Vaşinqtonun bölgədəki maraqları Bakının mövqeyi ilə üst-üstə düşür
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə baş tutan görüş, burada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları Sülh Bəyannaməsi beynəlxalq gündəmdə müzakirə olunan ən aktual mövzudur. ABŞ liderinin “Tarixi gün” adlandırdığı Vaşinqton görüşündə əldə olunan razılaşmanın əhəmiyyəti, sülh perspektivinə verəcəyi töhfələrin xarakteri nədən ibarətdir? Bu, eləcə də digər suallarımızı Qərbi Kaspi Uiversitetinin professoru, politoloq Fikrət Sadıxov cavablandırır.
– Fikrət müəllim, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü və orada imzalanan sənədləri tarixi və hüquqi cəhətdən necə dəyərləndirərdiniz?
– Birmənalı olaraq deyə bilərik ki, Vaşinqton görüşünün və orada əldə olunan diplomatik uğurun həm tarixi, həm də siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu tarixi hadisəni bir neçə kontekstdən qiymətləndirmək lazımdır. Vaşinqton sammitinin nəticələri iki ölkəni sülhə daha da yaxınlaşdıran real yol xəritəsidir. Sülh sazişi mətninin paraflanmasının bəyan edildiyi sənədi ABŞ Prezidenti Donald Trampın da imzalaması xüsusi önəm kəsb edir. Bunu tərəflərə siyasi dəstək və hüquqi təminat verən amil kimi qəbul etmək lazımdır. Düşünürük ki, bundan sonra rəsmi İrəvan bu istiqamətdə konkret və ciddi addımlar atmalıdır. İmzalanmış ikitərəfli bəyannamədə ATƏT-in Baş katibinə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə müraciətin yer almasına həmin qrupun həmsədr ölkələrindən biri kimi rəsmi Vaşinqtonun da müsbət yanaşması təqdirəlayiq haldır. Əslində, bu təklifin müəllifi Bakıdır və məsələnin həlli, ilk növbədə, Azərbaycanın uğurudur.
– Vaşinqtonda, həmçinin ABŞ və Azərbaycan arasında imzalanan ikitərəfli bəyannamədə münasibətlərin strateji xarakter aldığı təsdiqləndi. Sizcə, bu sənəd tərəflərə hansı dividendləri gətirəcək?
– Həmin sənəd özündə ABŞ və Azərbaycanın partnyorluq münasibətlərinin yüksək səviyyətə qalxacağını ehtiva edir. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün işçi qrupunun yaradılması ondan xəbər verir ki, rəsmi Vaşinqtonun Cənubi Qafqaz regionunda maraqları var və burada Azərbaycanın yerini və rolunu yüksək qiymətləndirir. Bu bölgədə məhz ölkəmizlə strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətini nümayiş etdirən ABŞ-la Azərbaycanın maraqları əksər istiqamətlərdə üst-üstə düşür. Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı artıq müəyyən razılıq əldə olundu. Açıq deməliyik ki, bu, Azərbaycan diplomatiyasının qazandığı nailiyyətdir. Dövlətimizin başçısı bizim üçün çox böyük əhəmiyyət kəsb edən bu marşrutun açılması ilə bağlı dəfələrlə bəyanatlar vermiş və konkret addımlar atmışdı. Ermənistan rəhbərliyi də Bakının mövqeyindən xəbərdar idi. Aydın məsələdir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi təkcə Azərbaycanı deyil, Ermənistanı da qane edəcək, bizimlə yanaşı, ermənilərin də Türkiyəyə yolu açılmış olacaq. Regionun və kənar dövlətlərin də maraqlarına cavab verəcək bu nəqliyyat marşrutunun ABŞ şirkətinə icarəyə verilməsi hər iki trərəf üçün məqbul variantdır. Onu da qeyd etmək istərdik ki, bu layihənin reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik qabiliyyəti, vaxtı və məqamı peşəkarcasına düzgün qiymətləndirməsi önəmli rol oynadı.
– Sözünüzün qüvvəti, Vaşinqtonda ikitərəfli görüş zamanı ABŞ Prezidenti Donald Tramp İlham Əliyevin liderlik qabiliyətini xüsusi olaraq qeyd etdi...
– Bəli. Bu, heç də təsadüfi hadisə deyildi. Çünki həm bu görüşə aparan yolun, həm sülh danışıqlarının belə yüksək formatda yekunlaşmasının arxitektoru məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Axı, sadaladığımız bütün məsələləri Bakı çoxdan qaldırmışdı. Qırx dörd günlük müharibə qurtarandan dərhal sonra İlham Əliyev sülh gündəliyini irəli sürmüşdü. Beş prinsipə əsaslanan sülh təşəbbüsləri son günədək danışıqlar masasının üzərində idi. Müəyyən əlavələrlə məhz Bakının hazırladığı sülh sazişinin mətni üzrə ikitərəfli razılaşma əldə edildi. Hesab edirik ki, bundan Ermənistan da müəyyən dividendlər qazanacaq. İrəvan həm Azərbaycan, həm də Türkiyə ilə sülhə nail olacaqsa, sərhədlər açılacaq. Doğrudur, hələlik münasibətlərin tam mənada bərpa olunması, dostluq əlaqələrinin qurulması mümkün deyil. İndiki mərhələdə bu məsələlər gündəmdə yoxdur. Amma normal qonşuluq siyasəti yürüdüləcək. Bir şərtlə ki, Ermənistan hakimiyyəti konstitusiyasına zəruri düzəlişləri həyata keçirən. Ondan sonra Azərbaycan–Ermənistan münasibətləri daha açıq və şəffaf müstəviyə transformasiya oluna bilər.
– Yenidən Vaşinqton görüşünə qayıdaraq sülh marafonunun finişə heç də rahat yolla çatmadığına nəzər salmanızı xahiş edərdik.
– Sirr deyil ki, Cozef Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının açıq ermənipərəst mövqeyi nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan yarandı. Donald Trampın prezident kimi vəzifələrinin icrasına başladığı cari ilin yanvar ayından keçən qısa müddət ərzində iki ölkə rəhbərinin tapşırığı ilə mütəmadi təmaslar həyata keçirildi və yüksək səviyyəli siyasi dialoq üçün zəmin hazırlandı. Bu gün biz həmin diplomatik hazırlıq mərhələsinin yekunu olaraq Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri arasında sülhün təməlini təşkil edən Memorandumun imzalanmasının şahidi olduq. Üçtərəfli sənəddə təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığa yönəlik yeni, qarşısıalınmaz prosesin başlanğıcı sayıla bilər. Bəli, Vaşinqton görüşünə qədər sülh danışıqlarında bir çox nüanslar olub. Onlar həm yaxın, həm də uzaq perspektivdə müzakirə mövzusu olacaq. İndi əsas odur ki, sülh sazişinin mətnini paraflayan Memorandumda öz əksini tapmış bütün maddələr Ermənistan tərəfindən həyata keçirilsin və praktiki addımlarla müşayiət olunsun. Bakı buna çoxdan hazırdır və son söz İrəvanındır.
– Yəni, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneənin qalmadığını söyləmək olarmı?
– Sülh sazişinin mətninin paraflanması onun imzalanması yolunda atılan çox vacib addımdır. Azərbaycan Prezidentinin görüşdən sonra verdiyi müsahibəsində dediyi kimi, Ermənistanın yerinə yetirməli olduğu ev tapşırıqları hələ durur. Yuxarıda dediyimiz kimi, burada söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərtinin – Ermənistanın konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasından gedir. Nikol Paşinyanın Bakının ATƏT-in Minsk qrupunun ləğvi barədə təklifinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə şərait yaratmaq öhdəliyini yenidən təsdiqlənməsi, eləcə də “Azadlığa dəstək Aktı”na 907-ci əlavənin aradan qaldırılması İlham Əliyevin prinsipial mövqeyinin bir daha təsdiqi və Azərbaycanın tarixi uğurudur.
Söhbəti yazıya aldı:
İ.HƏSƏNQALA
XQ