Azərbaycanlı pilot Portuqaliyada keçirilən “TAG Livre Portuguese Trophy” yarışında uğur qazanıb.
Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar. Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vuraraq yekunda 1-ci yerə layiq görülüb.
Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.
Formula 1-ə yüksəlməyi qarşısına məqsəd qoyan Davin Cəfərov inkişaf yolunda inamla irəliləyir. O, intizamı, istedadı və beynəlxalq təcrübəsi ilə motorsportun ən yüksək səviyyəsinə doğru addımlarını davam etdirir.
Bununla yanaşı, sponsorluq məsələlərinin hələ də tam həllini tapmaması səbəbindən azərbaycanlı pilotun cari ildə Formula 4-də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.
Qabil YUSİFOĞLU
XQ

