Mahir siyasətçi, müdrik rəhbər”, “Böyük yolun həqiqəti” və digər mövzularda nəşrlər nümayiş olunub. Sərgidə həmçinin Milli Məclisin 15 iyunun Milli Qurtuluş Günü elan olunması ilə bağlı tarixi qərarı da təqdim edilib.
Nümayiş olunan nəşrlər arasında Ümummilli Liderin çoxcildlik əsərləri, xarici səfərləri, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə dair materiallar sərgilənib. “Azərbaycanın qurtuluş tarixi” və “Qurtuluşdan tərəqqiyə” adlı nəşrlər oxucuların xüsusi marağına səbəb olub.
Sərginin məqsədi gənc nəslin milli yaddaşının gücləndirilməsi, tariximizə dərin bağlılıq ruhunda tərbiyə olunması, həmçinin Heydər Əliyev ideyalarının təbliğinə töhfə verməkdir.
Tədbirin sonunda “Qurtuluşumuzun Suverenlik yolu” eqidası altında keçirilən yazı müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun məsul əməkdaşı Günel Mustafayeva və Xəyalə Əfəndiyeva müsabiqənin qaliblərinə hədiyyələr təqdim edib. Müsabiqə iştirakçılarının qələmə aldıqları yazılar vətənpərvərlik, milli dövlətçilik ideyaları və Heydər Əliyev dühasının təbliği baxımından yüksək dəyərləndirilib.