Bu günlər ölkəmizin hər bir guşəsində payızın ilıq, məhrəm nəfəsi duyulur. Axı payız həm bar-bərəkət, həm də sevinc, toy-büsat fəslidir. İnsanlar ilboyu tarlalarda min bir zəhmət hesabına bol məhsul yetişdiriblər.
Bu günlərdə Kəlbəcərdə bal, Masallıda çəltik, Şamaxıda şərab festivalları keçirilib. Qubada alma, Göyçayda nar bayramlarına hazırlaşırlar. Bütün bölgələrimizdə bayram əhvali-ruhiyyəsi var.
El-oba, əkin-biçin adamı sevinəndə, torpaq da bərəkətini əsirgəmir. Kəndli də beləcə əməyinin bəhrəsini görəndə, torpağa daha ürəkdən bağlanır. Tarlaların məhsulu anbarlara, bazarlara daşınsa da, kəndli torpaqdan ayrıla bilmir. Növbəti ilin bol məhsulu barədə düşünür.
Ulu Naxçıvanın meyvə və üzüm bağları, Qarabağın payızlıq taxıl əkinləri, Lənkəranın, Astaranın çay plantasiyaları, Salyanın, İmişlinin qışlaqları sübh açılandan gün batanadək əməkçilərin, maldarların nəfəsi ilə isinir.
Növrağın mübarək, gözəl məmləkətim!