Azərbaycan – ABŞ strateji tərəfdaşlığı regional və qlobal önəm daşıyır

post-img

300-dən çox Amerika şirkəti ölkəmizə 16 milyard dollar sərmayə yatırıb

Azərbaycan ilə Amerika Bir­ləşmiş Ştatları (ABŞ) arasında münasibətlər regional və qlobal miqyasda mühüm önəm daşı­yan strateji tərəfdaşlıq səviyyə­sinə yüksəlib. Hər iki ölkənin iqtisadi əməkdaşlığında enerji təhlükəsizliyindən süni intellekt texnologiyalarına, müdafiə sə­nayesindən ticarət dövriyyəsinə qədər bir sıra prioritet sahələr əhatə olunub.

Son illərdə bu dövlətlər arasında iqti­sadi əlaqələrin dinamik inkişaf etdirilmə­si, yüksək texnologiyaların alınması, yeni enerji layihələrinin gerçəkləşdirilməsi və müdafiə sahəsində tərəfdaşlığın möhkəm­lənməsi münasibətlərin daha da dərinləşdi­yini göstərir. Hazırda respublikamızda fəa­liyyət göstərən 300-dən çox ABŞ şirkətinin ümumi sərmayə həcmi 16 milyard dolları keçir.

Qeyd edək ki, Azərbaycan və ABŞ ti­carət əməkdaşlığında bir sıra məqamlar diqqət çəkir. Bu, özünü, ilk növbədə, iqti­sadi əlaqələrdə son illərdə nəzərə çarpan canlanma ilə büruzə verir. Məsələn, Dövlət Gömrük Komitəsinin 2024-cü ilin yekunla­rına dair hesabatına əsasən, iki ölkə arasın­da ticarət dövriyyəsi 1,4 milyard dollar təş­kil edib ki, bu da əvvəlki illə müqayisədə, təxminən, 12 faiz artım deməkdir.

ABŞ şirkətləri Azərbaycan iqtisadiy­yatına yatırımlarını təkcə enerji sektorun­da deyil, eyni zamanda, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları və xidmət sahələrində də artırır. 2023–2024-cüillərdə “Boeing”, “Microsoft” və “Ama­zon Web Services” kimi nəhəng şirkətlərin Azərbaycan tərəfi ilə əməkdaşlığı sahəsin­də yeni müqavilələr imzalaması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində vurğulayıb: “Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlıq artıq yeni strateji mərhələyə qədəm qoyub. Biz qarşılıqlı sərmayələrə üstünlük verir, texnologiya transferini pri­oritet hesab edirik.”

Hər iki dövlət arasında süni intellekt və rəqəmsal infrastruktur əməkdaşlığı da xüsusi yer tutur. Belə ki, rəqəmsal transfor­masiya dövründə süni intellekt, bulud tex­nologiyaları və kibertəhlükəsizlik sahələri tərəflərin maraq dairəsindədir. Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABŞ-ın qabaqcıl texnologiya şirkətləri bu istiqamətdə ortaq layihələr reallaşdırır. ABŞ-ın “IBM” və “Cisco” şirkətləri res­publikamızın “ağıllı” şəhər və “ağıllı” kənd layihələrində fəal iştirak edir. Bu layihələr çərçivəsində 5G şəbəkə infrastrukturunun qurulması, rəqəmsal idarəetmə mərkəz­lərinin yaradılması və əhalinin rəqəmsal bacarıqlarının artırılması kimi istiqamətlər prioritetdir. Yeri gəlmişkən, ABŞ Ticarət Nazirliyinin 2024-cü ildə Azərbaycanda süni intellekt üzrə ixtisaslaşmış startaplara 50 milyon dollarlıq qrant və sərmayə paketi ayıracağını elan etməsi də bunun bariz ifa­dəsidir. 

Azərbaycan – ABŞ müdafiə əməkdaş­lığı da uzun illərdir ki, davam edir və bu, təkcə təlim proqramları ilə məhdudlaşmır. Belə ki, Amerika şirkətləri respublikamı­zın hərbi-texniki bazasının yenilənməsində də mühüm rol oynayır. Bu sahəyə 2024-cü ildə imzalanmış müqavilələr əhəmiyyətli təsir göstərir. ABŞ istehsalı olan pilotsuz uçuş aparatları və rabitə avadanlıqlarının Azərbaycana idxal olunması, Xəzərdə də­niz təhlükəsizliyi sistemlərinin modernləş­dirilməsi üçün birgə layihənin həyata keçi­rilməsi, müdafiə sənayesində texnologiya transferi ilə bağlı məsləhətləşmələrin uğur­la aparılması da bunun bariz ifadəsidir. Ümumiyyətlə, bu sahədə əməkdaşlıq Azər­baycanın regiondakı sülhün və sabitliyin qorunmasında rolunu daha da gücləndirir.

Azərbaycan enerji sektorunda ABŞ ilə əməkdaşlığı strateji əsaslardan biri kimi gö­rür. Xəzər dənizindəki iri neft-qaz layihələ­ri, xüsusilə də “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqları bu əməkdaşlığın təməlini qoyub. Lakin son illərdə tərəflə­rin diqqəti bərpa olunan enerji mənbələrinə də yönəlib. ABŞ şirkətləri Azərbaycanda külək və günəş enerjisi layihələrində iştirak etməyə maraq göstərir. Bu, Azərbaycanın “yaşıl” enerji hədəflərinə çatmasında mü­hüm rol oynayır. Xatırladaq ki, Azərbay­can Dövlət Neft Şirkəti ilə ABŞ-ın enerji nəhəngi “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu da sözügedən sahədə yeni imkanlar açır. 

Sənədə əsasən, neft-qaz hasilatı və emalı sahəsində birgə layihələrin həyata keçirilməsi, ətraf mühitin qorunması və “yaşıl” enerji standartlarının tətbiqi üzrə əməkdaşlığın yaradılması, respublikamızın ərazisində yeni qaz emalı zavodunun inşa­sı üzrə texniki-iqtisadi əsaslandırma işlə­rinə start verilməsi nəzərdə tutulur. Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf bu barədə deyib: “ExxonMobil” ilə əməkdaş­lıq həm enerji təhlükəsizliyi, həm də ekolo­ji məsuliyyət baxımından böyük əhəmiyyət daşıyır. Biz bu tərəfdaşlığı uzunmüddətli və qarşılıqlı faydalı hesab edirik.”

ABŞ texnologiyası və sərmayəsinin ölkəmizə gətirilməsi ilə bağlı isə deyə bilə­rik ki, bu ölkə investisiyalarının Azərbay­can iqtisadiyyatının modernləşdirilməsinə yönəldilməsi diqqət mərkəzində saxlanılır. Hazırda ölkədə 20-dən çox texnologiya parkı və innovasiya mərkəzində ABŞ isteh­salı olan avadanlıqlar istifadə olunur. “Go­ogle” və “Meta” şirkətləri Azərbaycanın texnologiya ekosisteminə təlim, sertifika­siya və proqramlaşdırma üzrə dəstək verir.

Xatırladaq ki, 2023–2024-cü illərdə ABŞ şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən ən iri layihələrdən biri Sumqayıt Texnologiyalar Parkında yüksək dəqiqlikli sənaye avadanlıqları istehsalı za­vodunun qurulmasıdır. Layihənin ümumi dəyəri 120 milyon dollar təşkil edir.

Azərbaycan – ABŞ strateji tərəfdaşlığı qarşılıqlı etimad, ortaq maraqlar və uzun­müddətli iqtisadi fayda üzərində qurulub. Süni intellekt, bərpa olunan enerji və yük­sək texnologiyalar sahəsində yeni təşəb­büslərlə bu əməkdaşlığın daha da güclənə­cəyi proqnozlaşdırılıb. ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mark Lib­binin sözlərinə desək, bu ölkə Azərbaycanı Cənubi Qafqazın inkişaf mərkəzi, enerji və texnologiya körpüsü kimi görür. Əməkdaş­lıq yalnız bugünkü layihələrlə məhdudlaş­mır, o, gələcək nəsillərə də xidmət edəcək. Dövlət Neft Şirkəti – “ExxonMobil” me­morandumunun icrası və texnologiya trans­feri isə bu sahədə mexanizmlərin geniş­lənməsi sayəsində iki ölkə münasibətlərini daha da dərinləşdirəcək. 

Dövlət Neft Şirkəti ilə “ExxonMobil” arasında memorandumun imzalanması isə Azərbaycan – ABŞ enerji dialoquna əlavə güc verir, qarşılıqlı investisiya imkanları­nı genişləndirir. Bununla yanaşı, sənəd iki tərəf arasında təcrübə mübadiləsi, innova­tiv həllərin tətbiqi və enerji təhlükəsizliyi sahəsində koordinasiyanı da artıracaq. Bu, Azərbaycanın “yaşıl” keçid strategiyasına uyğun olaraq, enerji resurslarından səmərə­li istifadə və ekoloji standartların yüksəldil­məsi istiqamətində mühüm addımdır.

Memorandumun imzalanması ilə Döv­lət Neft Şirkəti və “ExxonMobil” qarşıdakı illərdə ortaq layihələr üzərində daha fəal iş­ləmək, innovativ texnologiyaları Azərbay­cana gətirmək və enerji hasilatında səmərə­liyi artırmaq niyyətindədir. Bu əməkdaşlıq respublikamızın enerji sektorunun dünya standartlarına uyğun inkişafına, ölkə iqti­sadiyyatına əlavə valyuta axınının təmin edilməsinə və qeyri-neft sektoruna investi­siyaların artmasına təkan verəcək.

Qeyd edək ki, ABŞ-ın “ExxonMobil” şirkəti biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun qəbul edən ictimai şirkətdir. Bu energetika şirkə­ti 1990-cı illərin əvvəllərindən Azərbay­canda səmərəli fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını uğurla həyata keçirir. Hazırda səhmdarlarının mənfəətini maksimuma çat­dırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçısı da respublika­mızın enerji sektorunda fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Bütün bunlar onu göstərir ki, Azərbay­can və ABŞ arasında enerji tərəfdaşlığı gələcəkdə daha da möhkəmlənəcək, regio­nal və qlobal enerji bazarlarında ölkəmizin rolunu daha da gücləndirəcək. Vaşinqtonda imzalanan bu memorandum isə həmin yo­lun ən mühüm mərhələlərindən biri kimi tarixə düşəcək.

V.BİNYATOĞLU
XQ

Siyasət