Təhlükəli olmasa da, ehtiyatlı davranmalıyıq
Yazın təravətli nəfəsi şəhərə yayılıb. Parklarda uşaqların səsi, ağacların çiçəklənməsi həyatın yeniləndiyini xatırladır. Amma elə bu canlanmanın içində görünməz bir təhlükə də dolaşır – çoxlarının “sadə uşaqlıq xəstəliyi” kimi qəbul etdiyi suçiçəyi. Halbuki bu xəstəlik təkcə uşaqların deyil, böyüklərin də qapısını döyə bilər və bəzən daha ağır nəticələrlə yadda qala bilər.
Son günlər Azərbaycanda suçiçəyi xəstəliyinin yayılması ilə bağlı narahatlıq yenidən gündəmə gəlib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən, payız-qış aylarında daha çox qeydə alınır. Hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir. Bildirilib ki, mərkəz tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır. Məlumatda yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.
Mövzu ilə bağlı mütəxəssis rəyini öyrəndik. Həkim-infeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, suçiçəyi – tibdə varisella kimi tanınan virus infeksiyasıdır və yüksək yoluxuculuğu ilə seçilir: “Xüsusilə uşaqlar arasında çox yayılan bir xəstəlikdir. Suçiçəyi xəstəliyi böyüklərdə az rast gəlinir, çünki xəstəlik çox yoluxucu və daimi immunitet yaratdığı üçün, adətən, uşaqlıq çağında hər kəs bu xəstəliyə yoluxur. Ona görə də böyüklər bu xəstəliyə az həssas olurlar. Belə ki, ya peyvənd olunmaqla, ya da bu xəstəliyi keçirməklə orqanizmdə daimi immunitet yaranır. Xəstəlik xüsusi tip herpes virusları tərəfindən törədilir və bütün bədən üzərində vezikulyar səpgilər olur. Yəni suluqlu, içərisində şəffaf maye olan səpgilərlə müşahidə olunur. Yüngül formalarda bədən temperaturu mülayim gedişli olur və səpgilərin sayı az olur. Xüsusilə ağır formalarda isə səpgilərin sayı daha çox olur və yüksək qızdırma ilə müşayiət olunur. Bu zaman gigiyena qaydalarına riayət edilməli, səpgilər qaşınmamalı və müalicə yalnız həkim nəzarəti ilə aparılmalıdır”.
Həkim-infeksionist onu da bildirdi ki, xəstəlik hava-damcı yolu ilə asanlıqla yayılır, xüsusilə kollektiv mühitlərdə – məktəblərdə, ofislərdə, ictimai yerlərdə sürətlə yayılma riski daşıyır. Odur ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün ilkin simptomlar görünən kimi təcrid tədbirləri görülməli, gigiyena qaydalarına ciddi əməl edilməlidir. Xəstə olan şəxslə qəti şəkildə təmasda olmaq olmaz. Əgər toplu yerlərdə bu suçiçəyi xəstəliyi varsa, həmin yerlərə getmək məsləhət deyil.
Bir çox ölkələrdə tətbiq olunan peyvənd suçiçəyinə qarşı effektiv müdafiə vasitəsi hesab edilir. Bu isə xüsusilə böyüklər – xəstəliyi keçirməmiş şəxslər üçün önəmli hesab olunur.
Mütəxəssis daha sonra qeyd etdi ki, suçiçəyi keçirən şəxslərdə daimi immunitet yarandığı üçün onlar bir daha bu xəstəliyə yoluxmurlar.
Sonda onu deyə bilərik ki, xəstəliklər bəzən səssiz gəlir, amma onların nəticəsi çox zaman səsli olur. Suçiçəyi də həmin səssiz təhlükələrdəndir. Hər yoluxma faktı diqqət tələb edir, hər gecikmiş tədbir isə riskləri artırır. Ona görə də bu gün atılan kiçik bir addım – diqqət, maarifləndirmə və məsuliyyət – sabah böyük problemlərin qarşısını ala bilər.
Nurəngiz ADİLQIZI
XQ


