Uzunmüddətli sabitliyin isə etibarlı razılaşmalara ehtiyacı var
Yaxın Şərqdə uzun müddət davam edən qarşıdurmanın fonunda, nəhayət, nisbi sakitlik yaradan mərhələ başlayıb. ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşmasını qəbul edib. Sözügedən razılaşma İranın Hörmüz boğazından təhlükəsiz keçidi təmin etməsi və hücumları dayandırması ilə əlaqələndirilir. Müzakirələrin əsas vasitəçilərindən biri Pakistan olub və tərəflər danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər. Ağ Evin mətbuat katibi Kerolayn Livitt hələ razılaşmadan öncə bildirmişdi ki, Ağ Ev sahibi Pakistanın təklifindən xəbərdardır və cavab veriləcək. O, həmçinin Tehranla aparılan təmasların irəlilədiyini, amma İranın ictimai bəyanatları ilə Vaşinqtona qapalı şəkildə bildirdikləri şərtlər arasında fərq olduğunu vurğulamışdı.
Donald Tramp isə razılaşmanı açıq şəkildə “siyasi qələbə” kimi təqdim edib. O, atəşkəsdən sonra ABŞ-ın məqsədlərinin “tam və qəti qələbə” ilə nəticələndiyini söyləyib, İranın təqdim etdiyi 10 maddəlik təklifi isə sonrakı danışıqlar üçün işlək baza adlandırıb. ABŞ lideri özünün əvvəlki sərt ritorikasından geri çəkilərək razılaşmanı strateji dönüş nöqtəsi kimi dəyərləndirib. Amma sözsüz ki, Vaşinqtonun qələbə ritorikasının arxasında daxili siyasi hesab da dayanır. Çünki məhz atəşkəs ABŞ bazarlarında müsbət reaksiya yaradıb, neftin qiymətini aşağı salıb. Bu baxımdan, Trampın “qələbə” mesajları həm seçici auditoriyasına, həm də enerji bazarlarına verilən siyasi mesaj kimi oxunur.
İran isə razılaşmanı daha fərqli tonda təqdim edir. Tehran atəşkəsi əsasən Hörmüz boğazı üzərindən təhlükəsiz keçid şərti ilə qəbul edib. ABŞ və İran nümayəndələrinin daha sonra İslamabadda görüşməsi planlaşdırılır. Rəsmi Tehran bu mərhələni yekun sülh deyil, əməliyyatların dayandırıldığı müvəqqəti pəncərə kimi görür, yəni məqsəd daha geniş razılaşma üçün zaman qazanmaqdır. Razılaşmanın ən həssas nöqtəsi Hörmüz boğazıdır. Enerji və bazar hesabatlarında bu marşrutun qlobal neft və qaz axınının təxminən beşdəbirini daşıdığı, atəşkəsin isə bu arteriyada təzyiqi azaldaraq bazarları sakitləşdirdiyi bildirilir. Neftin kəskin ucuzlaşması da göstərir ki, razılaşma enerji təhlükəsizliyi ilə bağlı qlobal siqnaldır. Məhz bu səbəbdən Yaxın Şərqdəki gərginlik artıq böyük güclərin enerji maraqlarının toqquşduğu sahəyə çevrilib. Neft və qaz marşrutlarının təhlükəsizliyi, dəniz daşımalarının açıq qalması və qiymət sabitliyi ABŞ, Asiya, Avropa və Körfəz ölkələri üçün eyni dərəcədə həyati əhəmiyyət daşıyır. Bu mənzərədə Hörmüz boğazı qlobal iqtisadi sistemin zəif nöqtəsi kimi görünür.
İsrail amili prosesin içində olsa da, razılaşmanın hüdudları burada tam aydın deyil. Təl-Əviv bir tərəfdən ABŞ-ın İran üzərinə hücumları dayandırmaq qərarını dəstəkləsə də, digər tərəfdən Netanyahu hökuməti açıq şəkildə bildirir ki, fasilə Livana şamil edilmir. Bu detal vacibdir, çünki regionda bir xətt üzrə əldə olunan sakitlik digər cəbhələrdə gərginliyin davam etməsi ilə pozula bilər. Ona görə də Livan məsələsi razılaşmanın ən mübahisəli hissələrindən biri olaraq qalır.
İraqdakı silahlı radikal qrupların mövqeyi də atəşkəsin fonunda diqqət çəkir. “İraq İslam Müqaviməti” kimi bəzi qruplar əməliyyatları dayandırmağa razılaşıb. Bu, tam tərk-silah və ya uzunmüddətli siyasi dönüş anlamına gəlməsə də, müvəqqəti də olsa, silahların kənara qoyulması və hücum ritminin azalması atəşkəsin praktik hissəsini gücləndirir. BMT-nin mövqeyi isə ənənəvi olaraq ehtiyatlıdır. Qurumun yaydığı bəyanatın məzmunu göstərir ki, Baş katib Antonio Quterreş hər zaman tərəfləri dərhal gərginliyi azaltmağa, mübahisələri dialoq yolu ilə həll etməyə çağırıb. Onun mövqeyi indi də sülhün elanından çox, atəşkəsin pozulmamasına yönəlib. Yəni təşkilat razılaşmanın qorunmasını daha vacib hesab edir.
Atəşkəsin davamlılığı ilə bağlı narahatlıqlar mövcuddur ki, bu da təəccüb doğurmamalıdır. Sözügedən məqamda “bütün dünyanın səbirlə gözlədiyi sülh” ifadəsini işlətmək faktiki baxımdan hələ erkəndir. Çünki razılaşma daha çox etimad yaratmaq üçün iki həftəlik sınaq fasiləsidir. Hətta atəşkəs elanından sonra belə, İranın və İsrailin bəzi istiqamətlərdə havadan zərbələri davam etdirdiyi, yəni təhlükəsizliyin tam sabitləşmədiyi bildirilir. Bu da onu göstərir ki, razılaşma diplomatik uğur olmaqla yanaşı, həm də kövrəkdir. Xarici analitiklər qeyd edirlər ki, uzunmüddətli sabitliyin əldə olunması üçün daha geniş siyasi çərçivə lazımdır. İranın nüvə proqramı, raket imkanları, regiondakı tərəfdaşları və ABŞ sanksiyaları kimi mövzular hələ masadadır və bunlar həll olunmadan atəşkəs yalnız müvəqqəti xarakter daşıyacaq.
Digər tərəfdən, prosesdə kənar dəstəkləyicilərin rolu danılmazdır. Çünki bundan öncə ABŞ və İsrail növbəti böyük hərbi eskalasiyaya hazırlaşırdı. Qoşunlar hazır vəziyyətə gətirilir, müttəfiqlər isə İrandan sərt cavab gözləyirdilər. Danışıqlar gərgin və xaotik şəraitdə aparılır, Amerikanın təklifləri kəskin tənqid edilir, sənədlər bir neçə dəfə yenidən işlənir, vasitəçilər isə tərəflərin mövqelərini uzlaşdırmağa çalışırdılar. Elə atəşkəs razılığının əldə olunmasında Pakistan, Misir və Türkiyədən olan diplomatlar bu prosesdə mühüm rol oynayıblar. Amma Pakistanın vasitəçi kimi ön plana çıxması, Çin və digər regional aktorların diplomatik çağırışlar səsləndirməsi, eləcə də bəzi Körfəz ölkələrinin Hörmüzdə təhlükəsizliyə dair təşvişinin artması göstərir ki, qarşıdurmanın taleyi təkcə Tehran, Vaşinqton və Təl-Əvivdən asılı deyil. Böyük güclər bir tərəfdən münaqişəni cilovlamağa, digər tərəfdən öz enerji və təhlükəsizlik maraqlarını qorumağa çalışırlar. Bundan əlavə, ABŞ İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazır olduğunu da gizlətmir.
Əlqərəz, prosesdəki “əmma”lar nəzərə alındıqda, Trampın qələbə çağırışları, Tehranla ehtiyatlı dialoq, İsrailin natamam razılığı, İraqdakı radikal qrupların əməliyyatları azaltması və BMT-nin gərginliyin nəzarətdə saxlanmasına yönəlmiş mövqeyi birlikdə təhlil edildikdə belə nəticə alınır ki, region hələ sülhə çatmasa da, bu yola aparan cığır artıq açılıb. Amma həlledici məsələ yenə eyni qalır. Maraqlıdır, enerji marşrutları, nüvə proqramı və regional təsir uğrunda rəqabət atəşkəsi davamlı sülhə çevirə biləcəkmi? Bunu, çox güman yaxın günlərdə görəcəyik.
Nəzrin ELDARQIZI
XQ

