Diplomatiya problemi hədəfə alır

post-img

Yeganə HACIYEVA,
politoloq

ABŞ paytaxtında keçirilən görüş bir həqiqəti də ortaya qoydu: Azərbaycanın uğurlarının və dip­lomatik qələbələrinin açarı ondan ibarətdir ki, ölkə xarici siyasət məqsədlərinə çatmaq üçün diplomatiyadan sadəcə bir vasitə kimi deyil, ef­fektiv mexanizm və strategiya kimi istifadə edir. Ölkə öz maraqlarının müdafiəsini regional təh­lükəsizliyin möhkəmləndirilməsi ilə məharətlə birləşdirir, həmçinin Cənubi Qafqazda güc ba­lansında fəaliyyət göstərən qlobal oyunçuların maraqlarını müdafiə edir. Belə hərtərəfli və ba­lanslaşdırılmış diplomatiya Azərbaycana öz təsi­rini inamla möhkəmləndirməyə və regionda əsas rol oynamağa imkan verir. Vaşinqton görüşlərin­də bunun canlı şahidi olduq.

Son illər Azərbaycan özünəməxsus diplomatik qələbələr silsiləsi, fikrimizcə, hələ 2020-ci ildən əvvəl başlayıb. Amma məhz bu dövrdən sonra dünya dip­lomatiyamızın həm uğurlarını, həm də mükəmməlli­yini tanıdı. Bu, ondan ibarətdir ki, Azərbaycan xarici siyasətdə nəinki məqsədlərinə çatmaq və öz maraq­larını qorumaq üçün alət və strategiyalardan istifadə edir, onları səfərbər edir, həm də bu prosesə regionda təhlükəsizliyin möhkəmləndirilməsini, eləcə də Cənu­bi Qafqazda mövcud qlobal oyunçuların maraqlarını nəzərə alır.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri, onun gündəliyi və əldə olunan uğurlar Azərbaycanın mükəm­məl diplomatik bacarığının növbəti nümayişi oldu.

Şuşada keçirilən Qlobal Media Forum zamanı döv­lətimizin başçısı mühüm siyasi gediş edərək çıxışında Donald Trampın ABŞ-ın müasir tarixində müharibələrə başlamayan, əksinə, müharibələri dayandırmağa çalı­şan yeganə prezident olduğunu vurğuladı. İlham Əliye­vin bu jesti xoşməramlılıq siqnalına çevrildi və Ameri­ka liderinin qarşılıqlı addım atmasına, iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə səbəb oldu. Bu kontekstdə bu səfər xüsusi əhəmiyyət kəsb edir. Əmin­liklə demək olar ki, Vaşinqton görüşünü 30 ilə yaxın da­vam edən münaqişəyə son qoyacaq əsas mərhələ hesab etmək olar. Görüşün gündəliyi ilə bağlı qeyd edək ki, sülh müqaviləsinin imzalanması prosesini başa çatdır­masa da, Vaşinqton Memarondumu gələcək danışıqlar üçün konkret çərçivə müəyyən etdi.

Məhz bu səfər regionda təhlükəsizlik maraqlarını və ikitərəfli əlaqələrin inkişafını nəzərə alaraq ABŞ və Azərbaycan arasında strateji münasibətləri gücləndirir. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərdə son onilliklə­rin ən mühüm görüşü və səfərlərindən biridir.

Hazırda dünyada geosiyasi vəziyyət köklü şəkildə dəyişir, yeni dünya düzəni formalaşır. Bu transformasi­yaların tərkib hissəsi kimi strateji tərəfdaşlıq anlayışları da dəyişir, münasibətlərin klassik sistemi müasir real­lıqlara cavab vermir. Buna görə də, mövcud münasi­bətlərin yenilənməsinə, müasir dünyanın çağırışlarına effektiv şəkildə cavab verə biləcək yeni, daha çevik tərəfdaşlıq sisteminin yaradılmasına təcili ehtiyac var.

Hazırda strateji tərəfdaşlıq meyarları ayrı-ayrı ölkələrin siyasi ehtiyacları və daxili siyasi konyuktura­ları əsasında formalaşır. Bu gün yeni strateji tərəfdaşlıq sisteminin əsaslarını Azərbaycan və ABŞ-ın siyasi ma­raqları və ehtiyacları müəyyən edir. Bu sistem, şübhəsiz ki, iki dövlət arasında münasibətləri yeni, daha yüksək əməkdaşlıq səviyyəsinə çıxaracaqdır. Onu da qeyd edək ki, bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelər­dən çıxış edirlər. Bir sıra münaqişələrdə və müxtəlif regionlarda bizim baxışlarımız üst-üstə düşür və bu, əlbəttə ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq üçün yeni meyarların hazırlanmasına təkan verir. 

Vurğulamaq istədiyimiz digər vacib cəhət Vaşinq­ton səfərinin iqtisadi komponentidir. Strateji tərəfdaşlı­ğın iqtisadi ölçüsü də böyük əhəmiyyət kəsb edir.

İki gün əvvəl Prezident İlham Əliyevin ABŞ-a səfə­ri zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” arasın­da imzalanmış “Əməkdaşlıq Memorandumu” ölkələr arasında iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinə və inteqrasiya olunacağına dəlalət edir. 

Zəngəzur dəhlizi ilə bağlı əldə edilən irəliləyiş regi­on ölkələrinin gələcəyinə qoyulan mühüm sərmayədir. Dəhliz, həmçinin Azərbaycanla Ermənistan arasında sülhü daha dayanıqlı etməyə xidmət edəcək. Aydın məsələdir ki, sülhün daha sabit olması yalnız hüquqi maneələr aradan qaldırıldıqdan sonra mümkündür.

Bu gün Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı hüquqi iddialar mövcuddur və onla­rın aradan qaldırılması üçün Ermənistan ciddi addımlar atmalıdır. 

Vaşinqtondakı tarixi görüşün nəticələri regionun gələcək siyasi və iqtisadi mənzərəsini formalaşdıracaq. Strateji tərəfdaşlıq, sülh prosesinin irəliləməsi və yeni kommunikasiya xətlərinin açılması bölgədə dayanıqlı sabitliyin və inkişafın bünövrəsini möhkəmləndirəcək.

Azərbaycanın və Ermənistanın XİN başçıları ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qurumun fəa­liyyətdə olan sədrinə birgə müraciət imzalayıblar. Bu isə “de-fakto” fəaliyyətsiz qalmış Minsk qrupunun “de-yure” ləğvi prosesinin başlanğıcı deməkdir.

Siyasət