Rusiya XİN: Lavrov və Fidan mayın 27-də görüşəcəklər

post-img

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar mayın 27-nə planlaşdırılır. Bu barədə “Kommersant”a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Türkiyəli nazirin Moskvaya səfəri mayın 26-da başlayıb.

Tərəflər bank xidmətlərinin və ölkələr arasında ticarətin yaxşılaşdırılması üçün əlverişli mühitin yaradılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, cənab Fidan Rusiya və Ukrayna arasında İstanbul sülh danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski ilə artıq görüşüb. TASS mənbəyə istinadən yazıb ki, səfərin ilk günü, mayın 26-da türkiyəli nazirin Rusiya Prezidenti Vladimir Putin və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşəcəyi gözlənilir.

Hakan Fidan Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bəri bu il mayın 16-da İstanbulda keçirilən ilk danışıqlarda vasitəçi kimi çıxış edib. Təmaslardan sonra Hakan Fidan tərəflərin danışıqların yeni raundu ilə bağlı prinsipial razılığa gəldiyini bildirib. Mayın 18-də RİA Novosti Türkiyə mənbələrinə istinadən yazıb ki, növbəti turun yeri ilə bağlı hələ aydınlıq yoxdur. Mayın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, hələlik heç bir konkret məlumat yoxdur.

P.ƏMİRCANOV
XQ

Məktublar