Düz 5 il əvvəl, iyul ayının ortalarında Ermənistanın Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti həmləsinin qarşısı qətiyyətlə alındı. Onlarla canlı qüvvəsi, zirehli texnikası məhv edilən düşmən, necə deyərlər, burnu ovulmuş halda geri çəkildi.
Həmin döyüşlərdə biz də müəyyən itkilər verdik. Hərbi hissə komandiri, general-mayor Polad Həşimov başda olmaqla, bir neçə igidimiz şəhadətə ucaldı. Bu hadisə Qaraqaya yüksəkliyində baş verdi. Amma onların qanı yerdə qalmadı, cəmi 2 ay sonra başlanan Vətən müharibəsi Silahlı Qüvvələrimizin Böyük Zəfəri ilə başa çatdı və 30 illik işğala son qoyuldu.
Polad Həşimov Qəbələdə anadan olub. Orta məktəbi köçüb gəldikləri Sumqayıt şəhərində bitirib. Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub. Xidmət dövründə leytenantlıqdan general-mayor rütbəsinə qədər yüksəlib.
...Gənclik şəhərində onun adını daşıyan küçədə durmuşam. Xatirə lövhəsinə baxıram. Düşünürəm ki, Polad, şübhəsiz, vaxtilə bu küçədən dəfələrlə keçib. Heç ağlına da gəlməyib ki, bir zaman adı bu ünvanda ədəbiləşəcək. Bu da bir tale yazısıdır.
Bir neçə ay sonra polkovnik İlqar Mirzəyevlə bərabər Azərbaycanın Milli Qəhrəmanı adını alacaq şəhid general Polad Həşimovun son görüş üçün Sumqayıta gətirilən nəşini gözləyənlər arasında mən də vardım. Gecə olsa da, onun yaşadığı 13-cü mikrorayondakı həyətlərində minlərlə adam toplaşmışdı. Polad Həşimovun sinif yoldaşı olmuş Sumqayıt teatrının tanınmış aktyoru Mətləb Səfərli mənə onun haqqında yana-yana elə xatəirələr danışdı ki, şəhadət adlı müqəddəs hədəfə məqsədyönlü şəkildə getdiyinə bir daha əmin oldum. Nəhayət, cənazə gətirildi. Bayraqlar, şüarlar, dualar, hərbi marş sədaları... Bütün bunlar həm ağrılı idi, həm də qürurverici.
İyulun 12-də günorta saatlarında ermənilərin təhriki ilə Tovuz döyüşləri başlananda qulluq etdiyi Qazaxdan ora göndərilməsini xahiş edən və general Polad Həşimovun təlimatı ilə ən çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirən, “Akula” ləqəbli mayor Anar Novruzov olub. O, 2–3 gün ərzində qarşı tərəfin bir çox hərbçisini sərrast atəşləri ilə məhv edib.
Novruzovun əsgərlərdən biri danışır ki, döyüş meydanında ağır yaralanmışdım. Güllələr, mərmilər yağış kimi yağsa da, komandirim Novruzov məni oradan çıxarmağa çalışırdı. “Komandir, məni burax, heç olmasa, özün salamat çıx!” dedim. O isə “Yox, – deyə cavab verdi. –İkimiz birlikdə çıxacağıq”. Elə də oldu. Dəfələrlə döyüş dostlarını ölümün cəngindən qurtarmışdı. Təəssüf ki, cəsur mayor iyulun 14-də Tovuzda növbəti döyüş tapşırığını yerinə yetirərkən özünə ideal saydığı sevimli generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, gizir Yaş ar Babayev, gizir İ lqar Zeynallı və əsgər Elç in Mustafayevlə birlikdə qəhrəmancasına şəhid oldu...
Sumqayıtdakı Polad Həşimov küçəsindəki xatirə lövhəsinə baxarkən yadıma mayor Anar Novruzovun Masallı––Yardımlı yolunun üstündə, Ərkivan kəndində qoyulmuş abidəsini də xatırladım. Bir dəfə onun qardaşı Sücəddin Novruzovla orada görüşmüşdüm. Onda demişdi ki, abidənin qarşısından tər güllər əskik olmur. Məktəblilər, rayon sakinləri, yolçular buranı əsl ziyarətgaha çeviriblər.
Elə Polad Həşimovun adını daşıyan küçə ilə bərabər, yaşadığı ünvan da ziyarətgaha çevrilib. Şəhadətinin ilk ildönümündə burada xatirə abidəsi və barelyefi qoyulub. Abidənin önü daim gül-çiçəklə bəzədilmiş halda olur. Bir dəfə orada qəhrəmanın anası Səmayə xanımla həyətlərində görüşəndə əlini öpüb səbir dilədim və dedim: “Sizə eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övlad, igid yetişdirmsiniz. Bu gün Polad Həşimovla nəinki Sumqayıt və Qəbələ, bütüb Azərbaycan, bütün Türk dünyası fəxr edir”.
...Bu il 50 yaşı tamam olan Polad Həşimovun adını daşıyan küçədə lövhə qarşısında dayanmış gənclərdən birinin qəhrəmanın oğlu Davud olduğunu öyrənirəm. Deyrlər ki, Davud keçən il imtahanlarda yüksək bal topladığı üçün 4 ölkədən, 7 universitetdən qəbul təklifi alıb və təhsilini dünya reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin “Purdue” universitetində davam etdirir. Tanış oluruq. Okeanın o tayından tətilə gəldiyini deyir. Sonra Davud sevinclə bildirir ki, Türkiyədə, Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində bir parka Polad Həşimovun adının verilməsi xəbərindən çox sevinib. “Mən də daim adı ilə fəxr etdiyim atamın ruhunu öz uğurlarımla sevindirməyə çalışacağam”.
Bax, tarixi Tovuz döyüşlərinin ildönümü bizə Sumqayıtda belə bir unudulmaz gün yaşatdı.
Ə.DOSTƏLİ
XQ