Vaşinqton Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırır

post-img

“Tramp yolu” Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi nizam yaradacaq

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz regi­onu üçün tarixi bir hadisə oldu. Bu görüş İkinci Qarabağ müha­ribəsindən sonra yaranmış yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınması və sülh prosesinin ən yüksək səviyyədə dəstək­lənməsi baxımından böyük əhəmiyyətə malikdir. Xüsusən də, görüş çərçivəsində “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” və ya “Tramp yolu” kimi tanınan sazişin imzalanması, regionun gələ­cəyi üçün yeni bir dövrün başlanğıcı hesab olunur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngə­zur dəhlizindən gedir. 

“Tramp yolu” – Zəngəzur dəhlizi­nin diplomatik adıdır. Sazişin “Tramp yolu” adlandırılması simvolik olsa da, mahiyyət etibarilə Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə tanınması və təs­diqlənməsidir. Bu dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin edir, regionda maneəsiz gediş-gəliş prinsipini hüquqi çərçivəyə salır. Açıq kommunikasiya xətləri region ölkələri arasında iqtisadi əməkdaşlığı təşviq edəcək. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Rusiya, Türkiyə, İran və Gür­cüstan kimi qonşu ölkələr üçün yeni imkanlar yaratmaqla yanaşı, Cənubi Qafqazı Avrasiya nəqliyyat arteriyasına çevirəcək. 

“Tramp yolu” sazişinin regional enerji layihələrinə təsiri həm strateji, həm də praktik baxımdan əhəmiyyət­lidir. Bu saziş Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdırmaq­la yanaşı, Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da gücləndirir. Zəngəzur dəhlizi vasitəsilə enerji resurslarının daha sürətli və təh­lükəsiz şəkildə Avropaya çatdırılması mümkün olacaq. 

Bu saziş nəticəsində Azərbaycan iq­tisadi və logistik üstünlüklər əldə edir. O cümlədən Bakının siyasi mövqeyi daha da güclənmiş olur. Eyni zamanda, Azərbaycanın regional liderlik faktı­nı beynəlxalq səviyyədə təsdiqləyir. “Tramp yolu” sazişi, həmçinin enerji sahəsində Azərbaycanın strateji mövqe­yini gücləndirir, Avropanın enerji təh­lükəsizliyinə töhfəsini yeni səviyyəyə yüksəldir və regional enerji layihələ­rinin inkişafına yeni impuls yaradır. Bu, yalnız nəqliyyat deyil, həm də enerji diplomatiyasının yeni mərhələ­si deməkdir. Bundan başqa, “Tramp yolu” Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirir. Eyni zamanda, bu dəhliz Türkiyə və Yaxın Şərqə ener­ji daşımalarında yeni logistik imkanlar yaradır. SOCAR artıq Suriyanın enerji infrastrukturunun bərpasında iştirak edir və gələcəkdə bu marşrut Misirə qə­dər uzana bilər. 

2020-ci il müharibəsindən sonra Azərbaycan regional nizamda aparıcı mövqeyə malikdir. Ərazi bütövlüyünün bərpası, sərhəd təhlükəsizliyinin təmin olunması və yeni nəqliyyat-kommuni­kasiya xətləri ölkəmizin həm iqtisadi, həm də siyasi çəkisini artırır. Zəngəzur dəhlizi bu strategiyanın məntiqi dava­mıdır və bu yolun işə düşməsi Azərbay­canın regiondakı əsas tranzit mərkəzinə çevrilməsi prosesini sürətləndirir. 

Vaşinqton sazişi Ermənistan üçün də yeni çağırış və fürsətdir. Çünki bu proses İrəvana yeni iqtisadi inteqrasiya imkanları yaradır. Habelə daxili siyasi konsensus və regional əməkdaşlıq üçün ciddi dəstəkdir. Bununla Ermənistan sülhə yönəlmiş real addımlar atmaqla blokadadan çıxış və inkişafa keçid im­kanı qazanır. Zəngəzur dəhlizi Ermə­nistanın regional ticarətə qoşulmasına imkan verəcək.

Ümumiyyətlə, “Tramp yolu” sazişi beynəlxalq hüquq baxımından bir neçə mühüm elementi özündə birləşdirir. Sa­ziş Zəngəzur dəhlizi boyunca maneəsiz keçid hüququnu təsdiqləyir. Bu, Azər­baycanın uzun müddətdir tələb etdiyi prinsipin beynəlxalq hüquqi çərçivəyə salınması deməkdir. Bundan başqa, Ermənistan və Azərbaycan arasında tranzit və təhlükəsizliklə bağlı konkret öhdəliklər müəyyən edilir. Bu öhdəlik­lər pozularsa, beynəlxalq arbitraj mexa­nizmləri işə düşə bilər. 

İkinci mühüm məsələ kimi ABŞ-ın zəmanətini qeyd etmək lazımdır. Sazişə ABŞ-ın imza atması, onun yalnız regi­onal deyil, qlobal hüquqi çərçivədə də tanınmasına zəmin yaradır. Bu, həm də sazişin icrasına beynəlxalq təminat ve­rir. Buna görə də “Tramp yolu” sazişi, sadəcə, bir nəqliyyat layihəsi deyil – bu, hüquqi legitimlik, iqtisadi transfor­masiya və geosiyasi balans baxımından Cənubi Qafqazın gələcəyini formalaş­dıran bir sənəddir. Azərbaycan üçün bu, strateji vizionun reallaşması, Ermənis­tan üçün isə tarixi seçim anıdır. 

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindəki hərbi qələbədən sonra sülh prosesində də qətiyyətli və ardıcıl mövqe nüma­yiş etdirdi. O, dəfələrlə hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütöv­lüyünü tanıdığı bir sülh sazişinin imza­lanmasının vacibliyini vurğuladı. Buna görə də Ağ Evdə təşkil olunan görüş Azərbaycan liderinin çox böyük diplo­matik uğuru kimi qiymətləndirilir. Ona görə ki, bu görüşün nəticələri Azərbay­canın təkcə hərbi gücə malik ölkə kimi deyil, həm də regional lider və etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunu bir daha nümayiş etdirdi. Həmçinin Azər­baycanın qlobal enerji və nəqliyyat la­yihələrindəki rolunu, geosiyasi əhəmiy­yətini daha da artırdı.

Əlbəttə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə baş tutan bu görüş Cənubi Qafqaz üçün yeni bir eranın başlanğıcıdır. Bu, sadəcə, iki ölkə arasında sülh sazişinin imzalan­ması deyil, həm də regionun qarşıdur­madan əməkdaşlığa doğru dönüşünü simvolizə edir. Azərbaycanın liderliyi və beynəlxalq dəstək sayəsində bölgə­ni uzun illər ərzində bürüyən münaqişə kölgəsi aradan qalxır və yerini sülh və inkişafa verir.

Beləliklə, Zəngəzur dəhlizi artıq, sadəcə, regional kommunikasiya xətti deyil, beynəlxalq iqtisadi və siyasi la­yihə statusu qazandı. ABŞ-ın zəmanəti onun davamlı işləməsini təmin etməklə yanaşı, Cənubi Qafqazı dünya ticarət xəritəsində daha mühüm mövqeyə gətirir. Azərbaycanın isə bu prosesin mərkəzində dayanaraq həm iqtisadi dividendlər, həm də geosiyasi nüfuz baxımından böyük qazanc əldə edəcəyi şübhəsizdir. 

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət