Beyləqan Mil düzünün gözüdür

post-img

Beyləqan rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən abadlıq-quruculuq işləri gündən-günə sürətlənir. Ətraf mühitin qorunması, şəhərin estetik görkəminin daha da zənginləşdirilməsi və sakinlər üçün rahat, sağlam yaşayış mühitinin formalaşdırılması məqsədilə görülən tədbirlər rayonun simasına əlavə yaraşıq gətirir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində şəhərin prospekt və küçələri abadlaşdırılıb, yol kənarlarında bordürlər yenilənib, köhnəlmiş hissələr bərpa olunub, ətraf ərazilərdə səliqə-sahman yaradılıb. Şəhərin yaşıllaşdırılmasına da xüsusi diqqət göstərilib, müxtəlif növ ağac və bəzək kolları əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.

İlin əvvəlindən Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən aparılan aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində şəhərin küçə və prospektlərində bir sıra asfaltlanma işləri də icra olunub. Belə ki, şəhərin Sərdar İmrəliyev küçəsində yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının ətrafında, həmçinin Heydər Əliyev prospekti və Akif Əkbərov küçələrinin kəsişməsində yeni asfalt örtüyü döşənib. Görülən işlər nəticəsində ərazidə nəqliyyatın hərəkəti və sakinlərin rahat gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.

Rayon ərazisində abadlıq-quruculuq işləri tədbirlər proqramına uyğun olaraq davam etdirilir. Mərhələli şəkildə həyata keçirilən bütün bu yeniliklər sakinlər tərəfindən razılıqla qarşılanır.

Bütün bu dəyişikliklər Beyləqanın daha baxımlı, daha cəlbedici və ekoloji baxımdan sağlam bir məkana çevirir. Abadlaşdırılan küçə və məhəllələr, ictimai məkanlar sakinlərin gündəlik həyatına rahatlıq və xoş ovqat bəxş edir. Tam mübaliğəsiz demək olar ki, Beyləqanda görülən hər bir iş təkcə bugünün deyil, həm də gələcəyin qayğısını özündə əks etdirir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



Sosial həyat