Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir. Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet istiqamətlərdəndir.
Burada investorlar üçün münbit şərait var. Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq subyektləri üzrə 2 min 200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 mini ötəcək.
Bu fikirlər bu gün Xankəndidə səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri tərəfindən səslənib.
İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətinin əməkdaşlıq imkanlarından söz açıb.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlığın ölkələr üçün də vacib olduğunu deyib.
Rumıniya parlamentinin üzvləri Xankəndi şəhərində gedən bərpa-quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət edib, Şuşa şəhərini gəziblər.
XQ