Serbiyaya qaz ixracının müddəti uzadılıb

post-img

İndiyədək bu ölkəyə 444 milyon kubmetr mavi yanacaq nəql edilib

Aprelin 8-də Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq əməkdaşlığın möhkəm hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, imzalanmış çoxsaylı sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir 2023-cü ildən etibarən Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.

Serbiya Respublikasının mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, 2026-cı ilin fevral ayında imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də yaşıl enerji və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan və Serbiya arasında qaz təchizatı və enerji sahəsində əməkdaşlığa dair müqavilələr 2023-cü il noyabrın 15-də Belqradda imzalanıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında əldə olunmuş razılaşmalara əsasən, 2024-2026-cı illərdə ölkəmizdən Serbiyaya 2027-ci ildən tədarük həcminin artırılması imkanı ilə ildə 400 milyon kubmetrədək qaz tədarükünə dair razılıq əldə olunub. Bu addım, həm də iki ölkə arasında enerji əməkdaşlığının gücləndirilməsinə imkan yaradıb.

Azərbaycan qazının Serbiyaya ixracını həyata keçirməyə imkan yaradan infrastruktrur 2023-cü ildə istifadəyə verilib. Həmin il dekabrın 10-da bu ölkənin Niş şəhərində Serbiya–Bolqarıstan Qaz İnterkonnektorunun (birləşdirici kəmər) açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birləşdirici kəməri Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə kimi dəyərləndirərək bu infrastrukturun, eyni zamanda, Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirdiyini bildirib.

Ölkəmiz Serbiyaya təbii qaz ixracına isə 2024-cü ilin yanvarında başlayıb. Həmin il Serbiyaya 12 milyon 984 ABŞ dolları dəyərində 35 milyon 352 min kubmetr qaz tədarük edilib. Bununla da Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələnin əsası qoyulub. Eyni zamanda, Serbiya Azərbaycandan qaz alan 7-ci Avropa ölkəsi kimi tarixə düşüb. Ötən müddətdə bu ölkəyə 444 milyon kubmetr qaz ixrac olunub. Bütövlükdə isə, Azərbaycanın Serbiyaya qaz ixracı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu tədarüklərin yaxın illərdə daha da artırılması hədəflənir.

Yeri gəlmişkən, energetika nazirinin müavini Orxan Zeynalov bir qədər əvvəl Serbiyanın nüfuzlu “NIN” nəşrinə müsahibəsində bildirib ki, 2026-cı ildən Azərbaycan Serbiyaya qaz tədarükünü ildə 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Qərbi Balkanların ən böyük dövləti olan Serbiyanın Bakı tərəfindən regionun əsas qaz, energetika və elektrik enerjisi mərkəzi kimi nəzərdən keçirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, hazırda bu ölkənin 2,63 milyard kubmetr illik qaz istehlakının, təxminən, 2,2 milyard kubmetr idxal edilir. Onun sözlərinə görə, yeni layihə çərçivəsində Azərbaycan bu ölkənin daxili qaz bazarının 20 faizini tuta biləcək ki, bu da birbaşa tədarük mənbələrinin diversifikasiyasına–energetika təhlükəsizliyinin əsas elementlərindən birinə kömək edən son dərəcə mühüm addımdır.

Artıq dost və strateji tərəfdaşlar arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyevin bu il fevralın 15-də Serbiyaya səfəri zamanı bu ölkədə yeni elektrik stansiyasının tikintisi barədə qərar qəbul edilib. Bunun nəticəsi olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” imzalanıb.

Azərbaycan–Serbiya birgə layihəsi olan 500 meqavatlıq stansiyanın tikintisi 2 il çəkəcək və 2029-cu ilə qədər işə düşəcək. Stansiyanın tikintisinə Azərbaycan Dövlət neft Şirkəti nəzarət edəcək. Yeri gəlmişkən, Serbiyanın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsi Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə ilk böyük birgə layihəsi olacaq. Azərbaycan qazı ilə işləyəcək stansiyada hasil olunan enerji xaricə də ixrac ediləcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat