Yaxın Şərqdə “atəşkəs nəfəsliyi”

post-img

Yaxud görünən və görünməyən siyasi gedişlər

Yaxın Şərq yenidən geosiyasi paradoksun mərkəzindədir: müharibə qlobaldır, amma sülh həmişə regional aktorların əlində formalaşır. ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan olunmasından sonra BMT sözçüsü Stefan Düjarrikin açıqlamasında bir detal diqqətdən yayınmır: Pakistan və “digər vasitəçilərə” təşəkkür.

Bəs “digər vasitəçilər” kimdir və niyə adlar açıq çəkilmir? Daha vacibi – bu diplomatik konstruksiyada Türkiyənin real rolu nədən ibarətdir? ABŞ və İran kimi iki əsas geosiyasi aktor razılaşmadan Yaxın Şərqdə hər hansı atəşkəsin əldə olunması mümkün deyil. Təbii ki, bu amil beynəlxalq münasibətlərdə güc iyerarxiyasının klassik təzahürüdür: qərarı böyük güclər verir, çünki hərbi, iqtisadi və siyasi resurslar onların əlində cəmlənib.

Analitik baxış isə prosesi daha çox “çoxsəviyyəli diplomatiya” kimi izah edir. Çünki Yaxın Şərqdə münaqişələr artıq uzun müddətdir ki, dolayı kanallar vasitəsilə idarə olunur. Bu zaman sual yaranır: əgər tərəflər bir-biri ilə birbaşa danışmırsa, razılaşma necə mümkün olur? Cavab məhz üçüncü tərəflərin rolunda gizlənir.

Yaxın Şərqdə son illər formalaşan diplomatik reallıq ondan ibarətdir ki, vasitəçilər prosesin strukturunu formalaşdırır, tərəflər arasında psixoloji baryerləri yumşaldır və ən vacibi – etimad boşluğunu doldururlar. Pakistanın adının BMT səviyyəsində çəkilməsi bu kontekstdə xüsusi diqqət tələb edir. Çünki Pakistan çoxqatlı diplomatik əlaqələr vasitəsilə bu prosesdə yer alır. Bir tərəfdən İslam dünyasında legitimliyə malikdir, digər tərəfdən isə Qərb strukturları ilə tam qapalı olmayan kommunikasiya xəttini qoruyur. Amma proses bununla bitmir. Burada daha dərin koordinasiya, daha geniş siyasi çərçivə və davamlı diplomatik müşayiət tələb olunur. Məhz bu nöqtədə regional güclərin ikinci təbəqəsi – daha sistemli və institusional təsir imkanlarına malik aktorlar ön plana çıxır. Onlar həm coğrafi yaxınlıq, həm siyasi çeviklik, həm də tərəflərlə paralel əlaqələr qurmaq qabiliyyəti sayəsində bu prosesin “görünməyən memarları”na çevrilirlər. Elə bu mənada atəşkəs nə tam şəkildə böyük güclərin diktəsi, nə də yalnız regional aktorların təşəbbüsüdür.

Türkiyənin bu prosesdə rolu nədir?

Ankaranın Yaxın Şərq siyasətində keçdiyi transformasiya strateji sıçrayış kimi qiymətləndirilə bilər. “Çoxvektorlu diplomatiya” bu gün Türkiyənin geosiyasi kimliyinin əsas sütununa çevrilib. Belə bir model Türkiyəyə eyni anda bir-biri ilə ziddiyyət təşkil edən siyasi məkanlarda fəaliyyət göstərmək və bu ziddiyyətləri idarə etmək imkanı verir. Ənənəvi vasitəçi tərəflər arasında körpü rolunu oynayır, amma körpünün harada qurulacağını və hansı istiqamətə aparacağını müəyyən etmir. Türkiyə isə prosesin arxitekturasını formalaşdırmağa çalışan aktor kimi çıxış edir. Türkiyəni digərlərindən fərqləndirən cəhət isə onun çoxqatlı güc kombinasiyasıdır. Türkiyə NATO üzvü kimi Qərb təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir və Vaşinqtonla birbaşa siyasi və hərbi koordinasiya imkanları var. Lakin Ankara bu əlaqəni asılılıq formatına çevirmədən, onu alət kimi istifadə edir. Son illər S-400 böhranı, müstəqil müdafiə sənayesinin inkişafı və regional təşəbbüslər göstərdi ki, Türkiyə Qərb daxilində olsa da, qərarlarını müstəqil formalaşdırmaq niyyətindədir. Eyni zamanda, Türkiyənin İranla münasibətləri xüsusi diqqət tələb edir. Ankara burada qütbləşmə siyasətindən qaçaraq “kontrollu rəqabət” modelini tətbiq edir. Modelin mahiyyəti ondan ibarətdir ki, tərəflər müəyyən sahələrdə rəqib, digər sahələrdə isə tərəfdaş kimi çıxış edir. Enerji asılılığı, sərhəd təhlükəsizliyi və regional sabitlik məsələləri əməkdaşlığı zəruri edir, lakin Suriya və İraqda təsir uğrunda mübarizə rəqabəti qaçılmaz edir. Mövcud ikili dinamika Türkiyəyə İran üçün həm etibarlı, həm də ehtiyatla yanaşılan aktor statusu qazandırır.

Ərəb dünyası ilə münasibətlərin normallaşdırılması isə Ankaranın geosiyasi manevr imkanlarını genişləndirən əsas faktorlardan biridir. Bir müddət davam edən gərginlikdən sonra Misir, Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələrin bərpası Türkiyəni regionda yenidən legitim aktora çevirib. Legitimlik olmadan isə vasitəçilik mümkün deyil.

BMT kimi qlobal institutlar xüsusilə həssas geosiyasi balansların mövcud olduğu situasiyalarda maksimal dərəcədə neytral və inklüziv dil seçməyə çalışırlar. ABŞ–İran kimi mürəkkəb və qarşılıqlı etimadın aşağı olduğu münasibətlər fonunda konkret vasitəçinin adını önə çıxarmaq bəzən prosesin özünə risk yarada bilər. Çünki hər iki tərəfin fərqli həssaslıqları var və bu həssaslıqlar bəzən simvolik detallardan – məsələn, kimin adının çəkilməsindən – asılı olaraq aktivləşə bilər. “Digər vasitəçilər” ifadəsi də siyasi analitik baxışda “diplomatik kod” kimi oxunur. Məhz bu kontekstdə Türkiyənin həmin “kodun içində” yer alması kifayət qədər məntiqli görünür. Çünki Ankara son illər vasitəçilikdə nəticə yaradan aktor kimi çıxış edib. Rusiya–Ukrayna müharibəsi zamanı Türkiyənin oynadığı rol bunun bariz nümunəsi kimi çıxış edir. Ankara tərəflər arasında konkret nəticələr istehsal edən diplomatik platforma formalaşdırdı. Bunun konkret nümunəsi 2022-ci ilin mart ayında İstanbul və Antalya platformalarında keçirilən danışıqlardır. Müharibənin ilk aylarında tərəflərin bir masa arxasında əyləşməsi belə çətin görünərkən, Türkiyə həm Rusiya, həm də Ukrayna nümayəndə heyətlərini eyni məkanda toplamağa nail oldu.

Mürəkkəbliyin açdığı pəncərə

Aydındır ki, Yaxın Şərqdə vəziyyət bir qədər mürəkkəbdir. Burada dövlətlərlə yanaşı, qeyri-dövlət aktorları, ideoloji qarşıdurmalar, məzhəb faktorları və paralel təsir şəbəkələri mövcuddur. Bütün bunlar Türkiyənin rolunu həm çətinləşdirir, həm də genişləndir. Çətinləşdirir, ona görə ki, Ankara dolayı şəkildə müxtəlif silahlı qruplar, siyasi hərəkatlar və regional təsir mərkəzləri ilə də hesablaşmaq məcburiyyətindədir. Eyni zamanda, genişləndirir, çünki məhz bu mürəkkəblik çevik aktorlar üçün yeni imkan pəncərələri açır.

Əslində, Ankara eyni modeli bir neçə səbəbə görə bu qədər mürəkkəb mühitdə də tətbiq edə bilər. Birincisi, Türkiyə diplomatiyanı paralel xətlər üzrə qurur. Yəni rəsmi dövlətlərarası danışıqlarla yanaşı, qeyri-rəsmi və dolayı təmasları da aktiv saxlayır. İkincisi, Ankara fərqli aktorlarla fərqli dillərdə danışmaq qabiliyyətinə malikdir. Qərblə hüquq və təhlükəsizlik terminologiyası ilə danışan Türkiyə, region daxilində daha çox tarixi, mədəni və dini kontekstləri nəzərə alan diskursdan istifadə edir. Üçüncüsü, Türkiyə sərt və yumşaq güc elementlərini sinxron şəkildə tətbiq edir. Diplomatik təşəbbüslər hərbi və təhlükəsizlik reallıqları ilə dəstəklənir. Dördüncüsü isə Ankaranın “modul diplomatiya” yanaşmasıdır. Yəni hər münaqişəyə eyni model tətbiq edilmir, hər vəziyyət üçün ayrıca kombinasiya formalaşdırılır. Bir yerdə vasitəçilik ön planda olur, başqa bir yerdə təhlükəsizlik təminatı, digər hallarda isə iqtisadi və humanitar alətlər işə düşür.

Həmçinin, Türkiyənin əsas üstünlüyü etimad istehsal etmək qabiliyyətindədir. Yaxın Şərq kimi yüksək riskli mühitdə tərəflər niyyətə inanmaq istəyirlər. Ankara məhz bu iki elementi – güc və etibarlılığı - paralel şəkildə təqdim edə bilir.

Sonda onu da qeyd edək ki, Yaxın Şərqdə formalaşan atəşkəs göstərir ki, bəzən ən böyük təsir məhz adı çəkilməyən aktorlara məxsus olur. Türkiyə də getdikcə daha çox bu kateqoriyaya daxil olur: görünəndən daha çox təsir edən güc kimi. Yaxın Şərqdə sülh paralel diplomatiyanın, pərdəarxası danışıqların və çoxsəviyyəli vasitəçiliyin nəticəsində formalaşır. Görünən razılaşmaların arxasında görünməyən proseslər dayanır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət