Şuşa Teatrı Zemfira Məhərrəmlinin eyni adlı pyesini tamaşıçılara təqdim etdi
Mən bu tədbirə dəvət olunanda böyük məmnunluqla iştirak edəcəyimi bildirdim. Bu da səbəbsiz deyildi. Çünki söhbət Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı tamaşadan gedirdi və mən 40 ildən çoxdur ki, həmin teatrın sadiq tamaşaçısıyam. İkinci, səhnələşdirilmiş əsərin müəllifi məhz biz jurnalistlərin həmkarı – Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli idi. Üçüncü, tamaşaçılara təqdim olunan səhnə əsərinin rejissoru bizim gənclik dostumuz, tələbəlik yoldaşımız, Əməkdar artist Nazir Rüstəmovdur. Dördüncü, bu tamaşa həm də həmkarımızın 70 illiyinə həsr edilmişdi. Beşinci, biz bu tamaşaya on nəfərlik heyətlə – qrup yoldaşlarımızla birlikdə getdik.
... Bu qəbildən olan məclislərin əvvəlində ənənəvi “üvertüra” xarakterli çıxışları ilə daim seçilən natiq – Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Əsəd Cahangir qeyd etdi ki, bu əsər müəllifin dramaturgiya sahəsində ilk cəhdidir və “Ümid işığı”nın dramatik quruluşu, dolğun obrazları və sosial konfliktləri təbii və uğurlu şəkildə təqdim edilib.
Həmin gün tamaşaçıları məmnun edən məqamlar çox idi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, səhnə sənətimizin ağsaqqallarından olan Hacı İsmayılovun mükəmməl arqumentləri, tamaşanın rejissoru Nazir Rüstəmovun təqdimat çıxışı və pyesin müəllifinin “Xoş gəldinizi” xüsusi alqışlarla qarşılandı. Etiraf edim ki, çoxdandır teatr zalında anşlaq görmürdüm. İyulun 9-də dünyanın hər yerindəki teatr mütəxəssislərinin daim arzuladığı anşlaqı Şuşa Teatrında gördüm.
Teatr kollektivi müasir ailə institutunun fərqli qütbləri arasındakı antoqonist düşüncənin törətdiyi fəsadları necə də uğurla göstərə bildilər. Əhsən! Xüsusən, xanım ifaçılar əsər müəllifinin və rejissorun demək istədiklərini ustalıqla yerinə yetirdilər.
Xatırladaq ki, son zamanlar o qədər də müraciət edilməyən lirik-psixoloji dram janrında qələmə alınmış bu əsər müasir gəncliyin üzləşdiyi çətinliklər, saf məhəbbət və ona mane olan fərdlərlə mübarizə üzərində qurulmuşdur.
Çoxsaylı işıq effektləri və musiqi parçaları ilə daha da zənginləşdirilmiş tamaşada əsas rolları Zəhra Salayeva, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev və Cavidan Kəsəmənli canlandırırdı. Yeri gəlmişkən, afişadan oxuduq ki, premyerası təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azər Məmmədovdur.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist