Görkəmli iqtisadçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü professor Şahbaz Muradovla 85 illik yubileyi ərəfəsində görüşüb Azərbaycanda iqtisadiyyat elminin müasir vəziyyəti və perspektivləri, İqtisadiyyat İnstitutunun fəaliyyəti, eləcə də AMEA-nın 80 illiyi ilə bağlı suallarımızı cavablandırmağı xahiş etdik.
1. Hörmətli Şahbaz müəllim, əvvəlcə sizi yubileyiniz münasibətilə təbrik edirik, Sizə möhkəm cansağlığı, yeni elmi nailiyyətlər arzu edirik. Zəngin elmi həyatınıza nəzər saldıqda, iqtisadiyyat elminin inkişafına töhfə verən hansı əsas elmi nəticələrinizi qeyd edə bilərsiniz?
-Diqqətinizə görə, təşəkkür edirəm. Çox sağ olun.
Əvvəla, qeyd edim ki, mən keçmiş SSRİ məkanında iqtisad elmləri sahəsində ən gənc yaşlarda elmlər doktoru dissertasiyası müdafiə etmiş tədqiqatçılardan biri olmuşam. 1965-ci idə 25 yaşımda ikən namizədlik, 1972-ci ildə 32 yaşımda isə doktorluq dissertasiyalarımı müdafiə etmişəm. 1977-ci ildə professor elmi adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişəm.
1961-ci ildən İqtisadiyyat İnstitutunda müxtəlif vəzifələrdə – kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, 1991–1998-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 1999–2008-ci illədə İqtisadiyyat İnstitutunun direktoru kimi fəaliyyət göstərmişəm. Bütün həyatım İqtisadiyyat İnstitutu ilə bağlıdır.
1968-ci ildən bu elmi müəssisədə “Demoqrafiya və məşğulluq problemləri” şöbəsinə rəhbərlik edirəm. Apardığım tədqiqatların nəticələri 750-dən çox elmi əsərdə əksini tapıb. Onlardan 35-dən çoxu monoqrafiya və kitablardır. 70-dən artıq əsərim xaricdə çap olunub. 10-dan artıq elmi nəticəm və 2 monoqrafiyam SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm elmi nəticələri sırasına daxil edilib.
Mənim elmi rəhbərliyim və müəllifliyimlə ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncamları ilə ölkə tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər) hazırlanmış və dövlət başçısı tərəfindən təsdiq edilmişdir.
Bundan başqa, “Azərbaycan Respublikasında Demoqrafik İnkişaf Konsepsiyası”nın hazırlanması üzrə Dövlət Komissiyasının və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın hazırlanması üzrə Əlaqələndirmə Komissiyasının üzvü olmuşam.
Ulu öndər Heydər Əliyevlə ilk tanışlığımız 1995-ci ilə təsadüf edir. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbərliyə gəldikdən sonra, Ulu öndərin fəaliyyətinə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan “Вопросы экономики” jurnalının 6-cı sayında çap olunmuş geniş məqaləmdə Ümummilli liderin xidmətlərini ətraflı şəkildə işıqlandırmışam.
Ulu öndərin Azərbaycanda birinci dəfə rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn çətin 50 illik yolun sosial-iqtisadi nəticələri” (1969-2019-cu illər) adlı monoqrafiya hazırlamışam. Həmçinin Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyim “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər” adlı kitabım 2021-ci ildə işıq üzü görüb.
Dövlətimiz də mənim fəaliyyətimi həmişə yüksək qiymətləndirib. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşam, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülmüşəm. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə “Heydər Əliyev İli” ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq təsis olunmuş “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşam.
2. Ölkəmizdə sizin birbaşa dəstəyinizlə, elmi rəhbərliyiniz altında yetişmiş gənc kadrlar bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Gənc tədqiqatçılar üçün uğurlu elmi kariyeranın formalaşmasında nələr vacibdir? Onlara nə kimi tövsiyələriniz var?
-Azərbaycanda əhali sakinliyi, demoqrafiya, iş qüvvəsinin təkrar istehsalı və insan potensialının tədqiqi sahəsində formalaşan elmi məktəbin yaradılmasında mənim də böyük rolum olub. Bu istiqamətdə apardığımız fundamental tədqiqatlar ölkəmizin sosial-iqtisadi inkişaf strategiyalarının hazırlanmasında mühüm əhəmiyyət kəsb edib. Həyatımı elmə həsr etmiş bir alim kimi, yalnız öz elmi fəaliyyətimlə kifayətlənməmişəm, həm də gənc kadrların yetişdirilməsinə xüsusi diqqət ayırmışam. Yüzlərlə tələbə və gənc tədqiqatçının peşəkar inkişafında iştirak etmiş, onların elmi potensialının artmasına dəstək vermişəm. Düşünürəm ki, gənclərin elmə marağını artırmaq, onları yaradıcılığa həvəsləndirmək Azərbaycanda elmin davamlı inkişafı üçün çox vacib şərtdir və hər bir alim bu prosesdə fəal iştirak etməli, bilik və təcrübəsini bölüşdürməlidir.
Mənim elmi rəhbəliyim altında 130-dan artıq namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Bu, böyük göstəricidir. Bütün fəaliyyətim dövründə yüksəkixtisaslı elmi kadrların hazırlanmasına, aspirant və dissertantların elmi hazırlıq səviyyəsinin yüksəldilməsinə önəm vermişəm və hazırda həmin kadrlar ölkənin müxtəlif qurumlarında yüksək vəzifələrdə çalışırlar. Ümumiyyətlə, bu gün İqtisadiyyat İnstitutunun aparıcı mütəxəssislərinin böyük əksəriyyəti mənim yaratdığım elmi məktəbin davamçılarıdır və mən onların hər biri ilə fəxr edirəm.
Gənclərə isə tövsiyəm ondan ibarətdir ki, onlar uğurlu elmi karyera qurmaq üçün daim axtarışda olmalı, elmi dürüstlük prinsiplərinə sadiq qalmalı və məsuliyyətlə çalışmalıdırlar. Çünki elm səbr, davamlı zəhmət və fədakarlıq tələb edir. Hər bir gənc alim düzgün istiqamətdə, məqsədli şəkildə irəliləyərək uğura nail ola bilər.
Tövsiyə edirəm ki, gənclər təkcə bilik toplamaqla kifayətlənməsin, həm də öz sahələrinə dair problemləri dərindən dərk edib, onların həllinə töhfə verməyə çalışsınlar. Və ən əsası, elmə sadəcə bir fəaliyyət kimi yox, vətəndaşlıq missiyası kimi yanaşsınlar.
3. Hazırda Azərbaycanda iqtisad elminin əsas inkişaf istiqamətləri və qarşısında duran çağırışlar nələrdir? Bu sahədə hansı tədqiqatlara xüsusi ehtiyac var?
-Əlbəttə ki, bu gün Azərbaycanda ölkə iqtisadiyyatının dinamik tərəqqisi,
rəqabətqabiliyyətliliyinin artırılması və dayanıqlı inkişafın təmin olunması istiqamətində mühüm işlər həyata keçirilir. Dövlətin həyata keçirdiyi kompleks iqtisadi islahatlar, struktur dəyişiklikləri və strateji proqramlar milli iqtisadiyyatın müasir çağırışlara uyğun inkişafına xidmət edir. Bu kontekstdə İqtisadiyyat İnstitutu da üzərinə düşən elmi və metodoloji funksiyaları uğurla yerinə yetirir, prioritet istiqamətlərdə tədqiqatlar aparır.
Ölkənin aparıcı elmi mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutu iqtisadi siyasətin elmi əsaslara söykənməsində mühüm rol oynayır.
Aparılan işlərin iqtisad elminin inkişafına yönləndirilməsinə böyük ehtiyac vardır. İqtisadiyyat elmi elə bir sahədir ki, bütün sferaları əhatə edir. Son dövrlər iqtisadi tədqiqatlarda praktiki yanaşmalar üstünlük təşkil etsə də, nəzəri baza kifayət qədər möhkəm deyil. Nəzərə almaq lazımdır ki, nəzəriyyəsiz praktika ola bilməz. Yeni mərhələdə Azərbaycan iqtisad elminin qarşısında dayanan əsas vəzifələrdən biri də məhz iqtisadi nəzəriyyənin inkişaf etdirilməsidir.
İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov bu müəssisənin rəhbəri vəzifəsinə gəldikdən sonra qısa müddət ərzində ciddi və sistemli tədbirlər həyata keçirməyə başladı, müəssisənin fəaliyyət istiqamətlərini yenidən dəyərləndirdi. Qeyd etməliyəm ki, Nazim İmanov yüksək savada, geniş erudisiya və biliyə, yüksək idarəçilik qabiliyyətinə malik, müasir dövrün tələblərini tam şəkildə anlayan, eyni zamanda təvazökar bir alimdir. Mən çox xoşbəxtəm ki, belə bir innovativ düşüncəyə malik rəhbərlə çalışıram. Professor Nazim İmanovun mənəvi zənginliyi həm də ondadır ki, Nazim müəllim ortaq layihələrdə təkcə rəhbər kimi deyil, həm də tədqiqatçı-alim kimi fəal iştirak edir.
Nazim müəllim İqtisadiyyat İnstitutuna rəhbərliyin elə ilk illərində, bu qurumun nəzdində, “Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi”nin yaradılması ilə bağlı məsələ qaldırmış və belə bir struktur yaradılmışdır. Mərkəzdə hazırda genişmiqyaslı araşdırmalar, təhlillər aparılır, müxtəlif regionların potensial imkanları qiymətləndirilir, bu imkanların reallaşdırılması istiqamətində təklif və tövsiyələr işlənib hazırlanır.
4. Sizin 2023-cü ildə Laçın şəhərində Prezident İlham Əliyevlə görüşünüz geniş ictimai maraq doğurmuşdu. Həmin görüşdə yadda qalan məqamlar hansılar idi və bu görüş elmi fəaliyyətinizə hansı mənəvi stimul verdi?
-Bəli, qeyd etdiyiniz kimi, bu görüş mənim üçün çox yaddaqalan bir xatirə olmaqla yanaşı, cəmiyyətdə də böyük maraq doğurmuşdu. Bu, həyatımın ən unudulmaz və gözəl günlərindən biri idi.
Maraqlı məqam ondan ibarət idi ki, mən Laçından sonuncu dəfə 1988-ci ildə ezamiyyətdə olduğum tarixdə ayrılmışdım. Üzərindən uzun illər – 35 il keçsə də, Laçınsız yaşamaq hər gün içimdə bir boşluq, bir nisgil kimi qalmışdı. Laçının hər qarışı yaddaşımda, xatirəsi qəlbimdə yaşayırdı.
Azərbaycanımızın igid oğullarının canı və qanı bahasına, Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi cənab İlham Əliyevin uzaqgörən liderliyi, sarsılmaz iradəsi və parlaq sərkərdəlik məharəti nəticəsində Vətənə dönüş yolu açıldı. 1 dekabr 2020-ci il tarixində Laçın rayonu illər sonra doğma Azərbaycanla yenidən qovuşdu.
Laçın şəhəri günü münasibətilə Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə ilk dəfə bir araya gəlmək mənim üçün həqiqətən unudulmaz bir təəssürat oldu. Cənab Prezidentin mənə “ağsaqqalımızsınız” deyə müraciət etməsi qəlbimdə qürur dolu duyğular oyatdı.
Bu an məni 1995-ci ilin 24 avqustunda ulu öndər Heydər Əliyevlə baş tutan görüşə apardı. Həmin görüşdə ulu öndərin “Şahbaz müəllim ədalətli adamdır” sözləri yaddaşıma həkk olunub. Aradan illər keçsə də, Prezident İlham Əliyevin Laçın şəhərində görüşümüz zamanı mənə olan səmimi münasibəti, ümumilikdə ziyalılara göstərdiyi yüksək hörmət və ehtiram heç vaxt unudulmayacaq.
Laçında keçirilən görüş zamanı uzun illər həsrətində olduğumuz doğma torpaqlarımıza qovuşmaq sevincini bizə yaşatdığına, eyni zamanda mənim fəaliyyətimə yüksək qiymət verdiyinə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirdim.
5. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunur. AMEA-nın müxbir üzvü kimi, bu qurumun qarşısında duran əsas çağırışlar və imkanlar barədə nə düşünürsünüz?
-Mən ömrümün 60 ildən çoxunu Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərmişəm. Bu illər ərzində başqa bir iş yerim olmayıb. Bu qurum mənim üçün sadəcə bir iş yeri deyil, illərlə elmə xidmət göstərdiyim müqəddəs bir məkandır.
Akademiyanın 80 illik yubileyi bizi həm keçmişə nəzər salmağa, həm də gələcəyə daha aydın baxmağa vadar edir. Bu gün AMEA-nın qarşısında duran əsas çağırışlardan biri elmin müasir tələblərə uyğun təşkili, gənc alimlərin elmi fəaliyyətə fəal şəkildə cəlb olunması, qlobal elm məkanına inteqrasiyanın daha da gücləndirilməsi və prioritet istiqamətlərdə tədqiqatların aparılmasıdır.
Bundan başqa, fikrimcə, AMEA-da riyaziyyat, fizika, informasiya texnologiyaları kimi fundamental elmlər və iqtisad elmi mütləq şəkildə təmsil olunmalıdır. Yalnız bundan sonra elmin mahiyyətindən, bütövlüyündən danışmaq olar. İnanıram ki, dövlət başçımız bu sahəyə xüsusi diqqət yetirəcək və yaxın gələcəkdə daha əhatəli, elmimizin bütövlüyünü bərpa edən yeni bir sənəd imzalanacaq. Bu, yalnız elmi ictimaiyyətin deyil, bütövlükdə Azərbaycanın elmi potensialının inkişafı üçün olduqca vacibdir.
Əlbəttə ki, Azərbaycan elmi bu gün də, sabah da cənab Prezidentin çağırışlarına, dünya elminin tələblərinə cavab verməlidir. Məni təkcə iqtisadiyyat elmi yox, bütövlükdə Azərbaycan elmi düşündürür, narahat edir. Çünki elm xalqın düşüncəsi, gələcəyi, ruhudur.
Eyni zamanda, düşünürəm ki, bu gün AMEA-da tətbiqi tədqiqatların genişləndirilməsi və onların real iqtisadi-sosial problemlərin həllinə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. İmkanlara gəldikdə isə, ölkəmizdə elmə və innovasiyalara dövlət səviyyəsində göstərilən diqqət və yaradılan şərait bu sahədə ciddi nəticələr üçün mühüm zəmin yaradır.
İnanıram ki, AMEA dövlətimizin diqqəti, qayğısı və dəstəyi ilə daha da inkişaf edəcək və ölkə elminin gələcəyinə mühüm töhfələr verməyə davam edəcək.
6. Şahbaz müəllim, bu gün işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdəndir. Bu istiqamətdə aparılan iqtisadi planlamalar və innovativ layihələri necə qiymətləndirirsiniz?
-Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi Azərbaycan dövlətinin qarşısında duran başlıca strateji vəzifələrdən biridir. Bu bölgələrin sosial-iqtisadi inkişafı, infrastrukturun bərpası və əhalinin məskunlaşdırılması, sosial və iqtisadi həyatın bərpası həm də milli təhlükəsizlik, ərazi bütövlüyü və sosial ədalət baxımından böyük əhəmiyyətə malik tarixi missiyadır.
Onu da qeyd edim ki, İqtisadiyyat İnstitutunda yalnız işğaldan azad edilmiş regionların deyil, o cümlədən ölkəmizin digər regionlarının da inkişafı, potensial imkanlarının səmərəli şəkildə reallaşdırılması istiqamətində araşdırmalar aparılır.
İnstitutun regionlarla bağlı hazırladığı kitablar, hesabatlar həm region yaxından tanıdır, həm də onun perspektivlərinin elmi-nəzəri əsasını təşkil edir.
İnstitutda aparılan bir sıra fundamental tədqiqatlar, münaqişənin ölkəyə vurduğu iqtisadi zərərin hesablanması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın təşkili, qayıdış potensialının qiymətləndirilməsi, bölgənin iqtisadi potensialı kimi aktual məsələləri də əhatə edib.
Eyni zamanda, ölkəmizdə qlobal tendensiyalar, müasir çağırışlar nəzərə alınaraq, “yaşıl iqtisadiyyat”ın inkişafı prioritet istiqamət kimi müəyyən edilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonalarının yaradılması, ekoloji dayanıqlığın təmin olunması və resurslardan səmərəli istifadə məsələləri mühüm tədqiqat istiqamətlərindən birinə çevrilib. Bu yanaşma regionun həm iqtisadi, həm də ekoloji baxımdan davamlı inkişafına xidmət edəcək.
-Şahbaz müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik, çox sağ olun.
Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsinin Elektron
informasiya sektorunun müdiri