Tomiris davamçısı Qəbulə xanım

post-img

Bu cəsur Azərbaycan qızını indiyədək niyə tanımamışıq?

“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabının və Xalq rəssamı Sakit Məmmədovun “Qəbulə xanımın portreti” tablosunun təqdimatı keçirilib. Rəssamın emalatxanasında təşkil olunan mərasimdə Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin tanınmış simaları, xarici qonaqlar iştirak ediblər.

Müəyyən qisim tarixçilər və ictimaiyyət nümayəndələri 3 əsr əvvəl Rusiya təbəəliyində olan Salyanın müsəlman naibi Həsən bəyin xanımı, qazi Molla Məhəmmədin qızı Qəbulə bəyimi Massaget çarı Tomrisdən sonra ən görkəmli Azərbaycan xanımı kimi tanıyıblar. Ona görə “müəyyən qisim” deyirik ki, Qəbulə fenomeni müəyyən səbəblərdən uzun müddət gizli saxlanılıb və az qala, unudulub. Mahiyyət isə bundan ibarət olub ki, Qəbulə xanım ondan da 50 il əvvəl Stepan Razinin qul kimi əsir götürərək qurbanlıq etdiyi əsilzadə və gözəl azərbaycanlı qızın, Salyan xanının nakam balasının qisasını ruslardan layiqincə almışdı. Bu, eyni zamanda, milli şərəfin təhqir olunmasına, rus işğalına dözə bilməyən bir türk xanımının I Pyotra acıqlı, qanlı cavabı idi. 

Dəqiq, etibarlı və təkzibedilməz qaynaqlara əsaslanan Azər Turana görə, o dövrdə Rusiyanı məhvərindən oynadan hadisənin təfərrüatı belə olub: 1723-cü ilin 16 sentyabrında Peterburqda I Pyotr general Matyuşkinlə Salyan barədə söhbət edib. Elə həmin il, Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəy tərəfindən rus təbəəliyi qəbul edilib. Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi sərəncam verilib. Bir neçə gün sonra podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil olub və rus hərbi qüvvələri Kür çayının sahilində Həsən bəyin malikanəsinin qənşərində qərargah qurublar. Bir gün Zambulatov hərbi heyətin 8 nəfər yüksək çinli zabiti ilə Həsən bəyin malikanəsindəki ziyafətə qatılıb. Ziyafət zamanı otağa silahlı adamlar girərək, Zambulatov da daxil olmaqla, oradakı bütün rus zabitləri qətlə yetiriblər. Və rus tarixçilərinin yazdığına görə, bu qətl xüsusi amansızlıqla törədilib.

Razinin əsir götürmüş olduğu holland əsilli İsveç səfiri, hadisənin şahidi Lüdviq Fabritsius kitabında bunu xüsusi xatırladıb. Sonra I Pyotr özünün say-seçmə generallarından olan Mixail Matyuşkinə təlimat verərkən Qəbulə xanım barədə: “Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin”, – deyə bildirib. Çünki həmin qanlı hadisənin arxasında naib Həsən bəy deyil, məhz onun hərəmi Qəbulə xanım dayanırdı. Bu barədə Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazıb. 1869-cu ildə Peterburqda nəşr olunmuş “Qafqazın yeni tarixi üçün materiallar” kitabında isə Pyotr Butkov bu qanlı hadisənin geniş təfsilatını verib (Tarixçi Sara Aşurbəyli də özünün “Bakı şəhərinin tarixi” əsərində cəsur Qəbulə xanımı yada salıb). 

Azər Turan haqlı olaraq Qəbulə xanımın gerçəkləşdirdiyi aksiyanı rus işğalına qarşı ilk böyük qiyam kimi dəyərləndirir. Təəccüblüdür ki, “Qəbulə xanım və I Pyotr” kitabını ictimaiyyətə təqdim edən Azər Turana qədər, nədənsə, heç kəs qəhrəman Qəbulə xanımın ömürlüyünü və sonrakı taleyini araşdırıb bədii dillə də olsa, qələmə almayıb. Heç kəs Bakıxanovun bildirdiyi “Salyan nahiyəsinin bütün əmirləri Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilir” hökmünün izinə düşməyib.

Müəllifin işıq saldığı olaylardan görünür ki, Pyotrun əmri ilə Salyan Xəzərin bütün qərb sahilləri üçün istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Hətta general Matyuşkin 300 nəfərlə birgə gəlib yeni salınacaq şəhərin yerinə də baxmışdı. Mayın 20-də Qəbulə xanımın törətdiyi qanlı hadisədən sonra Pyotr generala verdiyi və icrası Saymonova tapşırılmış əmri ləğv edib. Halbuki, o ərəfədə I Pyotr “üç ermənini katolikos İssaya ilə birlikdə qəbul etmiş, xain haylara əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək barədə onların xahişini dinləmişdi. Ermənilər heç bir ödəniş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün çarın icazəsini almaq” istəmişdilər (bu barədə 1996-cı ildə nəşr olunmuş “Azərbaycan tarixi” kitabında sənədlərə istinadən ətraflı yazılıb). Deməli, Qəbulə xanım, eyni zamanda, ermənilərin mənfur planını da pozmuş olub. Salyanla bərabər, daha geniş aspektdə – Bakıda, Gilanda və Dərbənddə haylara hər cür qayğı göstərilməsi barədə verilmiş fərman ona görə reallaşdırılmayıb. 

Azər Turan yazır: “Bu, ümumən, Azərbaycan tarixinin ən ciddi məqamlarından biridir. İki il əvvəl Şamaxıda baş vermiş hadisə başqaydı. Qəbulə rus tacirlərini deyil, rus hərbçilərini zərərsizləşdirmişdi. Bu, daha çox çar Rusiyasının istila və işğal hərəkatına qarşı Azərbaycanda ilk açıq və böyük qanlı etirazdır və onu Qəbulə xanım belə sərt bir inadla gerçəkləşdirmişdir. Ancaq əvəzində siyasiləşmiş tarixçilər Salyandakı hərəkəti ilə Peterburqu silkələyən o böyük xanımı tarixin qapısı arxasında saxladı. Abidələşməsinə imkan vermədi. Qəbuləni öz halal ocağına – övladlarının yaddaşına yaxın buraxmadı...

Qəbulə xanımın tarix kitablarımızda nəzərə çarpmayan varlığı dərin və düşündürücü suallar doğurur. Məsələ burasındadır ki, I Pyotr salyanlı bir türk qızını özü və səltənəti üçün bu miqyasda təhlükə mənbəyi olaraq görürsə, çar düşmənlərinin xalq qəhrəmanı kimi ideallaşdırıldığı sonrakı dövrlərdə də Qəbulə xanım qəsdən unudulub və unutdurulubsa, deməli, onun nadir şəxsiyyəti barədə dərindən düşünməyə dəyər...”

“Qəbulə xanım və I Pyotr” kitabında Azər Turan bu və digər suallara tam aydınlıq gətirir. Göstərir və inandırır ki, Qəbulə xanım təkcə Azərbaycan tarixinin deyil, ümumtürk, hətta dünya tarixinin ən önəmli, qəhrəman simalarındandır. Yeri gəlmişkən, onun haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkin I Pyotr haqqında kitabında Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də, rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar. Azər Turan öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə, əsərinin əsas qayəsinə xidmət edən sitatlar gətirir.

Etibar Əbilovun xatırlamasına görə, bu cazibədar qəhrəman xanım haqqında Azər Turan ilk dəfə hələ 2012-ci ildə çap etdirdiyi “Darülmömün” kitabında yazıb: “Bu mövzu daim Azərin diqqət mərkəzində idi. Nəhayət, bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu. Həmin gün Xalq rəssamı Sakit Məmmədov Azərin yazısını oxuyub və maraqlıdır ki, sonra yuxuda Qəbuləni sarı paltarda görərək, portreti də o görkəmdə yaradıb. Sonra məlum olub ki, bir alman səyyahı Qəbulə haqda yazıbmış: ”Qızıl sapdan toxunmuş paltar geyərdi”... 

Təqdimat mərasiminin moderatoru Milli Məclisin deputatı, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Elnarə Akimova idi. O, həm də kitabın ön sözünün müəllifidir. İstər dəyərli əsər, istərsə də Sakit Məmmədovun ərsəyə gətirdiyi rəsm haqqında ətraflı məlumat verib. Digər natiqlər müəlliflərin Azərbaycan tarixinin qaranlığa qərq edilmiş, maraqlı və düşündürücü səhifəsinə işıq salmasını xüsusi qeyd edib, dəyərləndiriblər.

Azər Turanın həm kitab, həm də əsərin üzqabığını bəzəyən portret barədə özəl fikirləri də hər kəsdə maraq doğurub: “Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra, yəni ertəsi gün, günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “Bu qadın kimdir?” – deyə soruşdu. “Qəbulədir, – dedim. – Qəbulənin metafizik bir aləmdən baxan obrazıdır”. Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm” – dedi. Qəbulə 300 ildən sonra, bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi.Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də, yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”...

Azər Turanın və Sakit Məmmədovun bu duyğusal işbirliyi, heç şübhəsiz, milli- ictimai fikir tariximizə və təsviri sənətimizə iki möhtəşəm əsər qazandırıb. Əminik ki, bu əsərlər sayəsində oxucular uzun illər dövrünün siyasi həyatına fövqəladə təsir göstərmiş salyanlı bəyimi yaxından tanıyıb sevəcəklər. 

Əli NƏCƏFXANLI 
XQ 

 



Mədəniyyət