TƏBİB, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Türk Dövlətləri Nefrologiya Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin II Milli Konqresi Türk Dövlətləri Nefrologiya Federasiyasının I Konqresi” uğurla başa çatıb.
XQ xəbər verir ki, konqresin əsas məqsədi daxili xəstəliklər və nefrologiya sahəsində son elmi yeniliklərin müzakirəsi, qabaqcıl klinik təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Tədbirdə ölkənin tanınmış tibb mütəxəssisləri, türk dövlətlərinin baş nefroloqları, tanınmış professor və elm xadimləri ilə yanaşı, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri, Avropa Böyrək Assosiasiyasının yeni dövr üzrə rəhbəri həmçinin ABŞ və Yaponiyadan dəvət olunmuş nüfuzlu mütəxəssislər iştirak ediblər.
Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov, Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Qliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin sədri Prof.Dr. Fredrik Von Vovern, nefrologiya sahəsində tanınmış türkiyəli professor Mehmet Şükrü Sever və professor Südeyf İmamverdiyev çıxış ediblər.
Konqresin açılış mərasimində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov çıxış edərək tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, belə beynəlxalq miqyaslı konqreslər təkcə elmi biliklərin paylaşılması ilə məhdudlaşmır, eyni zamanda müxtəlif ölkələrdən olan mütəxəssislər arasında peşəkar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və səhiyyə sahəsində vahid yanaşmaların formalaşmasına mühüm töhfə verir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Qliyev çıxışında səhiyyə sistemində keyfiyyət standartlarının yüksəldilməsi və tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdıraraq, belə elmi platformaların bilik və təcrübə mübadiləsində mühüm rol oynadığını bildirib.
TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında tibbi xidmətlərin təşkili, müasir yanaşmaların tətbiqi və pasiyent məmnuniyyətinin artırılması istiqamətində aparılan işləri vurğulayıb.
Prof. Dr. Fredrik Von Vovern çıxışında beynəlxalq təcrübənin paylaşılmasının əhəmiyyətini qeyd edərək, qlobal səhiyyə çağırışlarına qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb. Professor Mehmet Şükrü Sever çıxışında böyrək xəstəliklərinin müasir müalicə üsulları və bu sahədə regional əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Professor Südeyf İmamverdiyev isə çıxışında elmi yeniliklərin praktik səhiyyəyə inteqrasiyasının vacibliyini vurğulayaraq, belə konqreslərin mütəxəssislər arasında bilik mübadiləsinə mühüm töhfə verdiyini qeyd edib.
Tədbir çərçivəsində müxtəlif ixtisas sahələrini əhatə edən paralel sessiyalar təşkil olunub. Elmi proqram ürək-damar xəstəliklərindən metabolik pozuntulara, revmatoloji və infeksion xəstəliklərdən endokrinoloji problemlərə qədər geniş mövzuları əhatə edib. Eyni zamanda nefrologiya istiqamətində böyrək xəstəliklərinin müasir müalicə yanaşmaları, dializ və transplantasiya imkanları, genetik testlər və innovativ texnologiyalar üzrə müzakirələr aparılıb.
Konqres çərçivəsində ürək çatışmazlığı, aritmiyalar və kardiovaskulyar risklərin idarə olunması, diabet və onun ağırlaşmalarına müasir yanaşmalar, iltihabi və autoimmun xəstəliklər, tənəffüs sistemi və infeksion xəstəliklər, eləcə də süni intellektin tibbdə tətbiqi kimi aktual mövzular üzrə müzakirələr keçirilib.
Tədbir həmçinin gənc həkimlər və rezidentlər üçün təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynayıb. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən sessiyalar müasir tibbi biliklərin praktik səhiyyəyə tətbiqinə əhəmiyyətli töhfə verib.
Eyni zamanda konqresin yekununda həkim-rezidentlər arasında “Gənc nefroloqlar: çətin klinik halların təqdimatı” adlı müsabiqə keçirilib. Müsabiqə çərçivəsində iştirakçılar mürəkkəb klinik halları təqdim edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib və nəticədə qalib müəyyən olunub. Qaliblər münsiflər heyəti tərəfindən mükafatlandırılaraq təltif ediliblər.




