Şəhərin nəfəsi görünməyənlərin alın tərindən gəlir...

post-img

Gəncə hər zaman Azərbaycanın qədim, zəngin tarixi olan, mədəniyyətin, poeziyanın, qəhrəmanlığın beşiyi kimi tanınıb. Amma bu şəhərin bugünkü siması yalnız keçmişdən miras qalan abidələrlə, meydanlarla, küçələrlə deyil, həm də gündəlik həyatın ayrılmaz bir hissəsi olan təmizlik və abadlıq işləri ilə formalaşır. Çünki şəhərin gözəlliyini qorumaq təkcə daş-divarın, binanın işi deyil, həm də əllərində süpürgə, bel, su borusu olan insanların zəhmətidir.

Son günlərdə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi əməkdaşlarını şəhərin müxtəlif yerlərində görürəm.Bu dəfə isə ən gur və canlı mərkəzlərindən biri – Atabəylər prospektində genişmiqyaslı təmizlik aksiyası həyata keçirdiklərinin şahidi oldum. Prospekt boyu tullantılar yığılıb daşınır, yaşıllıq zolaqlarına qulluq edilir, avtobus dayanacaqları, yol nişanları, işıqforlar yuyulub təmizlənir. Tozdan, torpaqdan, alaqdan təmizlənən prospekt sanki nəfəs almağa başlayır. Mən isə bayaqdan kənarda dayanıb bu mənzərəni izləyirəm: kimisi süpürgə ilə tozu qaldırır, kimisi ağacların dibini təmizləyir, kimisi su şlanqını çəkib yaşıllığı sulayır. Tozun-torpağın içində, qızmar günəş altında çalışırlar. Və beynimdən nədənsə bufikirlər keçir: “şəhərin hər daşında bir zəhmət damlası gizlənir, biz isə çox vaxt onu görmürük” 

Bəli, şəhərin nəfəsi var. O nəfəsi açıq saxlamaq üçünsə kimsə gecəsini-gündüzünə qatan, qızmar istidə canından keçən, payız yağışında islanan, qış şaxtasında donan, amma işini buraxmayan insanlar var. Onlar çox vaxt diqqət mərkəzində olmur, adları çəkilmir, şəkilləri çəkilib qəzet səhifələrinə çıxmır. Amma biz hər gün onların işinin nəticəsini görürük.

Bir az dərindən baxaq: bu işçilər olmasa, şəhər bir neçə günə nə hala düşərdi? Zibil qutuları dolub daşar, prospektlərdə məişət tullantılarının üfunəti hiss olunardı, yaşıllıqlar susuzluqdan quruyar, dayanacaqlar toz içində itib-batar. Yəni əslində şəhərimizin gözəlliyi, səliqəsi, abadlığı onların görünməyən zəhməti üzərində dayanır.

Amma təəssüf ki, bəzən biz bu əziyyəti görmək istəmirik. Hətta sosial şəbəkələrdə əsassız tənqidlər, haqsız sözlər də yazılır. "Bu niyə belə olmadı, o niyə təmizlənmədi" deyənlər çoxdur. Amma kim düşünür ki, həmin an kimsə günün altında alnından tər axa-axa işini görür? Kim düşünür ki, bir süpürgəçinin də ailəsi var, axşam evinə çörək aparmaq üçün gün boyu bu ağır zəhməti çiyinlərində daşıyır?

O insanların da evdə gözləyən uşaqları var, "ata nə vaxt gələcəksən?" deyən övladları var. Onların da istirahət etmək haqqı var, amma çoxları dağlarda bulaq başında sərinlədiyi anda onlar şəhərin küçələrində tozun, torpağın, istinin içində tər tökürlər. Onların da arzuları, ümidləri var, amma hər gün həyatlarını şəhərin təmizliyinə sərf edirlər.

Bu insanların işi yalnız küçəni təmizləmək deyil. Onlar həm də şəhərin adına, simasına xidmət edirlər. Təmiz küçə, səliqəli dayanacaq, sulanmış yaşıllıq – bunların hamısı şəhərə gələn qonağın ilk gördüyü mənzərədir. Gəncə bu gözəlliklə tanınırsa, onun bir oayı da həmin işçilərin də üzərinə düşür.

Bəzən bir təşəkkür sözü belə bu insanların yorğunluğunu unudur. Onların işinə laqeyd yanaşmaq, zəhmətlərini kiçiltmək, sosial şəbəkələrdə haqsız sözlərlə onları incitmək nə insafa, nə də vicdana sığar. Gəlin, biganə qalmayaq. Gəlin, özümüzü bir anlıq onların yerinə qoyaq: günəşin altında, tozun-torpağın içində bir gün işləmək necə bir əzabdır, bunu hiss etməyə çalışaq.

Unutmayaq ki, şəhər bizim evimizdir. Evimizi təmiz, abad saxlamaq isə hər birimizin borcudur. Kommunal işçiləri bu işin önündə gedən, adı çox çəkilməyən, amma şəhərin görünməz qəhrəmanlarıdır. Onların əməyinə hörmətlə yanaşmaq, bir təşəkkür sözü demək, onları incitməmək həm insani, həm də vətəndaşlıq borcumuzdur.

Əgər bu gün Atabəylər prospektində təmizlik, yaşıllıq, səliqə-sahman varsa, sabah başqa bir küçədə də eyni qayğı, eyni diqqət olacaq. Çünki bu insanlar hər gün, hər saat Gəncənin abadlığı üçün çalışırlar. Bizim işimiz onların işini görmək deyil, amma ən azı onların əməyini görməkdən ibarətdir.

Şəhərin hər daşında onların izi var. Gəlin, o izi qiymətləndirək. Gəlin, Gəncənin görünməz qəhrəmanlarına dəyər verək.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

 













Sosial həyat