Milli Məclisin deputatı Anatoli Rafailov Azərbaycan–İsrail əməkdaşlığının sülhə və sabitliyə xidmət etdiyini deyir
Yəhudilərin İsraildən sonra kompakt şəkildə yaşadıqları yerlərdən biri Azərbaycan, konkret desək, Quba rayonundakı Qırmızı qəsəbədir. İki xalq arasında dostluq münasibətləri tarixi köklərə malikdir. Bu iki xalq tarixin keşməkeşli məqamlarında bir-birinə həyan olub, sevinc və kədərlərini bölüşüb. Çağdaş dövrümüzdə isə bunun nümunələri yetərincədir. Qarabağ uğrunda döyüşlərdə digər xalqların nümayəndələri kimi, yəhudi gənclər də fəal iştirak edib, bu yolda canlarından keçənlər olub. Xalqlar kimi dövlətlər də münasibətləri inam, səmimiyyət, ənənələrə sadiqlik üzərində qurmağa üstünlük verirlər. İsrail və Azərbaycan arasında əlaqələr bütün sahələrdə dostluq və qarşılqılı faydalı əməkdaşlığa söykənir. 60 saylı Quba – Qusar seçki dairəsindən Milli Məclisin deputatı, Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, “Şöhrət” ordenli Anatoli Rafailovla söhbətimiz bu, eləcə də gündəmə bağlı digər məsələlər barədədir.
– Hörmətli deputat, əminik ki, oxucularımız sizi daha yaxından tanımaq istəyir...
– İxtisasca həkiməm. Deputat seçildiyim Quba və Qusar rayonlarında hamı məni həkim kimi tanıyıb. Deputat kimi görüşlərimdə vətəndaşlar digər məsələlərlə yanaşı, səhhətləri ilə də bağlı mənə müraciət edirlər. Əlbəttə, bu, ikiqat məsuliyyət deməkdir. Ailəmizdə hamı həkimdir. Görünür, taleyimizə belə yazılıb ki, daim insanların qayğısına qalmalıyıq. Uzun illər travmatoloq-cərrah işləmişəm və deputatlıqla həkimlik arasında bir bağlılıq görürəm. Bu gün yenə də insanların, seçicilərin üzləşdikləri problemləri özümünki bilirəm. Birinci Qarabağ müharibəsində cərrah kimi yüzlərlə yaralı əsgərimizin həyatını xilas etmişəm. 1990-cı illərin əvvəllərini xatırlayıram. Gənc həkim idim, elə vaxt olurdu ki, gün ərzində 10-12 saat fasiləsiz cərrahiyyə əməliyyatı aparmalı olurdum. Qarabağda ağır döyüşlər gedirdi, cəbhədən çoxlu yaralı gətirirdilər. Mən onda müharibənin insan taleyinə vurduğu ağır yaraların şahidi oldum. Bəzən bütün günü ayaq üstə qaldığımdan ayaqlarım şişirdi. Amma başa düşürdüm ki, dayanmaq olmaz. Axı, hər dəqiqə, hər saniyə kiminsə həyatı demək idi. İndi deputat kimi çalışsam da, şərəfli peşəmdən ayrılmamışam. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində yaralanan əsgərlərimizin, qazilərimizin sağlamlıqlarını bərpa etmələri üçün əlimdən gələni edirəm.
– Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında münasibətləri necə dəyərləndirərdiniz?
– Əvvəlcə onu qeyd etmək istəyirəm ki, İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanı rəsmən tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci il aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqust ayından İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Azərbaycanın İsrail dövləti ilə qarşılıqlı faydalı münasibətlərinin qurulmasında və bu əlaqələrin inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Heydər Əliyev İsraillə diplomatik əməkdaşlığın inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporu arasında əlaqələrin möhkəmlənməsinə də böyük önəm verirdi.
İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci ildə Bakıya ilk səfərini etdi, ulu öndər Heydər Əliyevlə görüşdü. Həmin səfər Azərbaycanla İsrail arasında yaxınlaşmanın əsasını qoydu. O vaxtdan İsrail ilə Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa söykənən əlaqələr mövcuddur. Şübhəsiz, dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir.
2009-cu il iyunun 28-29-da İsrail Prezidenti Şimon Peres Azərbaycana rəsmi səfərə gəlmişdi. Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, səfərin böyük əhəmiyyət daşıdığını qeyd etmişdi.
İkitərəfli əməkdaşlıq cənab Prezidentin dediyi istiqamətdə bu gün də inkişaf etməkdədir. 2016-cı ilin dekabrında Bakıya ikinci rəsmi səfərində Baş nazir Benyamin Netanyahu Azərbaycan–İsrail münasibətlərinin daha da yaxşı olacağını bildirmişdi. 9 il əvvəl Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 13 sənəd imzalandı. 2016-cı ildə İsrailin Akko şəhərində Azərbaycan dağ yəhudilərinin irsi üzrə koordinasiya mərkəzi açıldı ki, bu da ölkələr və xalqlar arasında mədəni əlaqələrin rəmzidir.
2023-cü il martın 23-də Azərbaycanın İsraildə səfirliyinin açılması ilə iki ölkə arasında diplomatik əlaqələr yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev bu hadisəni iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirdi. 2023-cü ilin mayında İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq perspektivlərini daha da artırmağa xidmət etdi. Dövlətimizin başçısı İlham Əliyevin keçən ay İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İsxak Hersoqa göndərdiyi məktubunda deyildiyi kimi, qarşılıqlı etimad və möhkəm təməllər üzərində qurulmuş Azərbaycan–İsrail münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur. Bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə, daha da möhkəmlənəcəyinə əminəm.
– İsrail İkinci Qarabağ savaşında Azərbaycanın yanında olan, ümumiyyətlə, ölkəmizin haqq işini daim dəstəkləyən ölkələrdən biridir.
– Bəli, İsrail hər zaman beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və erməni işğalına qarşı çıxıb. Əgər belə demək mümkünsə, daim Azərbaycanın yanında olub, ona lazımi dəstəyi göstərib. 44 günlük Vətən müharibəsi, həm də 23 saatlıq lokal antiterror əməliyyatı zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə, daha doğrusu, erməni vandalları tərəfindən xarabalığa çevrilmiş bölgənin dirçəlməsinə öz töhfəsini verməkdədir. Azərbaycan–İsrail əməkdaşlığı təkcə hərbi sahədə deyil. Sirr deyil ki, biz ölkəmizin təhlükəsizliyini təmin etmək üçün İsraildən ən yeni silahları alırıq. Onu da qeyd edək ki, iştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su idarəçiliyi, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı sahələri ilə bağlıdır.
– Belə yüksək səviyyəli əməkdaşlığın erməni lobbisi tərəfindən qısqanclıqla qarşılandığı məlumdur. Onlar bu dostluğa xələl gətirməyə cəhdlər edirlər. Bu barədə nə deyə bilərsiniz?
– Dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir. ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarını müdafiə edib. Yəni İsrail–Azərbaycan münasibətlərinin kökündə dərin, düşünülmüş, gələcək inkişafa və qarşılıqlı maraqlara söykənən siyasət durur. Müttəfiqlik əlaqələrinin gücləndirilməsi diaspor sahəsini də əhatə edir. Diaspor nümayəndələri də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. Bu dostluğu, əməkdaşlığı kimsə poza və yaxud ona kölgə sala bilməz. Halbuki erməni diasporu neçə illərdir ki, iki ölkə arasındakı əməkdaşlığı zəiflətmək məqsədilə müxtəlif kampaniyalar həyata keçirir. Əgər xatırlayırsınızsa, bir müddət bundan əvvəl erməni diasporu Holokost soyqırımından sağ çıxan yəhudilərin indi, guya, Qarabağda yaşayan ermənilərin “soyqırımına şərik” olmalarını bildirmişdilər. Bu, ağ yalandır, azad olunmuş Azərbaycan ərazilərindən ermənilərin hamızı könüllü köçüb. Həmin proses bütün dünyanın gözü qarşısında olub. Orada nəyinki soyqırımı, heç bir erməninin burnu da qanamayıb, biz buna şahidik. Onlar rahat şəkildə əşyalarını yığıblar və öz şəxsi nəqliyyat vasitələrində köçüblər.
Dünyanın əksər ölkələrindən, o cümlədən Amerikadan və Fransadan olan bir çox tanınmış ravvinlər erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxdılar. Onların bu mövqeyi sinaqoqlarda da dəstəkləndi və bu addım, yəni Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamlar böhtan kampaniyası adlandırıldı. Hətta bildirildi ki, istənilən “müqayisə” Holokost qurbanlarının xatirəsinə təhqirdir. Nəticədə bu kampaniya bir nəticə vermədi və verməyəcək də. Ümumiyyətlə, xalqlarımız arasındakı səmimi dostluq münasibətlərinin eməniləri qıcıqlandırdığını, yaxın əlaqələrimizin onların gözünə tikan kimi batdığını yaxşı bilirik.
– Bu yaxınlarda 50-dən çox ravvin ABŞ Prezidenti Donald Trampa “907-ci düzəliş”in ləğv olunması ilə bağlı müraciət ediblər. Sizcə, “907-ci düzəliş”in ləğvinə nail olmaq mümkündürmü?
– “Azadlığı dəstək Aktı”na “907-ci düzəliş” ədalətsiz bir sənəddir. Bu, Birləşmiş Ştatların Azərbaycana dövlət yardımının qadağan olunmasını nəzərdə tutur. Milli Məclis ABŞ Senatının bu sənədi qəbul etməsinə qəti etirazını bildirib və ölkəmizi hədəfə alan hərəkətini şiddətlə qınayıb. Prezident İlham Əliyev isə bu il yanvarın 22-də Davosda konqresmen Conni Mur ilə görüşündə “907-ci düzəliş”in yenidən bərpasını Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Sözün düzü, bu gün özünün yüksəliş mərhələsində olan Azərbaycanın yardıma ehtiyacı yoxdur. Azərbaycan işğaldan azad edilmiş torpaqları öz gücünə bərpa edir. Bütün bunlara rəğmən, güman edirəm ki, ABŞ-ın digər yəhudi təşkilatlarının da Amerika liderinə müraciət etmələrinin müəyyən faydası olacaq.
– Azərbaycanın malik olduğu multikulturalizm və tolerantlıq ənənələri barədə fikirlərinizi eşitmək maraqlı olardı...
– Dünyanın bildiyi həqiqətdir ki, Azərbaycanda yaşayan, müxtəlif inancları olan millətlər, azsaylı xalqlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, ana dillərində təhsil alırlar. Halbuki dünyanın çox az sayda ölkəsində belə mənzərə ilə qarşılaşmaq mümkündür. Bu, Azərbaycan xalqına xas olan bir mədəniyyətdir. Tolerantlıq ən dar günümüzdə imdadımıza çatıb. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, yəhudisi də, ləzgisi də, talışı da, avarı da bir çağırışla Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşərək erməni qəsbkarlığına qarşı vuruşublar. Birinci Qarabağ savaşında tankı ilə düşmənə qan udduran və qəhrəmanlıqla şəhadətə ucalan yəhudiəsilli Milli Qəhrəman Albert Aqarunovun şücaəti barədə bu gün hər kəs qürurla danışır. Döyüş dostları Alberti “Şuşanın əfsanəsi” adlandırırlar. Nə gizlədim, bir yəhudi olaraq onunla fəxr edirəm. Qarabağı azad etmiş bütün qəhrəmanlarımızla qürur duyuram.
Bəli, Azərbaycan bütün millətlərin, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşadıqları nadir ölkələrdəndir. Dini və etnik zəmində çəkişmələrin çoxaldığı indiki dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsini göstərir - desək, səhv etmərik. Sonda onu da qeyd etmək istərdim ki, Prezident İlham Əliyev hər dəfə Qubaya gələndə dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları Qırmızı Qəsəbəyə – “Qafqazın Yerusəlimi”nə baş çəkir, sakinlərlə ünsiyyətdə olur, onların qayğıları ilə maraqlanır. Biz yəhudilər bu diqqət və qayğını daim hiss edir və dəyərləndiririk.
Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ