Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.
Mərasimi Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru, professor Qudratilla Omonov açaraq Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. O, universitetin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.
Sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni mərhələnin əsasını qoyub. Bu qurultay türkoloji tədqiqatların sistemli inkişafına təkan verərək ortaq elmi platformanın formalaşmasına xidmət edib.
Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov qurultayın tarixi və ideoloji önəminə toxunub. Qeyd edib ki, bu mövzu hazırda aktuallığını qoruyur və Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Birinci Türkoloji Qurultay yalnız eyni dili paylaşan xalqların toplantısı deyil, müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı elmi platforma olub”, – deyən akademik Rafael Hüseynov vurğulayıb ki, həmin dövrdə alimləri birləşdirən əsas amil türkçülük ideyası olub və bu ideya türkoloji elmin formalaşmasında mühüm rol oynayıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin professorlar Rüstəm Şaripov, Həmidulla Baltabayev, Adhambek Alimbekov, Marufjon Yoldaşov, filologiya elmləri doktoru Salima Rustamiy, dosent Cumali Şabanov və digərləri çıxış edərək Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən söhbət açıblar.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

