Hakim və vəkillərin etik davranışı mövzusunda məlumat sessiyası

post-img

Bu gün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə hakimliyə və vəkilliyə namizədlər, hüquqşünaslar, vəkillər, həmçinin məhkəmə və digər dövlət qurumlarında çalışan hüquqşünas mütəxəssislər üçün “Hakimlərin və vəkillərin etik davranış qaydaları” mövzusunda məlumat sessiyası keçirilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək, hüquq sistemində etik davranış prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.  Qeyd edib ki, hakim və vəkillərin peşə fəaliyyətində yüksək etik standartlara riayət olunması ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan, belə maarifləndirici tədbirlərin təşkili hüquqşünasların peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də hüquq mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Sessiyada çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli hakimlərin etik davranış qaydaları, peşə fəaliyyətinin əsas prinsipləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verib.

Sonra Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev vəkillərin etik davranış qaydalarına dair təqdimatla çıxış edərək, vəkilin ona müraciət edən şəxslərlə münasibətləri, məhkəmə və digər orqanlarla qarşılıqlı əlaqələri, həmçinin peşəkar münasibətlərin qurulması və davamlı inkişafının əhəmiyyəti barədə danışıb.

Məlumat sessiyasının davamında Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və İnstitutun Ekspert Şurasının üzvü, sabiq hakim Səadət Bəktaşi iştirakçılar tərəfindən verilən hakimlərin və vəkillərin fəaliyyətində rast gəlinən etik pozuntulara dair sualları cavablandırıblar. 

Sessiya çərçivəsində iştirakçılarla real nümunələr üzərində fikir mübadiləsi aparılıb və etik davranışın təmin edilməsi yolları nəzərdən keçirilib.

Qabil YUSİFOĞLU
XQ













Sosial həyat