Mirzə Fətəli Axundov xatirə ocağının 85 yaşı tamam olur
Görkəmli şəxsiyyətlərin ev muzeyləri mənzillərin təyinatının dəyişdirilərək memoriallaşdırılması yolu ilə yaradılır. Bu tip muzeylər adətən hansısa məşhur yaradıcı şəxsiyyət dünyasını dəyişdikdən sonra, əksər hallarda onun doğulduğu, yaşadığı evdə yaradılır. Muzeyləşmiş evlərin ekspozisiyasında tarixi şəxsin əşyaları, sənədləri, əsərləri ilə bərabər, dövrünün mühiti qorunub saxlanır.
Dünyada ev muzeyləri çoxdur. Böyük Britaniyada yazıçı evlərini ziyarət etmək meyli ilk dəfə 1840-cı illərdə müşahidə olunub. Sonra digər ev muzeyləri yaradılıb. Azərbaycanda isə ilk ev muzeyi 1 əsr sonra – 1940-cı ildə Şəkidə dramaturgiyamızın və ədəbi tənqidimizin banisi maarifçi, şair, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olduğu ünvanda yaradılıb. Bu tarix bəzi mənbələrdə yanlış olaraq 1938-ci il göstərilir. Çünki məhz 1938-ci ildə Axundovun 125 illik yubileyinin keçirilməsi məsələsi müzakirə olunub, bir sıra qərarlar verilib. Ev muzeyi isə iki il sonra ərsəyə gəlib. İndi o vaxtdan düz 85 il keçir.
Şəkinin tarixi hissəsində yerləşən ev həm də yerli əhəmiyyətli abidə olaraq dövlət tərəfindən mühafizə olunur. XVIII əsrin sonunda ənənəvi Şəki evi tipologiyasına uyğun inşa edilmiş bina iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Bu ev M.F.Axundzadənin yaşadığı dövrün məişətini və həyat tərzini özündə yaşadır. Eyni həyətdə başqa bir tikili də var: sonradan – 1975-ci ildə inşa edilmiş bu binada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb.
Azərbaycanda bir çox ev muzeylərinin yaranmasında ulu öndər H.Əliyevin müstəsna rolu olmuşdur. Məhz Ümummilli liderin diqqət və qayğısı nəticəsində Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi kimi nəhəng simaların memorial-xatirə və ev muzeyləri yaradılmışdır. Bu gün Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərən ev muzeylərinin sayı 40-dan çoxdur.
Bu sahəyə qayğı və diqqət ənənəsini hazırda Prezident İlham Əliyev layiqincə davam etdirir. Ölkə ərazisində yaradılan ilk ev muzeyinin yerləşdiyi Şəkidə ölkə Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə bütün Türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılmış, beləliklə Şəkidəki rəsmi ev muzeylərinin sayı dördə çatmışdır. Eləcə də digər şəhər və rayonlarda bu diqqət və qayğı hiss olunmaqdadır.
Muzeylər dünəni bu günə, bu günü sabaha aparan, milli-mənəvi, mədəni dəyərləri yaşadan müqəddəs məkanlardır. Onlar bizim dünənimiz deyil, sabaha aparan işıqlı yolumuzdur. B.Vahabzadə M.F.Axundzadəyə həsr etdiyi “Xamnədən Şəkiyə” adlı əsərində onu günəşə bənzədir. Günəşə bənzədilən M.F.Axundzadənin ev muzeyi isə Azərbaycanın memorial muzeylərinin dan ulduzu, ilkidir. Yaradılmasından 85 il ötməsi sadəcə bir muzeyin yubileyi deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin bayramıdır.
Zəminə Rəsulova