Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkmənistan Mədəniyyəti Günlərinin rəsmi açılışı olub.
Mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, xalqlarımızı ortaq tarix, mədəni köklər və sarsılmaz dostluq münasibətləri birləşdirir. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması isə bir-birimizi daha yaxından tanımağa, qarşılıqlı mədəni mübadilənin genişlənməsinə və gələcəkdə birgə layihələrin reallaşdırılmasına əlverişli şərait yaradır.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov isə qeyd edib ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Mədəniyyət sahəsində əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli isə söyləyib ki, mədəniyyət və ədəbiyyatlarımız ortaq dəyərlərimizin tərcümanı, mənəvi dəyərlər körpüsüdür. Mədəni əməkdaşlığımız çoxəsrlik qardaşlığımızın çağdaş təcəssümüdür.
Mərasim iştirakçıları türkmən xalqının zəngin mədəni irsini əks etdirən fotosərgi ilə tanış olublar. Konsert proqramında isə türkmən rəqsləri və musiqi nömrələri təqdim edilib.
Türkmənistan Mədəniyyət Günləri oktyabrın 15-dək Bakıda və Gəncədə davam edəcək.
XQ