Heydər Əliyev: şəxsiyyət və lider

post-img

VI məqalə

Yeni sistemin iki semantik səviyyəsi

Bu mövzuda Heydər Əliyevin öncəki məqalələrdə ifadə edilmiş siyasi ritorika sisteminin ilk iki altsistemi üçün xarakterik olan anlayışları vahid məntiqi sahədə sintez edə bilərik. Burada hər bir böyük lider üçün xarakterik olan “idarəedici siyasi anlayışlar” və “nizamlayıcı siyasi anlayışlar” qrupunu müəyyən etmək vacibdir. Bu, regionlararası və qlobal miqyasa proyeksiya olunan siyasi ritorika sisteminin üçüncü, ən yüksək altsisteminin nəticəverici ideya gücünü dərk etməyə yardım edəcəkdir. Öncə, Ulu öndərin siyasi ritorika sisteminin (burada “siyasi ritorika” liderin siyasi nitq mədəniyyətini ifadə edir) semantik sintez imkanları üzərində dayanaq.

Milli miqyas üçün Heydər Əliyevin siyasi ritorikasının əsas anlayışlarını aşağıdakı kimi müəyyənləşdirmişdik: “güclü müstəqil milli dövlət”, “güclü iqtisadiyyat”, “güclü cəmiyyət”, “güclü ordu”, “müstəqil hüquqi və demokratik dövlət”, “ölkədə münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü”.

Regional miqyasa bu anayışların proyeksiyası ilə yanaşı, yeni anlayışların da əlavə edilməsi nəticəsində aşağıdakı sistem yaranmışdır: “güclü müstəqil milli dövlət”, “güclü iqtisadiyyat”, “güclü cəmiyyət”, “güclü ordu”, “müstəqil hüquqi və demokratik dövlət”, “regionda münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü” anlayışlarına “neft strategiyası”, “layihələr infrastukturu”, “regional əməkdaşlığın yeni platformaları”, “Qafqaz evi”, “enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti”.

Belə görünür ki, regional miqyas üçün siyasi nitqə “dünyada münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “neft strategiyası”, “layihələr infrastukturu”, “regional əməkdaşlığın yeni platformaları”, “Qafqaz evi”, “enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti” kimi anlayışlar daxil edilmişdir.

Burada ritorikanın semantikasında idarəedici siyasi anlayış rolunu “güclü müstəqil milli dövlət” oynayır. Nizamlayıcı anlayışlar kimi isə “milli ideya”, “suverenlik” və “ərazi bütövlüyü” çıxış edir.

Bu iki anlayışlar qrupunun semantik sərhədləri daxilində sintezləşdirici parametrlər rolunu “milli ideya” və “neft strategiyası” oynamışdır. Onun sayəsində regional miqyas üçün siyasi ritorikanın əsas hədəflərini Ulu öndər dəqiq müəyyən etmişdir: “layihələr infrastukturu”, “regional əməkdaşlığın yeni platformaları”, “Qafqaz evi”, “enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti”.

Beləliklə, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyi və liderliyi tarixində ilk dəfə olaraq siyasi nəzəriyyənin bütün prinsipləri çərçivəsində siyasi nitq nəzəriyyəsinin (başqa adla – siyasi ritorikanın) milli və regional miqyas üçün səmərəli nəticəverici kreartiv potensiala malik konseptual sistemini yaratmışdır. Biz onu Ulu öndərin bütövlükdə siyasi ritorika sisteminin iki təməl semantik altsistemi adlandırırıq.

Müasir liderliyin fəlsəfi və siyasi anlamlarına görə, hər bir uğurlu siyasi lider kimi vurğulanan iki təməl altsemantik sistem konkret nəticələr almağa yetərlidir. Bu həm də milli siyasi liderliyin kriteriyalarına tam uyğun fəaliyyəti ifadə edir. Ancaq söhbət Heydər Əliyevin liderlik miqyası və missiyasından gedirsə, məsələyə daha geniş kontekstdə baxmaq zəruridir və onun mənası çox böyükdür! Bu fikrimizi izah etmək üçün öncə ümummill liderliyin bir siyasi qiymətləndirməsinə baxaq.

Ümummilli liderlik

Keçən əsrin 80-ci illərində məşhur fransız politoloqu liderliyə dixotomik yanaşmanı böyük qüsur sayırdı. “Dixotomik yanaşma” liderin ancaq iki parametr (məsələn: liberal-avtokrat) üzrə növləşdirilməsinə aiddir. J.Blondel təklif edirdi ki, xüsusilə, ümummilli liderlik üçün “çoxölçülü yanaşma” həyata keçirilsin. Yəni ümummilli liderliyin miqyası və missiyası elədir ki, çox sayda parametrlərin qarşılıqlı əlaqəsində ona adekvat siyasi anlam vermək olar.

Müasir politoloqlar da liderin cəmiyyətə, regiona və qlobal miqyasa təsir gücünə üstünlük verirlər. Həmin prizmada ümummilli liderliyi fərqləndirən keyfiyyətlərdən biri kimi, liderin həm özünün fəaliyyəti dönəmində dövlətçilikdə və cəmiyyətin yenilənməsində köklü dəyişikliklər edə bilməsi, həm də özündən sonrakı mərhələ üçün uğurlu ola biləcək dövlət quruculuğu konsepsiyasını hazırlamasını vurğulayırlar. Bu kontekstdə də ümummilli liderlikdə yeni liderin formalaşması məsələsi xüsusi aktuallıq kəsb edir.

Heydər Əliyevin siyasi nitq nəzəriyyəsinin (belə deməyə tam haqqımız vardır) ritorik sisteminin üçüncü altsistemində məhz regionlararası və qlobal miqyaslarda yeni liderlik və realpolitika müstəvisində fəaliyyətin başlıca məqamları ifadə edilmişdir. Onun konkret anlayışlar sistemini tədqiq etmək lazımdır. Əlbəttə, Ulu öndər bu altsistemin baza anlayışlarını formalaşdırmış və praktiki fəaliyyətin əsas istiqamətlərini müəyyən etmişdir. Hazırda həmin ritorika sistemini və fəaliyyətin siyasi-praktiki nümunəsini Prezident İlham Əliyev inkişaf etdirir. Məsələnin bu tərəfi də fəlsəfi-elmi prizmada çox ciddi araşdırılmalıdır.

Üçüncü altsistemin əsas anlayışları

Heydər Əliyevin siyasi ritorikasının semantik təhlili göstərir ki, Ulu öndər regionlararası və qlobal miqyaslarda Azəbaycan Respublikası dövlətinin uğurlu olmasının “Siyasi-diplomatik Yol Xəritəsi”nin konseptual bazasını yaratmışdır. Onun mərkəzində bir neçə açar anlayış dayanır. Onlar aşağıdakılardır: “güclü dövlət”, “güclü ordu”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü”, “dünyada münaqişələrin dinc yolla həllinə tərəfdar dövlət”, “neft strategiyası”, “mərhələli enerji strategiyası”, “türk birliyi”.

Bu anlayışların ortaq semantik gücü üç istiqamətdə səmərə verməli idi – milli ideyanın reallaşması, şəbəkə diplomatiyasi, layihələr şəbəkəsi.

Milli ideyanın reallaşması

Heydər Əliyevin siyasi nitq sisteminin konseptual aspektinin aparıcı anlayışıdır. Ulu öndər onu əsasən iki anlamda aktuallaşdırırdı. Birincisi, milli ideya cəmiyyəti birləşdirən və dövlət-xalq həmrəyliyini təmin edən başlıca aparıcı konsept kimi reallaşmalıdır. İkincisi, əsas hədəfinin ərazi bütövlüyünü təmin etməkdən ibarət olması milli ideyanı Azərbaycanda müstəqil və suveren dövlət quruculuğunu yeni mərhələyə çıxaracaq ideya generatoru kimi xarakterizə etməlidir.

Hər iki məqam müxtəlif kontekstlərdə Ümummilli lider tərəfindən yığcam və dolğun ifadə edilmişdir. Eyni zamanda, Heydər Əliyevin siyasi ritorikasında sətiraltı mənalarda bunun əsas kimi gələcək üçün əhəmiyyətli olduğu, yəni böyük şəxsiyyətin özündən sonrakı mərhələ üçün hazırladığı duyulurdu. Bunlara görə, “milli ideyanın reallaşması” ifadəsi anlayış kimi özündə bir sıra siyasi-ideoloji məqamları konseptual olaraq birləşdirir ki, onların ayrıca təhlilinə ehtiyac var.

Şəbəkə diplomatiyası

Ulu öndər bu anlayışdan birbaşa istifadə etməsə də, siyasi ritorikasında Azərbaycan diplomatiyasının iki istiqamətdə fəallığına vurğu həmişə özünə yer tutmuşdur. Birincisi, Azərbaycan dövlətlərarası münasibətlərin qurulmasında çoxaspektli və çoxistiqamətli fəaliyyət modelinə üstünlük verməlidir. İkincisi, Azərbaycan regional və beynəlxalq təşkilatlara sinxron diplomatik fəaliyyət qurmağı inkişaf etdirməlidir.

Bu, faktiki olaraq Azərbaycanın regional, regionlararası və qlobal miqyaslar arasında siyasi-diplomatik bağlantı yarada biləcək fəaliyyət nümunəsi deməkdir. Burada həmin dönəmdə mövcud olan regional təşkilatlar, BMT, Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı, UNESCO, İSESCO, MDB, GUAM, Aİ və başqa təşkilatlar daxil edilirdi. Dövlətlərarası münasibətlərdə sistemlilik və şəbəkəlilik isə regional miqyas da daxil olmaqla hər bir dövlətlə mehriban və qarşılıqlı faydalı əlaqələrə istiqamətlənmiş qonşuluq tezisi əsasında əməkdaşlıq və təhlükəsizlik platformalarının hazırlanmasını nəzərdə tuturdu. Həmin kontekstdə Ulu öndər Türk Birliyi məsələsinin bazasında “bir millət, iki dövlət” kəlamı olmaqla tam reallaşması xəttini önə çəkirdi.

Layihələr şəbəkəsi

Bu, olduqca əhəmiyyətli bir anlayışdır. Ulu öndərin ritorikasında o, “Bakı-Ceyhan Avrasiyanın enerji xəritəsini dəyişəcəkdir” kimi yığcam tezisində əksini tapmışdır. Keçən əsrin keşməkeşli illərində Heydər Əliyevin bu kəlamı təkrar-təkrar işlətməsi böyük siyasi cəsarətdən öncə dərin strateji zəka tələb edirdi. Heydər Əliyev həmin ziddiyyətli məqamda Azərbaycanın enerji strategiyası çərçivəsində faktiki olaraq müxtəlif layihələrin sistemini (və ya şəbəkəsini) yaratmağın lazımlığını tam mənası ilə dərk etmişdi. Bu məsələnin Azərbaycanı regional liderlikdən regionlararası və qlobal miqyaslarda uğurlu müstəqil dövlət kimi həm birləşdirici, həm də milli təhlükəsizliyi təmin edən ciddi güc statusuna yüksəldəcəkdi. Həmin yanaşmanın möhtəşəmliyi indi Azərbaycan Prezidentinin xarici siyasət kursunun hər bir məqamında özünü təsdiq etməkdədir. Məsələnin detallarına burada baş vurmaq imkanı yoxdur.

Siyasi ritorika sisteminin ümumi mənzərəsi

Mövzuya aid məqalələr silsiləsinin ümumi semantikası Ulu öndərin siyasi ritorika sisteminin başlıca cəhətlərini fəlsəfi ifadə etməyə imkan verir. Hər şeydən öncə, Heydər Əliyevin siyasi nitq sistemi Ümummilli lider səviyyəsində yaradılmış konseptual semantik şəbəkədir. Onun üç ierarxik tərkib hissəsi vardır: milli, regional və qlobal miqyasları birləşdirən semantik sahələr. Bu sistemin bazasında isə milli miqyas üçün müəyyən edilmiş siyasi anlayışlar kompleksi dayanır. Burada Ulu öndərin əsas məqsədi daim Azərbaycanın milli maraqlarına xidmət edən siyasi-diplomatik fəaliyyət modeli yaratmaqdan ibarət idi.

Funksional olaraq siyasi ritorika sistemi hər sonrakı altsistemin öncəki üzərində qurulması ilə yanaşı, yeni məqamların da əlavə edilməsini nəzərdə tutur. Milli, regional və qlobal miqyaslar bu prinsip əsasında daxili məntiqi bağlantıya malik olurlar.

Nəhayət, siyasi ritorikanın məqsədi baxımından strateji anlamı olan bir özəlliyi vurğulamaq gərəkdir. Heydər Əliyev postsovet məkanında yeganə liderdir ki, özündən sonra da səmərə və uğur gətirə biləcək siyasi nitq nəzəriyyəsini yarada bilmişdir. Bu sistemin əsl gücünü 2003-cü ildən bu yana Azərbaycan Prezidentinin siyasi-diplomatik fəaliyyəti aydın göstərmişdir. Onun iki rəmzi zirvə məqamı vardır: Vətən müharibəsində möhtəşəm Zəfər və Prezident İlham Əliyevin bəyan etdiyi yeni tarixi mərhələ üçün yeni milli ideyanın formalaşdırılması! Yol davam edir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət