Ceyhun Mirzəyev – 80
Bu gün unudulmaz kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin 80 yaşı tamam olur. Qədirbilən xalqımız istedadlı sənətkarın yubileyini dərin hörmət, sənətinə böyük sevgi ilə qeyd edir.
Bir ömrün uzunluğu illərlə deyil, onun necə yaşanması ilə ölçülür. Ceyhun Mirzəyev də 46 illik həyatının 35 ilini sənətə həsr etdi.
Kino isə elə bir sənət növüdür ki, burada aktyor yaratdığı obrazın taleyini yaşayır, illər keçsə də, unudulmur. Belə sənətkarlardan olan Ceyhun Mirzəyevin kino ilə ilk tanışlığı uşaq yaşlarına təsadüf edir. 1946-cı il aprelin 9-da Ağdamın Gülablı kəndində dünyaya göz açmış, uşaq ikən ailəsi ilə Bakıya köçmüş soydaşımız 11 yaşında kamera qarşısına keçərək “Görüş” filmindəki ilk rolu ilə rejissorların diqqətini çəkir. Bir il sonra isə “Ögey ana” filminin çəkilişləri başlayır. Burada Nəsibə Zeynalova, Nəcibə Məlikova kimi görkəmli sənətkarlarla eyni sənət meydanını bölüşür. Bəlkə o zaman heç düşünmürdü ki, bu qismət bütün həyat yolunu müəyyən edəcək.
İsmayıl obrazı bir uşağın qəlbindəki incəliyin, sevgiyə olan ehtiyacın və həyatın sərt üzünə qarşı durmağın təcəssümü idi. Ceyhun bu obrazı elə canlandırdı ki, tamaşaçı İsmayılı sevdi, onunla ağladı, onunla güldü. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda aktyorluq sənətinə yiyələnərək kino sənətini həyatının ayrılmaz parçasına çevirdi.
Zaman keçdikcə rejissor assistenti, kinorejissor kimi fəaliyyət göstərdi, müxtəlif filmlərdə yaratdığı obrazlarla öz sözünü dedi, tamaşaçı yaddaşında silinməz iz qoydu. “Bakıda küləklər əsir”, “Cazibə qüvvəsi”, “Dəli Kür”, “Yenilməz batalyon”, “İşarəni dənizdən gözləyin”, “Ən vacib müsahibə” filmlərindəki rollarla sənət yolunun müxtəlif çalarlarını göstərdi.
Sənət yolunun zirvəsi isə “Fəryad” filmi oldu. Ürəkləri sızladan, yaddaşlarda dərin iz buraxan bu filmi, demək olar ki, hər birimiz ən azı bir dəfə izləmişik, amma çoxumuz üçün o, dönə-dönə baxılan, hər dəfə başqa cür hiss etdirən ekran əsəridir. Bu filmdə oynamaq da, izləmək də onu yaşamaqdır. Qarabağ müharibəsinin ağrı-acısını, insan talelərinin məhv edilməsini, əsirlikdə yaşanan dəhşətləri bu qədər sarsıdıcı şəkildə çatdırmaq hər aktyorun bacara biləcəyi iş deyil. Ceyhun Mirzəyevin canlandırdığı yaralı Azərbaycan əsgəri obrazı isə bir xalqın çəkdiyi iztirabın canlı təcəssümüdür.
Filmdəki susqunluğunda elə bir fəryad var ki, əsir düşmüş, işgəncələrə məruz qalan insanın iç dünyasını bu qədər təbii, sarsıdıcı canlandırmaq üçün xüsusi istedad lazımdır. Filmdə uğurlu aktyor heyəti, rejissor baxışı ilə yaşananların acı tərəfləri göstərilir. Xüsusilə düşmənin insanlığa sığmayan vəhşiliyinin açıq şəkildə təqdim olunması filmi daha təsirli edir. Amma bütün bu mənzərənin mərkəzində zülmə boyun əyməyən, ağrıya rəğmən sınmayan Azərbaycan əsgəri obrazı dayanır. Tamaşaçı bu obrazda iradəni, dözümü, Vətən sevgisini görür.
Filmin çəkilişləri zamanı Ceyhun Mirzəyev tez-tez ürək ağrılarından şikayət etsə də, çəkilişləri dayandırmır. Həyat yoldaşı Lidiya Mirzəyeva müsahibələrində bildirir ki, Ceyhun evə qayıdanda sanki film çəkilişindən yox, döyüş meydanından gəlirdi.
Ceyhun Mirzəyevin çəkiliş boyu yaşadıqları doğulduğu doğma Gülablının itkisinə, Xocalı faciəsinin ağrısına, Qarabağ müharibəsinin insan talelərində açdığı yaralara qarşı içindən qopan fəryaddır. Bəstəkar Cavanşir Quliyev xatirələrində yazır ki, Ceyhun səhnələrin daha real alınması üçün özünü, həqiqətən, döydürürdü. Kaskadyor təklif olunanda belə razılaşmırdı. Dəfələrlə təkrarlanan kadrlar, bədənində qalan izlər, göyərmiş yerlər onun sənətə verdiyi dəyər idi.
Hətta aktyorun təhlükə ilə üz-üzə qaldığı anlar da olur. Sənət dostları deyir ki, çəkilişlərin birində qaçarkən gözlənilmədən qarşısına çəkilmiş nazik məftil onun həyatını az qala yarımçıq qoyacaqdı. Son anda əli ilə məftili qaldıraraq keçmiş, amma ovcunun içi kəsilmişdi. Bütün bunlara rəğmən filmin çəkilişlərini tamamlamışdı.
Amma ürəyi bu qədər ağrını daşıya bilmədi...
Yoldaşları deyirlər ki, filmin montaj prosesi gedərkən sanki nəyəsə çatmaq, nəyisə bitirmək istəyirdi. Bir gün həyat yoldaşına və qızına 8 Mart üçün hədiyyə almağa gedir. Həmin gün o, haqqında hazırlanan verilişin montajına baxmaq üçün kinostudiyadan çıxıb Azərbaycan Televiziyasına yollanır. Orada halı pisləşir. Jurnalist Hicran Hüseynov onu tez evinə çatdırır. Evdə son dəfə qızı Cəmiləni yanına çağırır, onun üzünə baxır... 5 mart 1993-cü ildə, 46 yaşında gözlərini yumur.
İllər keçsə də, Ceyhun Mirzəyevin canlandırdığı obrazlar zamanın çərçivəsinə sığmayan hisslərin, yaşantıların daşıyıcısı olaraq qalır. Bu isə bir sənətkar üçün ən böyük uğurdur. Məhz buna görə də məşhur amerikalı aktyor Marlon Brandonun bu sözləri, sanki, onun taleyinə yazılıb: “Aktyor səhnəni tərk edə bilər, amma yaratdığı obrazlar heç vaxt tamaşaçının yaddaşını tərk etmir”.
Sevimli sənətkarımız milli kinomuzda “Ögey ana”dan “Fəryad”a yeni bir İsmayıl dastanı yaratdı.
Ləman TƏHMƏZ
XQ


